Cəmiyyət

Deputat İsmayılovun 127 min manatlıq saatı müzakirələrə səbəb olub – “Hansısa şəhid ailəsini ziyarət edibmi?!..”

Deputat İmamverdi İsmayılovun istifadə etdiyi “Vacheron Constantin” qol saatı İsveçrənin ən məşhur brendlərindəndir. Saatın qiyməti 75 min ABŞ dolları, yəni 127 min manatdır. Bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib ki, deputatlar gündəmə əməlləri ilə deyil, malları, mülkləri, bahalı avtomobilləri, saat kolleksiyaları ilə gəlməyi daha uyğun bilirlər:

“Belə olmasaydı, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən 25 ildir mandat daşıyan İmamverdi İsmayılov bütün tədbirlərdə bahalı qol saatını nümayişkaranə formada cəmiyyətə göstərməzdi…

Məgər bu məmurlar bilmirmi ki, məmurların bizneslə məşğul olması qanunla qadağandır? Bu şəxs indiyədək bir dəfə də olsun məcburi köçkünləri dinləməyibmi? Hansısa şəhid ailəsini ziyarət edibmi?!

Əlbəttə, yox! İqtisadi çətinliklər qarşısında olan, müharibədən qalib çıxmış məğrur xalqa öz bahalı saat kolleksiyasını nümayiş etdirməklə nə demək istəyir?

Olmazmı ki, bu tip deputatlar bahalı mülkləri, avtomobilləri, evləri, obyektləri ilə deyil, bu millətin önünə xidmətləri ilə çıxardı?! Görünür bu kimi bəzi deputatlarımız şou-biznes nümayəndələri ilə özlərini səhv salıb…”.

Qeyd edək ki, İmamverdi İsmayılov və onun ailə üzvləri zaman-zaman qalmaqallı addımlarla gündəmi zəbt edib. Belə ki, 2016-cı ildə Qubada “Retro” restoranında qətlə yetirilən 1978-ci il təvəllüdlü Könül Zalovanın ölümündə deputatın oğlu İlkin İsmayılovun adı hallanırdı.

2020-ci ildə isə deputatın digər oğlu İlmir İsmayılov sahibi olduğu “MİR HOLDİNQ” MMC-nin banka olan borcunu ödəmədiyinə görə gündəmə gəlmişdi.

İmamverdi İsmayılovun daha bir oğlu da polis orqanlarında çalışır.

İ.İsmayılov biznesmen deputatlar siyahısındadır. Halbuki, deputatın bizneslə məşğul olmasını qanun qadağan edir. Ona görə də o, müxtəlif yollarla əldə etdiyi var-dövləti ailə üzvlərinin adına keçirib.

İmamverdi İsmayılov ölkənin ən böyük təsərrüfata (Masazır qəsəbəsində və digər bölgələrdə yerləşir – mal-qara, heyvandarlıq) sahib şəxslərindən biri hesab olunur.

pia.az

Bənzər yazılar

Back to top button