Bizim seçimHadisəSiyasət

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı həbs edilib

1992-1993-cü illərdə Xalq Cəbhəsi hökuməti dövründə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov mayın 9-da narkotik maddə ittihamı ilə 4 ay müddətinə həbs edilib.

Onun qardaşı Taleh Rüstəmov “Amerikanın səsi”nə bildirib ki, Saleh onun avtomobilində Bakıya gedərkən Şəmkirdə saxlanılıb.

“Şəmkir rayonu ərazisindəki stasionar postda çoxlu polis əməkdaşı avtomobilin qarşısını kəsdi. Mənim avtomobildən düşməyimə imkan vermədilər. Salehi düşürdülər, telefon və çantasını aldılar. Sonra dedilər ki, onda külli miqdarda narkotik maddə var. Bütün bunlar polis postunda baş verib. Mayın 9-da onu Bakıya apardılar və Nərimanov məhkəməsi onu 4 ay müddətinə həsb etdi. Saleh heç siqaret də çəkmir, odur ki, narkotik maddə ittihamı gülüncdür”, – qardaşı bildirib.

Hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Həbsin əsl səbəbinin hakimiyyətin Azərbaycanda müxalifət qüvvələrinin maliyyələşdirilməsində şübhəli bildiyi şəxslərə qarşı təqiblərlə bağlı olduğu istisna edilmir.

S. Rüstəmov Rusiya vətəndaşıdır. Orada sahibkarlıqla məşğul olur. İldə bir dəfə Vətənə gəlir. (Turan.az)

Bənzər yazılar

Back to top button