Hadisə

Ziya Kazımov işgəncə prosesində iştirak etməyib – 90 nəfər məhkəmədə ifadə verdi, bəraət istənildi

Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin icraatında “Tərtər işi” üzrə ittiham olunan 5 nəfər – general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

“Unikal” xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Ziya Kazımovun da adı əsassız olaraq hallanan işlə bağlı aparılan məhkəmə istintaqı gedir.

Məlumat üçün bildirək ki, Z.Kazımov böhtan atılaraq günahsız istintaqa cəlb olunub, həbs edilmişdi. Bu günə kimi aparılan istintaq zamanı verilən ifadələr, ortaya qoyulan faktlar sübut edir ki, Z.Kazımovun “Tərtər işi” adlanan prosesdə heç bir iştirakı olmayıb və ona irəli sürülən ittihamlar tamamilə əsassızdır.

Onu da qeyd edək ki, bir müddət öncə Z.Kazımovun ailəsi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışdı. Müraciətdə bildirilirdi ki, polkovnik-leytenant Kazımova böhtan atılaraq həbs olunub. Ona qarşı irəli sürülən ittihamların heç bir əsası olmadan həbsdə saxlanılır. Müraciətdən sonra onun keçdiyi döyüş yolu, yüksək peşəkar xidməti və təqsirsizliyi nəzərə alınaraq azadlığa buraxılmışdı. Belə ki, 2021-ci il 24 fevral tarixində Z.Kazımovun işi ilə bağlı Bakı Hərbi Məhkəməsində proses keçirilib, barəsində seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi. Bundan sonra polkovnik-leytenant Kazımov xidmətə qayıdıb və hazırda da öz işini davam etdirir.

Məhkəmə prosesi barədə “Unikal”a açıqlama verən Z.Kazımovun vəkili Bəhruz Bayramov qeyd edib ki, ümumilikdə 90 nəfərdən çox şahid ifadə verərək müvəkkilinin təqsirsiz olduğunu bildiriblər: “62 zərərçəkmişdən 61-i dindirilib, 31 nəfər şahidin hamısı ifadə verib. Bütün ifadə verənlər Ziya Kazımovun işgəncə və yaxud digər qanunsuz proseslərdə iştirak etmədiyini bildiriblər. 8 nəfər ifadəsində bildirib ki, işgəncə nəticəsində həlak olan Adil Sabirlinin ölümü ilə bağlı Ziya Kazımovun hər hansı təqsiri yoxdur. Ümumiyyətlə, o, bu prosesdə iştirakçı olmayıb. Təqsirləndirilənlərdən olan korpus rəhbərliyindən biri ifadə verdi və bildirdi ki, Ziya Kazımova orada dindirmə yeri üçün bir otaq təşkil etsin. O da verilən əmrə uyğun olaraq elə bir otaq təşkil edib. Yəni, bütün sübutlar və ifadələr onu göstərir ki, Ziya Kazımov bu işdə təqsirsizdir. Buna əsasən də Ziya Kazımova bəraət verilməsini tələb edirik”.

Bənzər yazılar

Back to top button