Cəmiyyət

Ərdoğan diktatorluq qurucaqmı və ya Türkiyə “banan” respublikasıdırmı?

Türkiyədə sosial şəbəkələr bağlana bilər. Prezident Rəcəb Tayyib Ərdoğanun qızı, maliyyə naziri Berat Albayrakın həyat yoldaşı Esra Erdoğan Albayrakın dördüncü övladının doğulduğu xəbərinə Twitter-də @slumdogpoor adlı istifadəçinin “Hani karısı kovmuştu evden, bu çocuk kimden peki?” tweeti Türkiyədə yeni siyasi mərhələnin başlanğacını qoydu. Bu təhqirə qarşı Türkiyənin ictimai-siyasi xadimlərinin istisnasız olaraq Esra Erdoğan Albayraka mənəvi dəstək verməsinə, təhqir yazan şəxsin həbs olunmasına baxmayaraq prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrin bağlanması, bunun üçün qanunun qəbul edilməsi təklifi ilə çıxış etdi.

Sosial şəbəkələrin bağlanmasını və ya tamamilə nəzarət altına alınma zərurətini Ərdoğan Türkiyənin “banan” respublika olmaması ilə izah edib. Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkiaşf (AK Parti) Partiyasından olan deputatlar artıq müvafiq qanunvericilik layihəsi hazırlamağa başlayıb. Qanun layihəsi Whatsapp və Netflix də daxil olmaqla Youtube, Facebook, Twitter, Instagram və Telegram-ın bağlanmasını nəzərdə tutur. Məlumatlara görə, AK Parti daxilində sosial şəbəkələrlə bağlı fikir ayrılığı mövcuddur. AK Partidə dindar qanad hesab olunan qrup sosial şəbəkələrin bağlanmasını istərkən, sağ mərkəzçi qrup bu addımın Türkiyə üçün çox ağır nəticələrə səbəb ola biləcəyinin fərqindədir.

Ancaq heç kim Ərdoğanın əleyhinə gedə bilmədiyi üçün sosial şəbəkələrlə bağlı qadağaları nəzərdə tutan qanunun qəbul olunacağı qaçılmaz görünür. Xüsusilə də Milliyətçi Hərəkat Partiyasının sosial şəbəkələrin bağlanmasına tam dəstək verməsini nəzərə alsaq, Böyük Millət Məclisinin müfaviq qanunvericilik aktını qəbul edəcəyi ehtimalı çox yüksəkdir.

Ərdoğanın sosial şəbəkələri bağlamaq istəyinə Türkiyə siyasətində təsir imkanları çox geniş olan Doğu Perinçek də dəstək verib. Vətən Partiyasının lideri olan Doğu Perinçek Ərdoğana müraciət edərək diktatorluq tətbiq etməyə çağırıb. Kəskin Qərb əleyhidarı, Rusiya ilə yaxınlaşma tərəfdarı olan Perinçek insan haqq və hüquqlarının da məhdudlaşdırılmasının tərəfdarıdır. Qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn Doğu Perinçek bir neçə gün öncə Krımın Rusiyanın ərazisi kimi tanınmasını istəmişdi. Perinçek Türkiyə siyasətinin ən ziddiyətli fiqurlarından hesab olunur. Başçılıq etdiyi Vətən Partiyası seçkilərdə 1 faiz səs ala bilmədiyi halda, Perinçek Ankarada ən çox təsirə malik siyasətçilərdən biri hesab olunur.

O ki qaldı Türkiyənin “banan” respublikası olmaması ilə bağlı Ərdoğanın sosial şəbəkələri bağlamaq üçün gətirdiyi dəlilin də heç bir əsası yoxdur.

O. Henry imzası ilə tanınan məşhur yazıçı Villiam Sydney Porterin Hondurası nəzərdə tutduğu “Banan Respublikası” ifadəsi çağdaş dövrümüzün siyasi ədəbiyyatında hüquq və azadlıqların məhdud olduğu ölkələrə yönəlik işlədilir.

Türkiyənin hüquqi cəhətdən “banan respublika” olub-olmadığını görmək üçün isə bu ölkənin insan hüquqları, mətbuat azadlığı, qanunun aliliyi, korrupsiyanın səviyyəsi bağlı beynılxalq reytinq cədvəllərində tutduğu yerə baxmaq lazımdır.

Əgər sosial şəbəkələr bağlansa, Türkiyədə insan haqq və hüquqları daha da məhdudlaşdırılacaq və Periçekin arzuladığı diktatorluq bərqərar olmağa başlayacaq.

Xaqani Cəfərli, politoloq

Yazı müəllifin “Facebook” səhifəsindən götürülüb.

Bənzər yazılar

Back to top button