Dünya

ABŞ Putinin baş aşçısına, Kremlin mətbuat katibinə və digər oliqarxlara qarşı sanksiyalar tətbiq edib

Ağ ev cümə axşamı Vladimir Putinlə sıx əlaqələri olan görkəmli Rusiya vətəndaşlarına, həmçinin onların ailə üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib, bu barədə TURAN-ın Vaşinqtondakı müxbiri məlumat verib.

“Bu gün mən siyahıya onlarla ad, o cümlədən Rusiyanın ən zəngin milyarderlərindən birini əlavə etdiyimizi elan edirəm… Və mən 50-dən çox Rusiya oliqarxının, onların ailələrinin və ən yaxın adamlarının Amerikaya səfər etməsini qadağan edirəm”, deyə prezident Co Bayden cümə axşamı bildirib.

Vaşinqtonun məqsədi “Putinə və Rusiyaya maksimum təsir etmək və bütün dünyada bizə, müttəfiqlərimizə və dostlarımıza dəyən ziyanı minimuma endirməkdir”, deyən Bayden ABŞ-ın Ukraynaya birbaşa yardımı davam etdirdiyini qeyd edib.

Sanksiyalar siyahısında oliqarx Alişer Usmanov, Putinin mətbuat katibi Dmitri Peskov, Nikolay Tokarev və onun ailə üzvləri, Boris Rotenberq və onun ailəsi, Arkadi Rotenberq və ailə üzvləri, Sergey Çemezov və ailə üzvləri, İqor Şuvalov və ailəsinin şirkətləri, Yevgeni Priqojin və ailəsinin şirkətləri var.

Ağ Ev həmçinin 19 Rusiya oliqarxına və onların 47 ailə üzvünə və yaxın adamlarına viza məhdudiyyətləri tətbiq edildiyini bildirib.

Bundan başqa, administrasiya, ABŞ-ın iddialarına görə, Rusiyanın Ukraynaya hücumla bağlı dezinformasiya kampaniyalarına şərait yaradan Rusiya və Ukraynada yerləşən 7 Rusiya təşkilatına və 26 fiziki şəxsə qarşı sanksiyalar tətbiq etmək planlarını açıqlayıb.

Bundan başqa, Ağ Ev Rusiya neft və qaz emalına ixrac nəzarəti tətbiq edir.

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın 7 təşkilatına – Strateji Mədəniyyət Fondu və onunla bağlı nəşrlərə qarşı sanksiyalar tətbiq edir.

Blinken bildirib ki, Dövlət Departamenti müdafiə sənayesi sahəsində fəaliyyət göstərən 22 şirkətə qarşı və neft və qaz hasilatı üçün istifadə olunan avadanlıqla bağlı sanksiyalar tətbiq edib.(Turan)

Bənzər yazılar

Back to top button