Dünya

Vladimir Zelenski yanılmayıb

Ukrayna və RF arasında müharibənin başlamasından etibarən bizim informasiya məkanımızda nüfuzlu şəxslərin Ukrayna prezidenti Vladimir Zelenskinin səhv siyasəti haqqında çox sayda təhlil və bəyanatına rast gəlmək olar. 90-cı illərdə Azərbaycan prezidenti səlahiyyətlərini icra edən Y.Məmmədov da bu xora qoşulub. Bu bəyanatların müəllifləri hesab edirlər ki, Zelenski RF ilə razılıq əldə etmək üçün vaxtı uzatmalı, bununla da müharibədən yayınmalı idi. Alternativ kimi bizim Moskvaya münasibətdə siyasətimizi göstərirlər. Amma bu tezis yanlışdır və biz bunu sübut etməyə çalışacağıq.

Birincisi, biz DQ problemini müharibəsiz həll edə bilmədik. Sadəcə olaraq, rəqib zəif idi, buna görə müharibənin miqyası və onun vurduğu ziyan Ukraynanın çəkdiyi ziyanla müqayisə oluna bilməz.

İkincisi, nəzərə almaq lazımdır ki, Ukraynanın və bizim regionumuzun əhəmiyyəti, onların RF-nin daxili və xarici siyasətinə təsiri müqayisə oluna bilməz.

Status-kvo Moskvanı qane etmirdi. Ukrayna gündən-günə RF-dən uzaqlaşır və Qərbə yaxınlaşırdı. Demokratik, firəvan Ukrayna RF-nin daxili siyasi məkanında qüvvələr balansını hakimiyyətin xeyrinə olmayacaq şəkildə dəyişdirə bilərdi. Zaman Kremlin əleyhinə işləyirdi. Buna görə Kreml həm Qərb, həm də Kiyevlə ritorikasını sərtləşdirdi.

Zelenski seçim qarşısında qoyuldu: o, ya Minsk sazişi ilə Rusiyanın təfsir etdiyi şəkildə razılaşır və Qərblə inteqrasiyadan imtina edir, ya da müharibə ilə üzləşir. Rusiyanın təfsirində Minsk razılaşmaları Ukraynanın federallaşmasını və Donetskdə separatçı rejimin rəhbəri olan Puşilinin legitimləşməsini nəzərdə tuturdu. Bu, bizim Xankəndində A.Arutunyanın ofisini tanımamız və onunla əməkdaşlıq etməyimizlə eyni olardı. Təbii ki, Kiyev bunu edə bilməzdi. Aydındır ki, Minsk razılaşmalarının Rusiya təfsirindən imtina edən Zelenski bu razılaşmaların əleyhinə olan elektoratın fikrini də nəzərə alırdı. Bu, hərbi əməliyyatlar zamanı təsdiqini tapdı. Heç kim Zelenskinin “uğursuz siyasətinə” qarşı etiraz aksiyası keçirmir, amma vətəndaşlar işğal edilmiş yaşayış məntəqələrində mitinq edərək, işğalçı qoşunların oradan çıxarılmasını tələb edirlər. Əhali Zelenskinin siyasətinin səhv olduğunu düşünsəydi, asanlıqla onu Moskvaya loyal olan bir şəxslə əvəz edə və sülh haqqında razılığa gələ bilərdi. Ukraynanın xalqın maraqlarına zidd olan prezidenti dəyişdirmək təcrübəsi var. Amma bunun əksi baş verdi. Hətta Medvedçuk və digər Rusiyapərəst siyasətçilər insanların Rusiya təcavüzünə münasibətini gördükdə ya Ukraynadan qaçmaq, ya da kölgəyə çəkilmək məcburiyyətində qaldı. Buradan belə bir nəticə çıxır ki, Zelenskinin siyasəti Ukrayna cəmiyyətinin birgə mövqeyidir. Yeri gəlmişkən, sonuncu sosial sorğular da bunu təsdiq edir.

Hazırda respondentlərin 90%-i Zelenskini dəstəkləyir, sorğu iştirakçılarının 80%-i isə hesab edir ki, bu müharibədə qalib gələcəklər.

Sonda bu müharibəyə demokratiya və avtoritarizmin mübarizəsi prizmasından baxmaq istərdim. Burada demokratik cəmiyyətin öz azadlıqları uğrunda özünütəşkilinin şahidi oluruq. Demokratiya məhəllə problemlərinin kollektiv həllindən başlayır və yüksələn xətt ilə ümummilli və dövlət məsələlərinə qədər çatır. Buna görə Ukrayna hərbi relsə belə asan və tez keçdi. Heç bir böyük rəhbər vəzifədən azad edilmədi. Böyük şəhərlərin bütün merləri hərbi relsə keçməyi və öz şəhərlərini uğurla idarə etməyi bacardı. Yuxarı komanda heyəti arasında istefalar olmadı. Yəni demokratik cəmiyyətlərdə tətbiq edilən kadr seçimi avtoritar maşın üzərindəki üstünlüyünü göstərdi. Videokadrlarda Ukraynanın azad döyüşçülərinin əminliyi və RF-nin zəncirlənmiş və tutqun əsgərləri üzərində psixoloji üstünlüyü görünür. Rusiya tərəfi döyüş əməliyyatlarının aparılmasında da geridə qalır. Hətta mütəxəssis olmayan insanlar belə bu əməliyyatın planlaşdırılmasındakı səhvləri görə bilir. USQ-nin imkanları və Ukraynalıların müharibəyə münasibəti yanlış qiymətləndirilib. Hərbi hissələrin pis əlaqələnməsi, maddi-texniki təchizatın qabaqcıl qüvvələrə nisbətən geridə qalması, kəşfiyyatın pis işi açıq-aydın görünür. Bu günə qədər bir böyük şəhər belə işğal edilməyib, bu da RF Silahlı Qüvvələrinin ümumi zəifliyini göstərir. Biz videokadrlarda köhnə silahlar, texnika və təlimsiz şəxsi heyət görürük. Reklam edilən ordu islahatlarının boş sözlər olduğu məlum oldu. Avtoritar, korrupsiyaya uğramış və kleptokratik, yüksək vəzifələrə təyinatın peşəkarlıq xüsusiyyətlərinə məhəl qoyulmadan, yalnız şəxsi sədaqət prinsipi ilə baş verdiyi ölkədə başqa cür ola da bilməzdi.

Və bu, tarixən də qanunauyğundur. Birinci Dünya Müharibəsində bütün qalib ölkələr – ABŞ, Böyük Britaniya, Fransa demokratiya idi. Qaliblər monarxiya diktaturasına qalib gələn demokratlar idi.

Bu müharibənin daha bir maraqlı cəhəti odur ki, dünya azadlıq uğrunda mübarizədə demokratik dünya ictimaiyyətinin birliyindən əmin oldu. Qərb ölkələrinin köməyi olmadan Ukrayna bu qeyri-bərabər mübarizəyə tab gətirə bilməzdi. Və demokratiyaya şübhə ilə yanaşan ölkələr səhv etdiklərini dərk edirlər və doğru qərar qəbul edəcəklər.

Ağabalayev Şahmar

Turan.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button