Hadisə

“Porsche” ilə söhbətə gedən məmur Səadət Sarayının qarşısında döyüldü

Bakıda qadının birinci əri ilə ikinci həyat yoldaşı arasında düşən dava məhkəmə predmeti olub.

AzToday.az-ın “Kriminalqafqaz”a istinadən məlumatına görə, paytaxt sakini Gülnaz A.-nın (ad şərtidir) birinci və ikinci əri Səadət Sarayının qarşısında əlbəyaxa davaya çıxıblar.

1984-cü il təvəllüdlü Çingiz Ə. (ad şərtidir) 2019-cu ildə həyat yoldaşından boşanıb. Boşanmadan sonra alimenti ödəmədiyindən iş icra şöbəsinə yönləndirilib və Nəsimi Rayon İcra Probasiya Şöbəsinin icra məmuru Camal M.-in icraatına verilib. Bu əsnada Camalla Gülnaz arasında yaxınlıq yaranıb və onlar evlənməyə qərar veriblər. Bunu görən Çingiz keçmiş arvadı ilə icra məmuru arasındakı münasibəti aydınlaşdırmaq üçün Camalla görüşüb və aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, Camala və onun “Porsche” markalı avtomobilinə zərər vurub. İcra məmuru qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və bədən xəsarətləri alıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Məhkəmədə dindirilən zaman təqsirləndirilən şəxs Çingiz Ə. deyib ki, Camalla heç bir düşmənçiliyi olmayıb:

“Gülnazla 2008-ci ildə evlənmişik. İki qız övladımız var. 2019-cu ildə münasibətlər korlandığından boşandıq. Boşandıqdan sonra onun mənə qarşı aliment tələbi ilə bağlı qərarın icrası Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Camal M.-ə həvalə edildi. Onunla bir neçə dəfə qərarın icrası ilə əlaqədar görüşmüşdüm. 2020-ci ildə axşam 11 radələrində Gülnazın yaşadığı evin qarşısından keçərkən Camalın avtomobilinə əyləşdiyini gördüm, aralarında səmimi münasibət olmasından şübhələndim. Boşandığım üçün onun gələcək həyatı məni maraqlandırmırdı. Amma Camalla arasındakı münasibətləri dəqiqləşdirmək istədim. Soraqlaşdıqda Gülnazın ondan hamilə olması və ailə quracaqları məlum oldu. Sonradan artıq rəsmi nikaha daxil olaraq birlikdə yaşadıqlarını öyrəndim”.

Bir gün anası ilə yaşayan 11 yaşlı qızım zəng vuraraq məndən onun atası olub-olmadığımı soruşdu. Mən uşağın bu sualı qarşısında çaşbaş qaldım. Mən ona atası olduğumu izah etməyə çalışarkən Camal telefonu götürərək məni təhqir etdi, nalayiq ifadələr işlətdi. Buna görə də Camal barəsində polisə müraciət etdim. Lakin o, polis bölməsinin çağırışına gəlmədi. Hətta atası R. oğlunun bu hərəkətinə görə məndən və qardaşımdan üzr istədi. Oğlunu bağışlamağı xahiş etdi və biz atasının xahişinə görə Camaldan şikayətçi olmadıq.

3 aprel 2021-ci ildə mənə Raul adlı bir şəxs kobud şəkildə zəng edib görüşə çağırdı. Əvvəlcə Yasamal qəbiristanlığı ərazisində görüşməyi təklif etdi. Sonradan qardaşım onu Səadət Sarayının qarşısına çağırdı. Ora gedəndə “Porcshe” markalı “99 MG 666” seriyalı avtomobildə Camalı gördüm. Həmin vaxt qardaşım Camalın dostu Raulla avtomobilin yanında dayanıb söhbət edirdi. Mən onlara yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyərkən Camal “Porcshe”dən düşüb təpik atdı. Sonra qardaşımın sifətinə yumruq vurdu. Bunu görüb araya girdim, yumruqla Camalın başından vurdum. Polis əməkdaşları ora yaxınlaşdı. Camal avtomobilinə əyləşərək ərazidən uzaqlaşdı. Polislər məni, qardaşımı və Raulu bölməyə apardılar. Camalın barəsində şikayət ərizəsi yazdım. Camalın bizim onu döyməyimizlə bağlı iddiaları tamamilə yalandır. Mən onun avtomobilini zədələməmişəm”.

Camal M. isə ifadəsində göstərib ki, aliment tələbi ilə bağlı işi apararkən Gülnazla münasibəti yaranıb, daha sonra ailələrini tanış edərək kəbin kəsdiriblər:

“Rəsmi nikah və toy karantindən sonra olacaqdı. Gülnaz məndən hamilə oldu və hazırda bir oğlumuz var. Bu məsələdən xəbər tutan Çingiz qızları ilə görüşüb danışmaq üçün dəfələrlə bizim evə zəng edib. Çingiz hər bəhanə ilə ailəmdə narahatlıq yaradırdı. Zənglərdən birində mən telefonu götürüb bir daha evə zəng etməməsini tələb etdim. Polisə müraciət edərək guya ögey qızımla yaxşı davranmadığımı bildirib. Halbuki uşaqlar mənə ata deyir, Çingiz barədə isə yaxşı fikirdə deyillər. Mən polisə gedəndə Çingiz və qardaşı mənə söyüş söydülər.

Bir dəfə dostum Raula bu hadisələr barədə danışdım. Raul yanımda Çingizə zəng edərək məsələnin kökündən həll olunması üçün oturub söhbət etməyi təklif etdi. Səadət Sarayının qarşısında avtomobildən düşəndə Çingiz və tanımadığım şəxs üzərimə gəlib təpik atdı. Qardaşı məni arxadan qucaqlayaraq qollarımdan tutdu. Çingiz isə başıma yumruq zərbələri vurdu. Zərbənin təsirindən özümü itirib yerə yıxıldım, yerdə uzanıqlı vəziyyətdə olarkən başıma təpiklərlə vurmağa başladılar. Polis əməkdaşları hadisə yerinə yaxınlaşanda güc tapıb avtomobilə əyləşdim və oradan uzaqlaşdım. “5 mərtəbə” adlanan ərazidə DYP əməkdaşları maşını saxladı, polis bölməsinə dəvət etdilər. Onlar ümumilikdə 7-8 nəfər idilər. Avtomobilin ön buferinin sağ hissəsi batmış, boyası pozulmuşdu. Mənə 200 manat ziyan dəyib”.

Məhkəmə araşdırması zamanı hadisə yerinə “Dodge Durango” markalı avtomobildən dörd nəfər şəxsin düşməsi də müşahidə olunub. Səbail Rayon Məhkəməsi xuliqanlıq ittihamı ilə Çingiz Ə. barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun üzərinə başqa yerə getməmək iltizam tədbiri qoyulub. Lakin Çingiz Ə. Zəfər Günü ilə bağlı amnistiya aktının təsir dairəsinə düşdüyü üçün bəraət alıb və üzərindəki cəza götürülüb.

Hökmdən narazı qalan icra məmuru apellyasiya şikayəti verib və işin yenidən istintaqa qaytarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar dəyişdirilmədən saxlanılıb.

Bənzər yazılar

Back to top button