Dünya

Vardanyan Nobel Sülh Mükafatına namizəd göstərildi

Hazırda Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) qondarma “dövlət naziri” olmuş Ruben Vardanyan 2024-cü il üçün Nobel Sülh Mükafatına namizəd göstərilib.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, onun namizədliyi bir sıra “siyasi və ictimai xadim”, o cümlədən Nobel Sülh Mükafatı laureatı tərəfindən irəli sürülüb.

Vardanyanın Nobel Sülh Mükafatına namizəd göstərilməsini onun ofisi də təsdiq edib.

Ofisin məlumatına görə, Ruben Vardanyan “xeyriyyəçilik” və “humanitar” fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib. Məlumatda onun tərəfdaşları ilə birlikdə Ermənistanda ümumilikdə 700-ə yaxın layihə həyata keçirdiyi bildirilib.

Qeyd edək ki, Ruben Vardanyan 2022-ci ilin sentyabrında həmin vaxt Rusiya Sülhməramlı Kontingentinin nəzarətində olan Qarabağa köçüb. O, noyabrın 4-də qondarma DQR-in “dövlət naziri” təyin edilib, 2023-cü il fevralın 23-də isə o bu “vəzifə”dən azad edilib. Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları çərçivəsində həbs edilib.

Hazırda o, qondarma rejimin keçmiş “liderləri” ilə birlikdə Bakıda həbsdədir. Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Bənzər yazılar

Back to top button