Bizim seçimManşetSiyasət

Siyasi dialoqdan həbsxanaya yollar görünür… – Əli Əliyevin həbsinin əsl səbəbləri

Prezidentin təşəbbüsünü şəxsi hesablaşma müstəvisində “absurd tamaşa”ya çevirən incəsənət xadiminin fəaliyyətinin nəticəsi bundan ibarətdir

Təxminən iki il öncə keçirilən növbədənkənar parlament seçkilərindən sonra Azərbaycan Prezidentinin elan etdiyi yeni siyasi dialoq prosesi ilk vaxtlar öz müsbət nəticələrini verdi. Uzun illərdir rəsmi fəaliyyət baxımından çətinlik çəkən siyasi partiyaların dövlət qeydiyyatına alınması, müxalif siyasi qüvvələrin iqtidarla dialoqa pozitiv yanaşması, ən nəhayət Tovuz döyüşləri, Vətən müharibəsi zamanı bir neçə müxalif siyasi qüvvəni çıxmaq şərtilə əksər siyasi partiyaların hakimiyyətin siyasətinə dəstək nümayiş etdirməsi bu təşəbbüsün uğurundan xəbər verirdi.

Lakin 2021-ci ildən başlayaraq, iqtidarın bu prosesdə əsas təmsilçisi olan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin fəaliyyəti siyasi dialoqu dərinləşdirməkdən çox tormozlamağa yönəldi. Üstəlik, ölkəmizin milli və dövlət maraqlarının daxildə və xaricdə daha da möhkəmlənməsi üçün vacib olan bu nəcib və tarixi təşəbbüsü sual altına aldı.

Bəs görəsən, Ədalət Vəliyevin uğursuz fəaliyyəti özünü nədə göstərir?

Təbii ki, bəzi partiya sədrləri ilə dialoqa girmək əvəzinə qarşıdurmaya girməkdə. Məsələn, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin hörmətli Ədalət Vəliyevin fəaliyyətinə birbaşa daxil olan məsələlər haqqında söylədikləri ona baha başa gəldi. Burada, həmçinin Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün mübarizə metodları da özünü qabarıq büruzə verdi. Hamı bilir ki, ölkədə hamı Əli Əliyevin həbsi sırf vertolyot məsələsindəki səhvinə görə deyil, artıq özünü PA-nın şöbə müdirindən daha çox ölkədə fəaliyyət göstərən bütün partiyaların sədri kimi aparan Ədalət Vəliyevin “bostanına daş atması”na cavabdır.

AzToday.az xəbər verir ki, Əli Əliyev digər müxalif partiyaların sədrlərindən fərqli olaraq siyasi dialoq prosesinə qoşulsa da, sonradan imtina edib, Ə.Vəliyevin fəaliyyətini müsbət qiymətləndirmək istəməyib. Bundan sonra da Ə.Vəliyevin qəzəbinə tuş gələrək hələ ötən ilin sentyabrından xüsusi tezislər əsasında hücum kampaniyasına məruz qalıb. Əli Əliyev də tənbəllik eləməyib və bu hücum qarşısında geri çəkilməyib.

Buna misal olaraq, Ə.Əliyevin ötən ilin 11 dekabrında səsləndirdiyi açıqlamalarını göstərmək olar. Partiya sədri siyasi dialoqun dərinləşdirilməsi prosesinin düzgün aparılmadığını, siyasi partiyaların ofislə təmin olunması, partiya sədrlərinin ekskursiya, kütləvi vaksinasiyaya dəvət edilməsi, xəstələnən partiya sədrlərinin xüsusi nəzarət altına alınmasının siyasi dialoqun obyekti və ya predmeti olmadığını söyləyib. Bununla yanaşı, VİP sədri siyasi dialoqun dərinləşdirilməsi prosesinin getdiyi bir vaxtda Məzahir Pənahovun yenidən MSK sədri seçilməsi, dairə və məntəqə seçki komissiyalarının köhnə qaydada formalaşdırılması, orada müxalif partiyaların iştirakının təmin olunmaması, növbədənkənar seçkilərin keçirlməməsinndən narazılığını dilə gətirib. Siyasi partiyaların ölkənin siyasi həyatında yaxından iştirak etmədiyi, ictimai nəzarət qurumlarında təmsil olunmadığı halda siyasi açılımın uğursuz olacağından danışıb.

Mövcud reallıqlardan danışan Ə.Əliyev indi həbsdədir…

Ədalətin qılınıcının altında keçmək istəməyən Ə.Əliyev, PA rəsmisinin guya iki ildir apardığı “uğurlu” siyasi dialoqu şübhə altına almaq niyyətinə görə cəzalandırılmayıb ki?.. Təbii ki, onun həbs olunması prosesində dövlət başçısını günahlandırmaq cəhdləri yersizdir.

Burada sadəcə struktur islahatlarından sonra hakimiyyətdə təmsil olunmağa layiq görülən kadrların bəzən təsadüfən seçilməsinin yaratdığı reallıqdan danışmaq olar. Bu təsadüfi kadrlardan biri olan Ədalət Vəliyev də yerində olmadığını və “uğursuz”luğunu Əli Əliyevlə şəxsi qovğaya girişməklə bir daha sübut etdi. Bu uğursuzluqda da əsas rolu onun heç vaxt siyasətlə məşğul olmayan, tamamilə başqa sahənin adamı olması oynayıb. Beləliklə, 63 yaşını haqlayan

teatrtşünas Ədalətin bu sahəyə rəhbərlik etməsi iqtidara xeyir gətirmir…

2019-cu ildən Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri işləyən Ə.Vəliyev bu vəzifəyə təyin edilənə qədər adı korrupsiyada hallanan və vəzifədən uzaqlaşdırılan sabiq Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin müavini olub. Elmi fəaliyyəti də daxil olmaqla, ömrünün əksər hissəsini teatrlarda çalışmaqda, teatr haqqında çoxsaylı kitablar yazmaqda keçirib. Məsələn, əməkdar incəsənət xadiminin kitablarından birinin adı “Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri” adlanır. Özü də ictimai-siyasi xadimdən daha çox aktyora oxşayan Ə.Vəliyevin kitablarının əksəriyyətinin adında da “teatr” sözü var.

Sözün qısası, Azərbaycan siyasətinə və parlamentimizə teatr göz ilə baxan Ə.Vəliyev elə zənn edir ki, ökənin siyasi spektri də uzun illər işlədiyi teatr və mədəniyyət sahəsinə aid qurumlardan ibarətdir. Buna görə də fəaliyyətini də “özünün yazdığı və cızdığı” ssenarilər əsasında səhnəyə qoyulan tamaşalarla qurmaq istəyib. Amma zaman göstərdi ki, alınmır, hətta siyasi dialoqdan həbsxanaya yollar görünür…

Əlqərəz, yerində olmadığını etiraf edib kənara çəkilmək əvəzinə vəzifəsinə dəxli olmayan sahələrə baş vuraraq təsir dairəsini genişləndirmək istəyən incəsənət xadimi özünün yarıtmaz fəaliyyəti ilə Azərbaycan Prezidentinin tarixi təşəbbüsünü sual altına alır. Onun cızdığı çərçivədən çıxan Əli Əliyevin cəzalandırılması məsələsi də göstərdi ki, siyasi dialoq prosesini şəxsi hesablaşma müstəvisində “absurd tamaşa”ya çevirən mədəniyyət işçisinin fəaliyyəti nə dövlətə, nə cəmiyyətə, nə də siyasi strukturumuza xeyir gətirir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button