Dünya

ABŞ Rusiyaya qarşı hansı sanksiyaları tətbiq edib?

Çərşənbə axşamı Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri Ağ Evin “Ukraynaya təcavüzün başlanması” adlandırdığı hadisə səbəbindən Rusiyaya qarşı bəzi sanksiyalar elan ediblər.

“Allah xatirinə, Vladimir Putin kimdir ki, qonşu dövlətlərin ərazisində dünyanın yeni müstəqil dövlətlərini elan etmək barədə qərar versin. Bu, beynəlxalq hüququn görünməmiş şəkildə pozulmasıdır və Rusiyanın beynəlxalq tərəfdaşlarının xəbərdarlıqlarına ziddir”, – prezident Co Bayden Ağ Evdəki çıxışında Ukraynadakı vəziyyətlə bağlı deyib.

O bildirib ki, Rusiya öz qonşusnun ərazisinə daxil olub və yaxın günlərdə irəliləməsi tamamilə mümkündür.

“Biz Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yaponiya və Avstraliyadan olan müttəfiq və tərəfdaşlarımızla birlikdə bir gündən az müddətdə qəbul edilmiş sanksiyaların ilk tranşını elan etmişik”,- Bayden administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib. O həmin tədbirləri “çevik və tarixi” adlandırıb, belə ki, onlar Rusiyanın dünya maliyyə sisteminə çıxışını məhdudlaşdırmalıdır.

Ağ Evin informasiya bülleteninə əsasən, Bayden aşağıdakı tədbirləri qəbul edib:

* Rusiyanın iki əhəmiyyətli maliyyə institutuna qarşı tam bloklayıcı sanksiyalar. Maliyyə naziri Kremlin və Rusiya Silahlı Qüvvələrinin maliyyələşdirilməsi üçün həlledici əhəmiyyət kəsb edən əsas xidmətləri göstərən iki nəhəng dövlət maliyyə müəssisəsinə – “Vneşekonombank” və “Promsvyazbank” və onların törəmə şirkətlərinə qarşı tam bloklayıcı sanksiyalar tətbiq edəcək.

Bu qurumlar ümumilikdə 80 milyard dollardan çox aktivə malikdir və Rusiyanın müdafiə sektorunu və iqtisadi inkişafını maliyyələşdirir. Bu tədbirlər onların ABŞ-dakı aktivlərini donduracaq, ABŞ-ın fiziki və hüquqi şəxslərinə onlarla hər hansı sövdələşmələr aparmağı qadağan edəcək, onları dünya maliyyə sistemindən çıxaracaq və ABŞ dollarına çıxış imkanından məhrum edəcək.

*ABŞ maliyyə institutlarına 2022-ci il 1 martdan sonra buraxılacaq Rusiya rublu federal kredit istiqrazları və ya xarici valyutada suveren avrobondlar ilə istər ilkin bazar olsun, istər təkrar, istənilən sövdələşməni qadağan etməklə Rusiya dövlət borcuna qarşı sanksiyalar genişləndirilib;

*Bundan öncə sanksiya siyahısına daxil edilmiş Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Mixail Fradkov və Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğullarına ABŞ-a giriş qadağan edilməklə bloklayıcı sanksiyalar tətbiq edilib.

* Bu gün maliyyə naziri Rusiya Federasiyasının maliyyə xidmətləri sektorunda istənilən təşkilatın gələcək sanksiyalar üçün potensial hədəf olduğunu müəyyən edəcək. Rusiyanın xarici valyuta ilə gündəlik əməliyyatlarının 80 faizdən çoxu ABŞ dolarlının payına düşür və Rusiya beynəlxalq ticarətinin təxminən yarısı dollarla aparılır. Bununla əlaqədar Rusiyanın iri bankları da daxil olmaqla, heç bir maliyyə institutu nəzərdə tutulan sanksiya tədbirlərindən sığortalanmayıb.

Çərşənbə axşamı Bayden ABŞ-ın əlavə qüvvələr göndərəcəyini elan edib. Son həftələrdə şərq cinahında NATO üzvlərini dəstəkləmək üçün Almaniya, Polşa və Rumıniyaya ən az 6000 ABŞ hərbçisindən ibarət qoşunlar çıxarılıb.

“Əgər Putin eskalasiyanı davam etdirərsə, biz hələ açıqlanmadığımız maliyyə sanksiyalarından və ixrac nəzarətindən istifadə edəcəyik, lakin onlar bütün dünyada müttəfiq və tərəfdaşlarla reallaşdırmağa tam hazırdırlar”, – Ağ Evin beynəlxalq iqtisadiyyat üzrə milli təhlükəsizlik müşavirinin müavini Dalip Sinqx jurnalistlərə bildirib.

Turan

Bənzər yazılar

Back to top button