Siyasət

Bakıda Moskva prospektinin Mariupol adlandırılması təklif olunub

Demokartiya Naminə Ukraynaya Dəstək Platforması Bakı şəhərindəki Moskva prospektinin adının dəyişdirilərək Mariupol prospekti adlandırılmasını təklif edib. Müvafiq müraciət Bakı şəhər İcra Hakimiyyətinə göndərilib. Müraciəti artıq min nəfərdən çox vətəndaş imzalayıb.

“Ukrayna xalqının işğalçı Rusiya ordusuna qarşı qəhrəmancasına müqavimətini bütün dünya heyranlıqla izləyir. Günlərdir mühasirədə olan Mariupol şəhərində ukraynalılar rus faşizminə qarşı dirəniş tarixinin qızıl səhifələrini yazırlar. Rusiya hərbi hava qüvvələri 400 mindən artıq insanın yaşadığı bu şəhəri gecə-gündüz bombardman etməkdədir. Artıq 2000 nəfərdən çox insanın həlak olduğu bildirilir”, deyə Platformanın məlumatında qeyd edilir.

Öz növbəsində, Demokartiya Naminə Ukraynaya Dəstək Platformasının təklifi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bu il fevralın 1-də təsis edilib. Platforma heç bir siyasi partiya və ictimai birliyi təmsil etməyən vətəndaş təşəbbüsüdür. Platformaya siyasətçilər, politoloqlar, jurnalistlər, ziyalıların nümayəndələri – Xaqani Cəfərli, Tural Ağayev, Asif Yuisfli, Sevinc Vaqifqızı, Adil Qeybulla, Tatyana Kryuçkina, Seymur Həzi və Əbülfəz Qurbanlı daxildir.

Bənzər yazılar

Back to top button