İqtisadiyyat

Təcavüzün iqtisadi fəsadları

İqtisadçı ekspertlər Rusiyanın Ukraynaya total hərbi təcavüzünün dünya iqtisadiyyatına təsirini şərh ediblər.

Novator.az-ın məlumatına görə, Rövşən Ağayev yazır ki, Rusiyaya iqtisadi sanksiyaların nəticələri qlobal iqtisadiyyat üçün problemləri qaçılmaz edir: “Avro zonasında istehsal qiymətləri indeksi görünməmiş səviyyəyə çatıb – illik bazada 30 faizi ötür. Şübhəsiz ki, bu ilk növbədə əmtəə birjalarında başda enerji daşıyıcıları olmaqla sənaye xammalının kəskin bahalaşmasının nəticəsidir. Qlobal miqyasda uzunmüddətli yüksək inflyasiya real sektor böhranını qaçılmaz edir. İstehsal xərclərinin artması ilə müşayiət olunan kəskin bahalanma müəyyən müddətdən sonra istehlak tələbinin azalmasına, o isə zəncirvari olaraq təklifin ixtisarı riski yaradır. Məsələn, Yaponiya, Cənubi Koreya, Almaniya və ABŞ-ın Rusiya bazarında avtomobildən tutmuş yüksək texnoloji məhsullar istehsalına qədər çoxsaylı müəssisələri bağlaması, ixracı dayandırması onların məcmu mal təklifinə, sonda isə gəlirlərinə təsirsiz ötüşmür.

Real sektor böhranı maliyyə institutları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməyən kreditorların timsalında maliyyə böhranını doğurur. Bu böhran həm də genişmiqyaslı işsizlik və yoxsulluq, hökumətlərin sosial yükünün artması deməkdir.

Şübhəsiz ki, dünya iqtisadiyyatının 60 faizini formalaşdıran sanksiya koalisiyasının nəhəng resursları qarşısında bu itkilər kiçik görünür. Hətta Rusiyanın tam çökməsi müqabilində daha bir qlobal iqtisadi böhrana da gedə bilərlər. Amma qlobal iqtisadiyyatın təxminən 2 faizinə sahib Rusiya qlobal sanksiyalar nəticəsində düşdüyü böhranı qaldıracaq gücdə deyil”.

Natiq Cəfərli qeyd edir ki, Rusiyanın Ukraynaya təcavüzü taxıl bazarına ciddi təsir edib, qiymətlər artacaq: “Son bir ildə dünyada dənli bitkilərin qiyməti ortalama 27 faiz artıb, Rusiyanın təcavüzü qiymətləri daha da yüksəldəcək. Ukrayna ən azı yaz əkinini tam həcmdə yerinə yetirə bilməyəcək, bu da buğda istehsalının azalması ilə nəticələnəcək. 2021-ci ildə Ukrayna 44,8 milyon ton dənli bitki istehsal etmişdi, ixracı 24,4 milyon ton idi. İxrac edilən dənli bitkilərin 14,8 milyon tonu un və çörək istehsalı üçün yararlı olan buğdadır.

2021-ci ildə Rusiya buğda ixracını 14,4 faiz azaldıb. Rusiyada həm istehsal düşüb, həm də ölkə daxili bazarı qorumaq, ərzaq buğdası tədarükünü artırmaq üçün ixraca məhdudiyyətlər qoyub, ixrac rüsumunu 2 dəfə artırıb.

Azərbaycanın əmtəəlik buğda idxalı ildə 1,5 milyon ton həndəvərindədir. Bu həcmin yarısına yaxınını Rusiyadan alırıq, deməli, oradan gələn buğdanın qiyməti yenə artacaq ki, bu da unun, un məmulatlarının və çörəyin qiymətinin yüksəlməsi ilə nəticələnəcək.

Taxıl, buğda təhlükəsizlik məsələsidir, yetərli qədər istehsal etməyi özümüz bacarmalıyıq, ağıllı qərarların, koordinasiya edilmiş addımların zamanıdır”.

Bənzər yazılar

Back to top button