Dünyaİqtisadiyyat

Oliqarxsızlaşdırmanın nəticəsində yaranan boşluğu doldurmaq Tokayev üçün vacibdir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin açıqlaması onun bundan öncə yaydığı iqtisadiyyatda deoliqarxlaşdırma barədə bəyanatının davamıdır. İqtisadi Tədqiqatlar Mərkəzinin baş analitiki Qubad İbadoğlu cümə axşamı Nur-Sultanda Qazaxıstan liderinin biznes nümayəndələrilə görüşündəki çıxışını Turan agentliyinə şərh edərkən deyib.

«O, sağlam rəqabət və şəffaflıq sahəsində islahatlara getməyə məcburdur. Hesab edirəm ki, bu, ona həm də hakimiyyətdə qalmaq üçün lazımdır. Çünki hazırda onun hakimiyyətinə ən böyük təhlükə sovuşsa da, xalq hələ də baş verənlərdən tam razı deyil, onların sosial həyatını yaxşılaşdıracaq yeni addımlar gözləyir. Odur ki, Tokayev yeni iqtisadi siyasətin əsas prinsiplərinə biznesin vergi dürüstlüyü, sahibkarların sosial məsuliyyətini əlavə edib”, – ekspert deyib.

Qubadoğlu qeyd edib ki, əslində Qazaxıstanda rəqabət, iqtisadi azadlıq və şəffaflıq göstəriciləri bundan öncə də Azərbaycanla müqayisədə yaxşı olub. 2020-ci il üzrə beynəxalq reytinq hesabatlarında iqtisadi azadlığa görə Qazaxıstan Azərbaycanla müqayisədə 4 pillə, qlobal rəqabət indeksinə görə 23 pillə, korrupsiyaya görə 35 pillə, 2019-cu il büdcə açıqlığı indeksinə görə 44 pillə irəlidə olub.

“Bu, o deməkdir ki, Qazaxıstanda islahatlar üçün baza bizimlə müqayisədə daha yaxşıdır. Odur ki, indiki mürəkkəb şəraitdə xalqın etimadını qazanmaq üçün belə addımlar vacibdir”, – o deyib.

Analitikin fikrincə, digər tərəfdən, Qazaxıstanın xarici investorların marağını saxlamaq üçün də belə addımlara ehtiyacı var, xüsusilə də bu iqtisadiyyatın modernləşdirilməsi və innovasiyası üçün Çin kapitalını cəlb etmək lazımdır.

Hazırda Qazaxıstan neft hasilatının pik dövrünü yaşayır, ildə 100 milyon tona yaxın neft hasil edir, bazar qiymətlərinin yüksək olduğu indiki şəraitdə neft-qaz gəlirlərindən də yararlana bilir və əldə etdiyi resurs gəlirləri də islahatlar üçün yaxşı maliyyə təminatı yaradır.

“Odur ki, yeni iqtisadi siyasətin əsas hədəfi olan oliqarxsızlaşdırmanın yerində yaranan boşluğu doldurmaq, həm də ictimai etimadı qazanmaq üçün belə addımlar Tokayev kimi kövrək hakimiyyəti olan liderlər üçün çox vacibdir”, – Qubadoğlu deyib.

Bənzər yazılar

Back to top button