Cəmiyyət

Dağıstanla sərhəddə yüzlərlə azərbaycanlı sərhədi keçməyi gözləyir

Azərbaycan və RF arasında birbaşa aviasiya əlaqəsinin dayandırılması azərbaycanlıların vətənə qayıtması üçün çətinliklər yaradıb.

Buna qədər iki ölkə arasında quru sərhədi pandemiya ilə əlaqədar bağlanmışdı.

İndi Rusiyadan Azərbaycana yalnız Türkiyə üzərindən uçuşla gəlmək olur. Aviabiletlərin qiymətləri isə kəskin şəkildə bahalaşıb.

Buna görə azərbaycanlılar kütləvi şəkildə Dağıstan-Azərbaycan sərhədinə yönəlirlər.

Amma sərhəddən 15-20 km məsafədə onları saxlayırlar və “Oqonyok” düşərgəsindəki qəbul mərkəzinə göndərirlər. Amma mərkəz artıq dolub və insanlar artıq oraya buraxılmır, deyə düşərgədə olan şəxslər Turan-a bildiriblər.

Yüzlərlə insan soyuq havada avtomobillərdə, qeyri-yaşayış məskənlərində gecələmək və od qalayıb isinmək məcburiyyətində qalıblar.

Pandemiya ilə əlaqədar, demək olar ki, bütün məhdudiyyətləri ləğv edən Azərbaycan hökuməti quru sərhədlərini bağlı saxlayıb. Beləliklə, Rusiyadakı yüz minlərlə həmvətənimizin maraqları nəzərə alınmayıb.

Azərbaycanlıların Dağıstanda yığışması onlar arasında iğtişaşlara gətirib çıxara bilər. 2020-ci ilin yayında çarəsiz vətəndaşlar Rusiyanın güc qurumları ilə qarşıdurmaya giriblər.

“Dünən insanlar etiraz etməyə çalışıblar, amma xüsusi təyinatlı milis dəstəsi göndərilib, milis mitinqlərin yolverilməz olduğu barədə xəbərdarlıq edib. Biz Azərbaycan hökumətinin sərhədi açmasını gözləyirik”, deyə sərhəddəki Azərbaycan vətəndaşlarından biri bildirib.

Xatırladaq ki, iki ölkə arasında aviauçuşlar martın əvvəlində dayandırılıb.

Bənzər yazılar

Back to top button