İqtisadiyyat

“Ölkədəki minik maşınlarının yarısı metalloma gedəsidir”

“Azərbaycanda 1,4 milyon ədəd minik avtomobilinin 45%-i (təxminən hər 2 avtomobildən birinin) yaşı 20 il və daha çoxdur”.

Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, ölkədəki avtobus parkının vəziyyəti daha pisdir:

“63% avtobusun yaşı 20 il və üzərindədir.

Bahalı maşın markaları ilə də bağlı ilk dəfə daha detallı məlumat açıqlanıb.

Ölkədə 63 ədəd “Rolls Roys” var. Avtomobil satışı saytlarına baxdım, hətta istismar müddəti 10 ildən çox olanların qiyməti 250 min manatdan başlayır. Yenilərinin qiymtinin 500 min – 1 milyon manat aralığında dəyişdiyi deyilir.
327 ədəd “Bentley” var. Son 10 və daha az yaşı olanların qiyməti 170 – 500 min manat intervalında dəyişir.
Bu marklardan 1 pillə aşağı sinifə aid olan “Lincoln” və “Alfa Romeo” kimi markalardan olan avtomobillərin sayı 424 ədəddir – ilindən asılı olaraq bu markadan olan maşınların sayı 50 – 200 min intervalında dəyişir.

Bahalı markalar içərisində ən geniş yayılanı “Land Rover”dir: avtomobil parkında bu maşınlardan – 8661 ədəddir. İstismar müddəti 10 il və daha az olanların qiyməti 100 – 450 min manat arasında dəyişir.

Bir dəfə bu barədə geniş yazmışdım – bahalı avtomobil markaları ölkədə varlı və ultra zəngin ailələrin sayı ilə bağlı ən azı 90% riyazi dəqiqliklə informasiya verir.

Maşın parkının yaşı isə ölkədə yoxsulluqla bağlı müəyyən təsəvvür yaradır. Əgər bir ölkədə hər 2 avtomobildən 1-nin yaşı 20 ildən çoxdursa, yoxsulların mütləq üstünlüyü barədə fikir söyləməyə imkan verir.

Zatən ölkədə az qala hər 3 ailədən 1-nin minik maşını var, onların da yarısı artıq metalloma gedəsidir”.
Qeyd edək ki, Azərbaycanda köhnə avtomobillərin utilizasiyası mexanizmi yaradılıb. Mexanizmin hüquqi bazasını “İstehsalat və məişət tullantıları haqqında” qanun təşkil edir.

Qanunla gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

Həmçinin utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası zamanı “Tullantılar haqqında” qanunun tələblərinin pozulmasına və yaxud yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə ödəyəcək.

Bundan başqa, digər yeni maddə ilə utilizator tərəfindən utilizatorların reyestetrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə yenə də vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 600 manat cərimə ediləcək.

Bənzər yazılar

Back to top button