İqtisadiyyat

OPEK neft hasilatını azaltmaq qərarına gəldi

Rusiya qərarla razılaşmır

Koronavirus epidemiyasının ciddi təsirinə məruz qalan neft bazarının diqqəti martın 4-dən Avstriyanın paytaxtı Vyanaya dikilib. Martın 4-dən burada OPEK+ ölkələrinin 6-cı iclası başlayıb. İclasdan ən böyük gözlənti hasilat həcmlərinin azaldılması qərarıdır. Belə ki, virus epidemiyası səbəbilə dünya bazarında neftə tələbatın azalması qiymətlərin sürətli enişinə, hətta 50 dollardan aşağı düşməsinə gətirib. OPEK+ ölkələrinin hasilatı bir qədər də azalmaqla bağlı razılığa gəlməsinə dair verilən açıqlamalardan sonra neftin qiymətində bir qədər yüksəliş baş verib – 49 dollardan 52 dollara qədər.

Lakin OPEK+ ölkələrinin monitorinq komitəsinin martın 4-də keçirilən iclası hasilatın azaldılmasına olan ümidləri xeyli zəiflədib. Belə ki, iclas zamanı Səudiyyə Ərəbistanı və Rusiya arasında hasilatın azaldılmasına dair razılıq əldə olunmayıb. Bloomberg agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı gündəlik hasilatın əlavə olaraq 1,5 milyon barel də azaldılmasını təklif edib. Bununla razılaşmayan Rusiya hesab edir ki, hasilatın azaldılması qərarının müddəti əlavə həcmlər olmadan(2016-cı ildən bəri gündəlik hasilat 1 milyon barel azaldılıb) uzadılmalıdır. Bu ölkənin energetika naziri Aleksandr Novak monitorinq komitəsinin iclasını yarımçıq tərk edib.

Monitorinq Komitəsinin martın 4-də hansı tövsiyə üzərində dayandığı açıqlanmasa da, dünən OPEK ölkələri nazirlərinin iclasında hasilatın əlavə olaraq 1,5 milyon barel azaldılmasına dair razılıq əldə olunub. “Yeni Müsavat” “Reuters”ə istinadən xəbər verir ki, alyans üzvlərinin bu razılaşması üzrə OPEK+ ölkələrinin yekun qərarının qəbulu Rusiyanın mövqeyindən asılı olacaq: “OPEK nazirləri üzv ölkələr və Rusiya da daxil olmaqla digər hasilatçıların, Moskva razılıq verdiyi təqdirdə, gündəlik hasilatı daha 1,5 milyon barel azaltmaq planını təqdir edirlər”.

Qeyd edək ki, Rusiyada hasilatla bağlı məsələ Vyana iclasından on gün əvvəldən ciddi müzakirə olunur. Məsələ burasındadır ki, indidəyək hasilatın azaldılması qərarları neft şirkətlərinin hasilatına ciddi təsir göstərməyib. Lakin bu dəfəki azalma şirkətlərin hasilatı real olaraq ixtisar etməsinə gətirib çıxaracaq ki, indiki qiymətlər şəraitində onlar buna getmək istəmirlər.

Martın 1-də Rusiya prezidenti Vladimir Putin neft şirkətlərinin rəhbərləri ilə məsələni müzakirə edib. Görüşdə o bildirib ki, Rusiya büdcəsi elə tərtib olunub ki, hətta neftin 40 dollarlıq qiymətinə də immuniteti var. Bu arxayınlığa baxmayaraq, ekspertlər hesab edirlər ki, Rusiya hasilatın 1,5 milyon barel deyil, daha az – 0,6-1 milyon barel azaldılması ilə razılaşmağa məcbur olacaq. Bu zaman Rusiyanın payına düşən həcm 200-300 min barel təşkil edəcək. Belə ki, ilin ortalarına doğru Liviyadakı qarşıdurmanın səngiməsi və bazardan çıxan 1 milyon barel həcmin bərpa olunması gözlənilir. Eyni zamanda koronavirusun dünyada iqtisadi aktivliyə vurduğu zərər getdikcə dərinləşir ki, bu da neftə tələbatı kəskin şəkildə aşağı salır.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyevanın açıqladığı məlumata görə, dünya bazarının əsas təchizatçıları qiymət enişindən 10 milyard dollar itiriblər: “Neft qiymətləri ilin əvvəlindən bəri 15 faizdən çox aşağı düşüb. Bu isə əsas ixracatçıların təxminən 10 milyard dollar qazancdan məhrum olmasına səbəb olub”. BVF rəhbəri bildirir ki, belə getsə, dünyada iqtisadi artım tempi iki dəfəyədək azalacaq.

İlham Şabanın ile ilgili görsel sonucu

Belə bir şəraitdə Rusiyanın hasilatın azaldılması təklifi ilə razılaşmaması mümkünsüz görünür. Neft sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Rusiya artıq başa düşür ki, OPEC+ formatı əslində qlobal bazarlarda ABŞ gizli iqtisadi maraqlarını təmin etmək üçündür, baxmayaraq ki, qiymətlərin tənzimlənməsi yolunda danılmaz rolu olub 2016-cı ildən: “Biz fikir versək, görərik ki, OPEC+ əslində mütəmadi olaraq bazarlardan müəyyən həcmdə nefti çıxarır, qiymətlər sabitləşir, ancaq neftə olan artan tələbatın əsas hissəsi əsasən ABŞ-ın qlobal bazarlara neft və neft məhsulları ixracı hesabına təmin olunur. ABŞ artıq 12,5 mln barel gündəlik neft hasil edir və strateji hədəfi – 15 mln bareldir. Bəzi ölkələr də sanksiyalar hesabına bazarlardan kənarlaşdırılır… Maraqlı mənzərədir. Rusiya üçün əlbəttə, qəbuledilməzdir ki, OPEC+ 1,5 bareli 2020-ci ildə bazardan çıxarsın. Əgər əvvəlki (dekabrda qəbul edilmiş yeni kvota) qərarı da nəzərə alsaq, bu, cari il üçün 2 milyon barel edir”.

Ekspertin fikrincə, hasilatın azaldılması qərarı Qazaxıstan üçün də əlverişli deyil: “Yeni kvota ilə Qazaxıstan “Kaşağan” yatağından neft hasilatını artıra bilmir. Onlar bu layihəyə 60 mlrd dollara qədər vəsait xərcləyiblər və ildə 13-15 milyonluq neft hasilatı ilə təbii ki, onun xərcini onilliklər boyu ödəmək qabiliyyətində olacaqlar mənfəət almadan”.

A.Novak bu gün OPEK üzvü olmayan hasilatçı ölkələrin nazirləri ilə görüşə qatılacaq. Hasilatla bağlı yekun qərarın da məhz bu gün qəbul olunması gözlənilir. İ.Şaban hesab edir ki, hətta Rusiya razılaşmasa belə, hasilatın azaldılması qərarını digər ölkələr icra edəcəklər.

Bənzər yazılar

Back to top button