AnalitikaDünyaManşet

Bir qütblü dünya düzəni bitdimi? (ŞƏRH)

Üç il öncə Rusiyanın avtoritar lideri Vladimir Putin bir qütblü düzənin, ABŞ-ın hegemonluğunun bitdiyini və çox qütblü dünya düzəninin yarandığını bəyan etdi. Çox qütblü dünyanın qütbləri kimi ABŞ-la yanaşı Çin və Rusiya göstərilməyə başladı.

Çox qütblü dünya düzənində özünü həmin qütblərdən biri kimi təqdim edən Moskva iqtisadiyyatına görə Rusiyadan iki dəfə, əhalisinin sayına görə on dəfə böyük olan və dünyanın dördüncü böyük ordusuna malik Hindistanı qütblərdən biri hesab etmir. Halbuki siyasi sisteminin dayanaqlığına görə Hindistan Rusiyadan daha cazibədar idarəçiliyə malik ölkədir.

Rusiya və Çində unudurlar ki, qütb olmaq üçün iqtisadi və ya hərbi gücə malik olmaq yetərli deyil. Qütbün maqnit kimi cəlbedicilik gücü olmalıdır. İnsanları özünə cəlb edən ideologiyaya, dəyərlər sisteminə və idarəçilik modelinə sahib olmaq lazımdır. Çinin totalitar, Rusiyanın avtoritar sistemi nəyinki cəlbedici deyil, hətta ürkütücüdür.
Dünyanın ən böyük bazarı və ikinci böyük iqtisadiyyata malik Çinlə iqtisadi və ticari əməkdaşlıq etmək bütün dünya dövlətləri üçün cəlbedicidir. Ancaq heç bir ölkə totalitar Çinə inteqrasiya etmək istəmir. Hətta Çinlə etnik və tarixi birliyə malik Tayvan da Çinlə inteqrasiya etmək istəmir. Rəsmi adı Çin Respublikası olan Tayvanın vətəndaşları həyataları hesabına müstəqilliklərini qorumağa, Çinin totalitar sisteminin altına düşməməyə çalışırlar. Tayvanın birləşməkdən qətiyyətlə imtina etdiyi Çin qütb ola bilməz.

Rusiya dünyanın ikinci böyük hərbi gücü olsa da, bərbad iqtisadiyyatı, avtoritar dövlət sistemi ilə cəlbedici olmadığı kimi, həm də ürkütücüdür.

Çinin iqtisadi cazibədarlğı olduğu halda, Rusiya belə imkana da malik deyil. Rusiya hərbi təhdid və şantaj yolu ilə özünü qütb kibi təqdim etmək istəsə də, ruslarla ən yaxın etnik, din və mədəniyyət yaxınlığına malik ölkələrin cəmiyyətləri Rusiyadan məsafə saxlamağa çalışırlar. Rusiya isə əlindəki atom bombasından təhdid kimi istifadə edərək xalqları zor gücünə onun idarəçiliyi altına keçməyə vadar edə biləcəyini düşünür. Görünür Rusiyada belə bir sadə həqiqəti anlamırlar ki, zorla məhəbbət olmaz.

ABŞ-ın liderlik etdiyi Avroatlantik məkan yeganə qütb olaraq qalır və belə görünürü ki, uzun müddət də belə qalacaq. Çünki, heç bir dövlət bu qütbə zor gücünə cəlb olunmur. Avroatlantik strukturlara intiqrasiya etmək üçün ölkələr uzun müddət çalışmalı, fədakarlıq etməli olurlar. Türkiyə 1987-ci ildən, Şimali Makedoniya 2004-cü ildən, Qaradağ 2008-ci ildən, Albaniya və Serbistan 2009-cu ildən Avropa Birliyinin üzvü olmağa çalışır.

Gürcüstan, Ukrayna, Bosniya və Herseqovina NATO-nun üzvü olmaq üçün artıq ikinci on illikdir ki, mübarizə aparırlar. Onların Şimali Atlantika Alyansına nə zaman qəbul ediləcəkləri bəli olmasa da, bu ölkələr NATO-ya inteqrasiyadan imtina etmirlər.

Çox təəssüf ki, Rusiya və Türkiyədən “idxal” olunan informasiya axının altında vətəndaşlarımızda, hətta siyasətlə məşğul olan şəxslərdə belə qənaət yaranır ki, bir qütblü dünya düzəni dağılıb, Çin və Rusiya çox qütblü dünya düzənin yeni qütbləridir.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button