Hadisə

Yaqub Məmmədov qalmaqallı müsahibəsindən imtina etdi, “Şərq” qəzeti ortaya səs yazısı çıxardı – VİDEO

Akif Aşırlı: “Açıqlama verib, hər hansı təhrif yoxdur ortada”.

“Ukrayna – Rusiya müharibəsində əsas günahkar ABŞ-dır”.

Pia.az xəbər verir ki, bu sözləri “Şərq”ə açıqlamasında Milli Məclisin sabiq sədri, professor Yaqub Məmmədov deyib. Eks spiker bildirib ki, NATO Rusiyanın qərb sərhədlərinə yaxınlaşmamalıydı. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin neçə dəfə Amerikaya xəbərdarlıq etdi: “Rusiya Qərb üçün deyil, Qərb Moskva üçün təhlükə yaradırdı. Bu, Qərb-Rusiya qarşıdurmasıdır və indiki məsələdə haqq-ədalət Rusiyanın tərəfindədir. Əfsuslar olsun ki, burada ən böyük ziyanı Ukrayna xalqı, mülki adamlar görür. Müharibə uzanacaq. Ukrayna balaca dövlət deyil, ukraynalılar mübariz xalqdır. Kaş müharibə olmayaydı, iki qardaş xalqı, slavyan millətlərini bir-birinə qırdırırlar.

Tarix boyu birlikdə yaşamış xalqları bir-birinə düşmən edən ABŞ-dır. Siyasətçilərin oyunbazlığı, hegemonluq davası xalqları qarşı-qarşıya qoyur. Prosesləri, insan itkilərini ürək ağrısı ilə izləyirik. Gözəl bir ölkə dağılır, şəhərləri viran olur, mülki insanlar qurbana çevrilir. Qərb bunu istəyirdi?”.

Y.Məmmədov vurğulayıb ki, Amerika Rusiya rəhbərliyini qıcıqlandırmasaydı, müharibə başlamazdı.

Pia.az xəbər verir ki, sözügedən açıqlama cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə şok effekti yaradıb. Rusiyanın MM-in sabiq sədri, Azərbaycanın müvəqqəti rəhbəri olmuş biri tərəfindən bu dərəcədə canfəşanlıqla müdafiə edilməsi etiraza səbəb olub.

Bu məqamda isə tanınmış jurnalist Natiq Cavadlı bu müsahibə ilə bağlı sosial şəbəkədə bir status paylaşıb. Statusda bildirilib ki, “Dezinformasiyadır. Yaqub Məmmədov deyir ki, ona bu mövzuda nə sual verən olub, nə də özü hansısa media orqanında danışıb”.

Müzakirələr zamanı N.Cavadlı həmçinin bildirib ki, Y.Məmmədovun bu müsahibəni təkzib etməsi ilə bağlı dedikləri səs yazısı formasında ona göndərilib və bu baxımdan belə bir status yazmaq qərarına gəlib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə buna öz münasibətini statusun altında şərh yazaraq bildirib: “İctimai etirazı görüb, geri çəkilə, fikrini dana bilər. Amma bizim də mövqeyimiz olmalıydı. Dəqiqləşdirilməmiş niyə yazırsız? Açıqlama verib, hər hansı təhrif yoxdur ortada”.

Müzakirələrin gedişində A.Aşırlı aşağıdakıları da qeyd edib: “Jurnalistikanın təkcə xəbər , təhlil üzərində qurulmadığını peşəkar kimi gözəl bilirsıniz. Jurnalistika həm də cəmiyyətdə fərqlilikləri təqdim eləməlidir. Mövqeləri cəmiyyətə catdırmalıdır. Yaqub Məmmədov eks – spikerdir , onun bu məsələdəki mövqeyinin cəmiyyətə maraqlı olacağını düşünərək , bu yazı hazırlanıb , burada qeyri – adi hec nə yoxdur. Hətta Ayaz Mütəllibovun da mövqeyi maraqlıdır , təəssüf ki , onunla əlaqə qurmaq cətin olub. O ki qaldı “Şərq”in Ukrayna – Rusiya savaşında informasiya balansı hansı istiqamətdədir, sadəcə baxmaq lazımdır. Həm də “Şərq”cilər öz əmək haqqından, qonararından kəsib Ukraynaya humanitar yardım göstərən tək redaksiyadır”.

“Şərq” qəzeti daha sonra saytda dərc olunan açıqlamaya Y.Məmmədovun səs yazısını da əlavə edib. Bununla da Y.Məmmədovun müsahibə verməməsi ilə bağlı yaydığı səs yazısı öz etibarlılığını itirib.

Bənzər yazılar

Back to top button