AnalitikaDünya

“Rusiya NATO-nu cilovlamağa çalışırdı, əksinə oldu – qızışdırdı”

ABŞ-ın “Wall Street Journal” qəzetində “Rusiya NATO-nu cilovlamağa çalışırdı, əksinə oldu – alyansı qızışdırdı” başlıqlı məqalə dərc olunub.

Novator.az saytının məlumatına görə, məqalədə deyilir: “Soyuq müharibədən sonrakı dünyada NATO illərlə susqun qalmışdı. Rusiyanın Ukraynaya hücumu onu yenidən canlandırdı”.

Məqalədə bildirilir ki, NATO-nun üzvü olan Litva daima Moskvadan ehtiyatlandığına görə Rusiya ilə sərhəddən 62 mil məsafədə yerləşən Rukla hərbi bazasında qoşunlarını tam hazır vəziyyətdə saxlayıb: “Amma Litvanın NATO-dakı müttəfiqləri ölkənin bu ehtiyatkarlığına həmişə barmaqarası baxıb. İndi isə məsələyə yanaşma dəyişib. Rusiya prezidenti Vladimir Putin bu il fevralın 24-də Ukraynaya hücum əmri verəndən bəri NATO Ruklaya 600 əsgər göndərib. Ümumilikdə bu kiçik Baltikyanı ölkədə NATO qoşunlarının sayı iki dəfə artırılaraq 3000 nəfərə çatdırılıb. Alyans Ruklaya ABŞ və digər ölkələrdən daha 1000 hərbçi göndərməyi planlaşdırır”.

Məqalədə vurğulanır ki, Rusiyanın Ukraynaya təcavüzü Qərb demokratiyalarının, siyasi və iqtisadi azadlıqların müdafiəsi işində NATO-nun həlledici rol oynadığını təsdiqlədi, alyans üzvlərini tez-tez tənqid etdikləri bu hərbi blok ətrafında birləşməyə sövq etdi: “Bu birlik Uraynada müharibə və itkilər, Qərbdə isə ciddi iqtisadi çətinliklər bahasına əldə edilir.

NATO-nun canlandırılması alyansa üzv dövlətlərə yüz milyardlarla dollara başa gələcək. Yəqin ki, öz resurslarını iqlim dəyişikliyi və pandemiya ilə mübarizə kimi məsələlərə yönəltmiş alyans bu hədəfləri arxa plana keçirmək məcburiyyətində qalacaq.

NATO üzvləri Putinin onlara başqa çıxış yolu qoymadığını söyləyirlər. Bugünlərdə NATO-nun baş katibi Yens Stoltenberq Estoniyada (Estoniya da Litva və Latviya kimi 1991-ci ildə Sovet İttifaqından ayrılıb və 2004-cü ildə NATO-ya daxil olub) hərbi bazada çıxış edərkən dedi ki, Putin öz hərəkətləri ilə NATO-nu geri itələyəcəyini düşünürsə, çox yanılır”.

“Wall Street Journal” yazır ki, Rusiya prezidentinin Ukraynaya hücumunun yaratdığı şok dünyanın bir çox ölkəsini on illər boyu yürütdüyü siyasətə yenidən baxmağa vadar edib: “Hətta bu yaxınlaradək Putini tərifləyən Avropanın populist siyasətçiləri də artıq Kremlə dəstəyi azaldıb.

Almaniya kansleri Olaf Şolts Ukraynaya silah göndərməklə və öz ölkəsinin müdafiə xərclərini iki dəfəyə qədər artıracağını bəyan etməklə Berlinin hərbi susqunluğuna son qoyub.

Uzun illərdir NATO-nun tərəfdaşı olan neytral dövlətlərdə – Finlandiya və İsveçdə əhalinin əksəriyyəti ilk dəfə olaraq NATO-ya üzvlük üçün müraciət etmək ideyasını dəstəkləməyə başlayıb.

Estoniyanın baş naziri Kaya Kallas mətbuata açıqlamasında dünyanın 24 fevralda dəyişdiyini vurğulayaraq deyib: “Zənnimcə, NATO-nun şərq cinahını müvəqqəti yox, daimi formada gücləndirməyə ehtiyac olduğunu indi hamı görür”.

Son günlər NATO dövlətləri alyansın şərq cinahına minlərlə hərbçi, zirehli texnikalar, artilleriya bölmələri, gəmilər, qırıcılar göndərib. NATO Arktikadan tutmuş Aralıq dənizinə qədər 130-dan çox təyyarə və 200 gəmi ilə bölgənin keşiyini çəkir”.

Məqalədə ABŞ-ın dövlət katibi Entoni Blinkenin ötən həftə NATO-nun Brüsseldəki qərargahında dediyi “Alyansın missiyası müdafiədir, ancaq münaqişə bizim zonaya keçsə, NATO öz ərazisinin hər qarışı uğrunda mübarizəyə hazırdır” sözlərinə də diqqət çəkilir və xatırladılır ki, NATO-nun fundamental prinsiplərindən biri qarşılıqlı müdafiə paktıdır. Həmin pakta əsasən, NATO-nun bir üzvünə hücum alyansın bütün üzvlərinə hücum deməkdir.

Bənzər yazılar

Back to top button