İqtisadiyyat

Fermerdən Mikayılova çağırış: Enerji kəsilib, motorlar sönüb, milyonlarla ziyan…

“Ötən gecədən Sabirabad rayonunda Kür çayından su vuran nasosların hamısı dayanıb”.

Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkədə ölkənin tanınmış pambıqçısı fermeri Əfras Əsgərov yazıb.

Fermer nasosların dayanmasına səbəb kimi elektrik enerjisinin kəsilməsini göstərir: “Səbəb deyilənə görə elektrik enerjisinin kəsilməsidir. Hələ bir-iki saata enerji təminatı bərpa olunarsa, uzunluğu 20 km olan su kanallarının doldurulması üçün bir sutka vaxt lazımdır”.

Ə.Əsgərov yaranan problemə görə böyük su itkisinin olduğunu və buna görə də dövlətə milyonlarla manat ziyan dəydiyini yazaraq, müvafiq şəxslərin bu zərəri görmədiyini və yaxud özlərini görməməziliyə vurduğunu deyir.

Fermer sonda yaranmış problemi imkanı olan şəxslərdən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılova çatdırmalarını xahiş edir.

Qeyd edək ki, Zaur Mikayılov ötən il aprel ayının 5-də Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-yə sədr təyin edilib.

Prezident İlham Əliyev təyinatla bağlı Zaur Mikayılovu videoformatda qəbul edərkən yeni sədrə tapşırdığı ən vacib məsələlərdən biri meliorasiya sahəsində olan itkilərin qarşısını almaq idi:

“Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması, əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir”-deyə, dövlət başçısı bildirmişdi.

Bənzər yazılar

Back to top button