Hadisə

Vidadi Zeynalovun ailəsi daha bir İDDİA qaldırdı – 45 milyonluq mal-mülkü geri tələb edirlər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) sabiq aparat rəhbəri Vidadi Zeynalovun ailə üzvləri Baş Prokurorluğu məhkəməyə verib.

Musavat.com xəbər verir ki, Vidadi Zeynalovun övladları Zeynal Zeynallı, Lalə Zeynalova, Pərviz Zeynalov və xanımı Natəvan Zeynalova Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğa qarşı iddia qaldırıb. İş hakim Pərviz Məmmədovun icraatındadır.

Vidadi Zeynalovun ailəsi bundan əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə vermişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, onlar həbs qoyulmuş 43 milyon manat dəyərində əmlakı geri tələb edirlər.

Vidadi Zeynalov 2015-ci ilin oktyabrında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Keçmiş aparat rəhbəri 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə endirib. Vidadi Zeynalov 2019-cu ildə azadlığa buraxılıb.

Qeyd edək ki, Vidadi Zeynalov ötən ilin əvvəlində də əmlakları ilə bağlı məhkəmə davası açmışdı. Məsələ ictimailəşəndən sonra isə o, şikayətini geri götürmüşdü. O zaman “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandıran Vidadi Zeynalov iddia etmişdi ki, o, apellyasiya şikayəti verməyib. Şikayəti onun övladları verib:

“Mən apellyasiya şikayəti verməmişəm. Mənim adıma nə var müsadirə ediblər, bir rəhmətlik anamın adına olan nə varsa, o qalıb. Şikayəti verən övladlarımdır. Onların hərəsinin öz ailəsi var. Onlar hərəsi bir yerdə evsiz qalıblar. Onlar yazıblar ki, yaşadığımız evləri qaytarın”.

Sabiq aparat rəhbəri demişdi ki, Yevlaxda yaşayır, şikayəti verən də qızıdır:

“Bu gün rahat oturmuşam, sərbəst yaşayıram. Yeyib-içməyim var, ətrafımda sinif yoldaşım, qrup yoldaşım, kəndçim, qonşum. Günümü keçirirəm Yevlaxda. Onda bizi buradan da çıxardılar, qaynımın evində qalırdım. Həmin vaxt Yevlaxdakı evimizin üzərinə də həbs qoyulmuşdu.

Yevlaxdakı evimizi Ali Məhkəmə “stop”dan çıxardı. Çünki atam 1926-cı ildə həmin evdə anadan olub. Anam da dözmədi buna, rəhmətə getdi dərddən. Üzərindən həbs qərarı götürüləndən sonra yığışıb gəldim bu evə. Qızımın əri qoyub çıxıb getdi ki, evimizi-eşiyimizi aldılar əlimizdən. Onlar da vəkil tutub şikayət yazıblar. Mən də heç qarışmıram, getmirəm də, gəlmirəm də…”

Vidadi Zeynalov demişdi ki, övladlarından biri o, vəzifədən çıxarılarkən “Narxoz”da “meskom” olub:

“Öz ərizəsi ilə işdən çıxdı. Əvvəllər “can” deyənlər aralı durub salam verməyə can çəkdilər. İndi də özü üçün ora-bura qaçır, dolanır. Qızım Prezident Administrasiyasında işləyirdi, o da oradan çıxdı. Gedib haradasa bir firmada işləyir. Balaca oğlum da özü üçün elə əvvəldən biznes qurub. Oradan pomidor, buradan xiyar alıb ora-bura satır. Belə başını fırladır”.

Vidadi Zeynalov barəsindəki cinayət işinin materiallarında müsadirəyə götürülən əmlaklarının dəyərinin 45 milyon manat olmasına, əmlakın alındığı pulun mənbəyi haqda suala belə cavab vermişdi:

“Boş şeydir. Yazırlar da. Gedin İsmayıllıda baxın, cəmi 12 belə torpaq var, üst-üstə yığanda cəmi 3 hektar yarım torpaqdır. Bunlar həmin torpaqları 700 neçə min manata yazıblar. İsmayıllıda ən yaxşı yerdə torpağın hektarı 5 min manatdır. Gedib yazıblar da, qiyməti şişiriblər, şou yaradıblar”.

Vidadi Zeynalov həbs edilərkən rəhbəri olmuş keçmiş rabitə naziri Əli Abbasovla münasibətlərinin olmadığını da açıqlamışdı. Demişdi ki, sabiq nazirlə görüşmür, görüşmək də istəmir:

“Özü dəfələrlə belə cəhdlər edib, lakin mən görüşməmişəm, demişəm ki, sağ ol”.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələri haqda bunları demişdi:

“Onu bizə qatmayın. Onun bizə nə aidiyyəti var? Ümumiyyətlə, heç bir işimiz olmayıb onlarla. Sadəcə, bizim işimiz gəlib onlarla bir yerə düşdü. Bir tanıdığı adam bizimlə bir işləyirdi. Bu gün küçədə-bayırda Eldar Mahmudovla üz-üzə gəlsəm, onu tanımaram. Mən heç vaxt Eldar Mahmudovla görüşməmişəm”.

2023-cü ilin yanvarında aldığımız müsahibədə son sual Bakı Apellyasiya Məhkəməsindən gözləntiləri ilə bağlı idi. Vidadi Zeynalov “məhkəmə nə qərar istəyir versin” demişdi. Ardından isə apellyasiya şikayətini geri götürmüşdü.

Vidadi Zeynalovun geri almağa çalışdığı əmlakların siyahısında Nərimanov rayonunda ümumi dəyəri 21 milyon olan qeyri-yaşayış sahəsi və evlər var. Daha iki mənzil Xətai rayonundadır ki, onların da toplam dəyəri 650 min manatdan çoxdur. Yasamal rayonundakı 5 mənzili də geri istəyirlər ki, onların da toplam dəyəri 700 min manatdan çoxdur. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binasının (Zeynalova Lalə Vidadi qızının adına) dəyəri isə 2 milyon 45 min manatdır. Qaradağ rayonu, Səngəçal və Şanqar qəsəbəsində iki torpaq sahəsinin (Zeynallı Pərviz Vidadi oğlunun adına) dəyəri 1 milyon 600 min manatdan çoxdur. Bundan başqa, Qəbələ rayonu Bum kəndində 300 min manatadək torpaq sahələri də geri istənilən əmlaklar sırasındadır. İsmayıllı rayonunda 8 müxtəlif torpaq sahələri də Zeynalovların əmlakları sırasındadır. Üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri isə 43 milyon 489 min 537 manat təşkil edir.

Bənzər yazılar

Back to top button