Siyasət

Eldar Həsənov hakimiyyətə gəlmək hazırlıqları içindəmi olub – Sensasion iddialar

Hazırda həbsdə olan Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun barəsində tutulduğu gündən başlayaraq media və sosial şəbəkələrdə ciddi müzakirələr aparılır. Onun bu şəkildə cəzalandırılmasının səbəbləri haqda ən müxtəlif versiyalar incələnir.

Eldar Həsənovu tanıyanlar bilir ki, ciddi və böyük siyasi iddiaları olan adamdır. Hələ baş prokuror işlədiyi dövrdə təmsil olunduğu komandanın maraqlarından kənar addımları, əlaqələri çoxlarına bəllidir. Deyilənə görə, Eldar Həsənovun səfir göndərilməsinin, diplomatik sahəyə yönləndirilməsinin əsas səbəblərindən biri də onun siyasi iddialarının qarşısının alınması ilə bağlı olub.

Ekspertlərin və E.Həsənovu yaxından tanıyan siyasətçilərin fikrincə, onun siyasi hərisliyi, yersiz iddiaları, nə olur-olsun, iqtidarda daha yüksək məqamda təmsil olunma ehtirası olduqca yüksəkdir və zaman-zaman bu siyasi ehtiras özünü açıq şəkildə büruzə verib. O, bunu müəyyən manevrlərlə gizlətməyə çalışsa da, cidanı çuvalda çox saxlaya bilməyib.

Eldar Həsənov iddialarını həyata keçirmək üçün illərdir ki, alt yapı hazırlıqları içindədir; klan yaradıb, ölkədaxili və xarici gizli əlaqələr qurub, özünə bağlı media qurumları təsis edib, sosial şəbəkələrdə troll dəstələri formalaşdırıb və sair. Bununla da Azərbaycanda siyasi proseslərə təsir edib. Onun xaricdəki söyüş mediası ilə və mühacir siyasətçilərlə sıx əlaqələrinin olduğu iddiaları da gözardı edilmir.

Deyilənlərə inansaq, Eldar Həsənov Azərbaycanda qarşılıq fonunda iqtidara gəlməkdə maraqlı olub. Nə yazıq ki, indi bir çox siyasi qüvvələr – istər Eldar Həsənov kimi fiqurlar, istərsə də klassik müxalifətin bəzi komponentləri ölkəmizdə qarışıqlıq yaranmasında çox maraqlıdırlar. Bu yolla iqtidara gəlib, Azərbaycanı ələ keçirməyi düşünürlər. Amma yanılırlar ki, Azərbaycanda maraqları olan böyük güclərin onları kukla kimi oynadıb, sonradan siyasi və bioloji həyatdan silmək kimi qorxunc planları olmamış deyil. Belə acı təcrübə ayrı-ayrı ölkələrdə o qədər uzaq olmayan tarixdə çox yaşanıb.

Eldar Həsənov zaman-zaman Rusiyanın adamı kimi də qələmə verilib. Onun Moskvaya sığınmış sabiq azərbaycanlı məmurlarla gizli-aşkar kontaktlarının olduğu haqda indiyədək çox yazılıb, deyilib. E.Həsənovun baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovla və digərləri ilə iş birliyi içində olması da vaxtaşırı gündəmə gətirilir. Düzdür, Eldar Həsənovun özü müsahibələrində “bəli, mən o adamlarla əlaqəliyəm”, “hə, mən Azərbaycanda hakimiyyətə iddialıyam” kimi sadəlövh etiraflarda bulunmayıb. Bunu onun kimi siyasətçinin dilindən eşitmək mümkün deyil.

Bəs Eldar Həsənovun təcridi Azərbaycan üçün qorxunc sayılan ssenarinin dayanması anlamına gəlirmi? Bu cür adamların həbsi onların ölkəyə və millətə yönəlik təxribatçı və məkrli planlarının tam aradan qalxması deməkdirmi?

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a deyib ki, Rusiya ən müxtəlif yollarla, vasitələrlə Azərbaycanda mövqeyini kəskin və öz maraqlarına uyğun olaraq qurmağa çalışır:

“Ümumiyyətlə məqsəd Azərbaycana təsiri gücləndirmək, ölkəmizi Ermənistan kimi özünün forpostuna çevirməkdir. Uzun illərdir ki, Rusiya bunu etməyə çalışır. Boris Yeltsin hakimiyyəti dövründə buna cəhdlər edildi. Əbülfəz Elçibəyin prezident olduğu dövrdə Ermənistanı müxtəlif şəkildə silahlandıraraq, təlimatlandıraraq, hərtərəfli yardım göstərərək Azərbaycan torpaqlarının işğalına yönəltdi. Həmin dövrdə Azərbaycanda özünə uyğun olan bir insanı hakimiyyətə gətirmək planı vardı. 4 iyun qiyamında da Rusiyanın izi danılmazdır. Məqsəd Əbülfəz Elçibəy hakimiyyətini devirib, Rusiyaya bağlı olan, Rusiyanın maraqlarına xidmət edən kəsi hakimiyyətə gətirmək idi. Həmin dövrdə bu missiyanı Surət Hüseynov həyata keçirməyə çalışdı”.

