Hadisə

Məhkəmə Saleh Rüstəmovu vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib

Martın 3-də Nizami Rayon Məhkəməsi siyasi məhbus Saleh Rüstəmovun vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatəti təmin etməyib.

2021-ci il dekabrın 6-da Rüstəmovun vəkilləri uzun sürən aclıq nəticəsində onun səhhətinin kəskin pisləşməsilə əlaqədar onun azadlığa buraxılması barədə vəsatət qaldırıblar. İş hakim Nəriman Mehdiyevin icraatına verilib. O vaxtdan bəri cəmi bir dəfə – dekabrın 30-da iclas keçirilib və ekspertiza təyin edilib.

Növbəti iclas martın 3-də keçirilib və bu barədə vəkil Bəhruz Bayramova son anda məlumat verilib. Vəkil iclasın Gəncə şəhərində başqa prosesinn olması ilə əlaqədar iclasın vaxtının dəyişdirilməsini xahiş edib. Hakimin köməkçisi bildirib ki, iclas martın 10-na keçirilir. Ancaq vəkili aldadıblar, işə onsuz baxıblar.

Martın 4-də Rüstəmov yaxınlarına zəng edərək deyib ki, məhkəmə keçirilib və onu azad etməkdən imtina ediblər.

Vəkil Turan-a bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. O həmçinin deyib ki, Ali Məhkəmənin Plenumu doğmalarının və ictimaiyyətin çoxsaylı müraciətləri nəzərə alınaraq Rüstəmovun vaxtından əvvəl azad edilməsi barədə müraciəti təmin etməyib.

* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ Müharibəsi veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlı saxtalaşdırlmış iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edib, 44-cü gün onu dayandırıb. Saleh Rüstəmov Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olarkən rayonun sərhədyanı kəndlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Başkənd əməliyyatının rəhbərlərindən biri olub. (Turan)

Bənzər yazılar

Back to top button