ManşetSiyasət

“Ordudakı korrupsiya şəbəkəsi dağılmalıdır”

“Müdafiə Nazirliyində DTX-nın keçirdiyi antikorrupsiya əməliyyatı və həbslər davam edir. Bu həbslər Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkəsinin mövcud olmasından və dərin kök salmasından xəbər verir”.

“AzPolitika.info” xəbər verir ki, bunları “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev özünün “Facebook” səhifəsində yazıb.
Ə.Nuriyev Müdafiə Nazirliyində aparılan istintaqı dərinləşdirmək, Nazirlikdəki korrupsiya şəbəkəsini sıradan çıxarmaq çağırışı edib.

“Bu korrupsiya şəbəkəsini tamamilə dağıtmaq, qazıyıb köklərini çıxarmaq ölkəmizin milli təhlükəsizlik məsələsidir. Bu prosesi yalnız alaq etməklə yekunlaşdımaq, prosesi yarımçıq saxlamaq Müzəffər Ordumuza böyük zərbə olardı”, – Nuriyev qeyd edib.

O, istisna etmir ki, sözügedən şəbəkə təkcə dövlət vəsaitini mənimsəməklə kifayətlənməyib, digər məqsədlərə də xidmət edib: “İndiyə qədər ictimaiyyət üçün açıqlanan məlumatların təhlili göstərir ki, bu korrupsiya şəbəkəsi yalnız Orduya ayrılmış maliyyə vəsaitini mənimsəməklə məşğul olmayıb, həmçinin istisna deyil ki, xarici qüvvələrə xidmət etməklə, bilə-bilə Silahlı Qüvvələrimizin döyüş potensialını aşağı salmağı da məqsəd kimi qarşıya qoyub. Hesab edirəm ki, Orduda korrupsiya halları ilə bağlı araşdırma daha geniş miqyası əhatə etməli və müvafiq rəhbər şəxslər də məsuliyyətdən kənarda qalmamalıdır.

Həmçinin, biz Nazirliyin tibb xidməti ilə bağlı da şikayətlər alırıq. Bu sahəyə də diqqət yetirilməlidir. Daha vacib məsələlərdən bir də Ordumuzda qohum-əqrəba şəbəkəsinin dağıdılmasıdır. Nazirliyin rəhbər şəxslərinin yaxın qohumlarının korrupsiya riski yüksək olan sahələrdə vəzifəyə gətirilməsi korrupsiya üçün mübit şərait yaradır. Bütün bu tədbirlərlə yanaşı müdafiə sektoruna parlament və ictimai nəzarətin gücləndirilməsi üzərində düşünmək zəruridir. Azərbaycan bu sahədə beynəlxalq reytinqlərdə geri qalır və ölkəmizi bu tənqidlərdən qorumaq üçün müvafiq addımlar atılmalıdır”.

Bənzər yazılar

Back to top button