Fəzail Ağamalı deyir ki, həmin dövrdə bu plan baş tutmayıb: “Azərbaycan o dövrdə müstəqillik yolunda Heydər Əliyevin timsalında ciddi addımlar atmağa başladı. Heydər Əliyev Rusiyanın planlarını alt-üst elədi. Azərbaycan heç bir dövlətin təsiri altına düşən, forpostuna çevrilən bir ölkə olmasına imkan verilmədi. Balanslaşdırılan siyasət onun qurmuş olduğu yol xəritəsinə uyğun olaraq davam etdi və bu gün də davam edir. Bu gün də Rusiya ilə bərabər hüquqlu mehriban qonşuluq siyasətinə uyğun əməkdaşlıq gedir. Lakin son vaxtlar yenə də Kreml keçmiş sovet respublikalarından əl çəkmək niyyətində olmadığını bir daha ortaya qoyan addımlar atır. Ukraynada, ondan əvvəl Gürcüstanda, hazırda Belarusda baş verənlərdə Rusiya faktoru əsasdır. Gürcüstan Osetiya, Abxaziya kimi ərazilərini itirib. Rusiya tankları Kutaisiyə qədər irəliləmişdi, faktiki olaraq Gürcüstanın müstəqilliyi təhdid altına alınmışdı. Bu gün Belarusda Qərblə Rusiya arasında ciddi mübarizə davam edir. Rusiya çalışır ki, Belarusda maraqlarını təmin edən hakimiyyət olsun. Azərbaycanla da əlaqəli belə plan var. Ən müxtəlif adamlar vasitəsi ilə Rusiya çalışır ki, Azərbaycanda öz neoimperialist, neomüstəmləkəçi niyyətlərinə nail olsun. 2013-cü ildə yaradılan “Milyarderlər İttifaqı” bu məqsədə xidmət edirdi. Bu cür gedişlərin qarşısı alındı. İlham Əliyev prezident kimi proseslərin fövqündə durmağı bacarır və ən ekstremal vəziyyətdən çıxmağın yollarını axtarıb tapan və o vəziyyətlərdən çıxmağı bacaran dövlət xadimidir. Bu günə qədər də o proseslər Rusiya tərəfindən aparılır. Eldar Həsənovla bağlı konkret rəsmi məlumat yoxdur, ən müxtəlif versiyalar var. İstintaqın gedişatını gözləməliyik ki, deyilənlərin nə dərəcədə doğru olub-olmadığını aydınlaşdıraq”.

Fəzail Ağamalı deyir ki, o da Eldar Həsənovla bağlı müxtəlif fikirlər eşidib: “Təqribən 2-3 ay əvvəl bu söhbətlər geniş yayılmışdı və müəyyən şəkildə mətbuata da sızdırılmışdı ki, Eldar Həsənovun Azərbaycanda hakimiyyətdən uzaqlaşdırılan, iqtidardan narazı olan məmur-oliqarxlarla sıx əlaqələri var. Hazırda istintaq gedir və bu məsələləri araşdırır. Ona görə də bu məsələnin üzərinə xüsusi fokuslanmadan demək istəyirəm ki, Rusiya Azərbaycanla bağlı özünün neomüstəmləkəçi məqsədlərinə xidmət edən niyyətindən əl çəkmir. Son vaxtlar Ermənistanın silahlandırılması, işğal olunmuş torpaqlarımızın azad olunmasına imkan verilməməsi bu siyasətə xidmət edir. Azərbaycan torpaqlarının işğaldan azad olunmasına maneçilik törədən Rusiyadır. Rusiya kənarda dursa, Azərbaycanla Ermənistan üz-üzə qalsa, Azərbaycan 2 həftəyə özünün ərazi bütövlüyünü təmin edə bilər. Bu gün Azərbaycan ordusu İrəvana qədər gedib çıxa bilən gücdədir. Rusiya bu gün özünün güclü hərbi potensialı ilə buna imkan vermir. Rusiya keçmiş sovet respublikaları üzərində 2-ci Sovet İttifaqını qurmağa çalışır. Bu məqsəd üçün çalışır, vuruşur, ən müxtəlif platformalarda iradəsini ortaya qoyur. Dünya Rusiyanın bu niyyətlərinə qarşı ciddi təpki, ciddi müqavimət göstərmir. ABŞ sanksiyaları heç bir təsirli nəticə vermədi. Bu gün Belarusda Lukaşenkodan başqa kimsə gəlib Qərbə doğru istiqamət götürsə, şübhə etmirəm ki, Rusiya-Belarus sərhədindəki vilayətlərin birində “müstəqil dövlət” yaranacaq. Buna görə Azərbaycan hər zaman ehtiyatlı olmalıdır. Bizə qarşı yönələn məkrli planlara və o planlarda yer alan fiqurlara qarşı iradəmizi ortaya qoymalıyıq”.

Bənzər yazılar

Back to top button