Dünya

ABŞ 20 ölkədə Rusiyanın işğalını dəstəkləyən 120-dən çox hədəfə sanksiya tətbiq edib

Çərşənbə günü Bayden administrasiyası 20-dən çox ölkədə, o cümlədən Çin, Ermənistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Malta, Suriya, Macarıstan və digər ölkələrdə 120-dən çox şəxsə və təşkilata sanksiya tətbiq edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Son sanksiyaları elan edən dövlət katibi Entoni Blinken açıq işarə edib ki, ABŞ və onun müttəfiqləri “Rusiyaya və Ukraynada müharibəni dəstəkləyənlərə qarşı tədbir görməyə davam edəcək”.

Sanksiyaya məruz qalanlar arasında China HEAD Aerospace Technology Co. şirkəti də var. Bu şirkət Pekində yerləşir və Rusiyaya Ukraynanın peyk çəkilişlərini göndərir.

Sanksiyaya məruz qalan digər şirkət Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə əlaqəli olan özəl “Patriot” hərbi şirkətidir.

Bundan əlavə, ABŞ Macarıstanda yerləşən və Rusiya dövlətilə əlaqəli olan Beynəlxalq İnvestisiya Bankına sanksiyalar tətbiq edib.

Çərşənbə günü tətbiq olunan sanksiyalarda əsas hədəflərdən biri Vladimir Putinlə birbaşa əlaqələri olan rusiyalı maqnat Əlişir Usmanovdur. Bundan əlavə, ABŞ Usmanovla iş birliyinə görə 25 fiziki və 29 hüquqi şəxsi təqib edir.

“Kreml Ukraynaya qarşı müharibəyə görə Rusiyaya tətbiq olunan geniş çoxtərəfli sanksiyalardan və ixrac nəzarətindən yan keçmək üçün yollar axtararkən, ABŞ, bizim müttəfiqlərimiz və tərəfdaşlarımız sanksiyalardan yayınma sxemlərini darmadağın etməyə davam edəcək”, – dövlət katibinin müavini Brayan Nelson deyib.

Dövlət Departamenti də Ukraynanın işğalını dəstəklədiyinə görə bir neçə təşkilata, o cümlədən hərbiləşdirilmə və ukraynalı uşaqların ideoloji baxımdan hazırlanmasına məsul olan iki təşkilata sanksiya tətbiq edib.

Bənzər yazılar

Back to top button