Cəmiyyət

Amnistiyasız Novruz

Demək olar ki, hər il Azərbaycanda Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanır.

Bu il isə Novruz bayramında Prezidentin əfv sərəncamı olmadı. Ötən il qəbul edilən Amnistiya Aktı da siyasi məhbus sayılan şəxslərdən cəmi ikisinə şamil edildi.

Yerli hüquq müdafiəçilərin tərtib etdiyi siyahılara görə hazırda ölkədə 100-dən artıq siyasi məhbus var.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın siyahısında 126 nəfərin, Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrupunun siyahısında isə 112 nəfərin adı var.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Turana bildirib ki, indiyə qədər 67 əfv sərəncamı olmuşdur. «Bu sərəncamların nəticəsində 9 minə qədər şəxs azad edilmişdir. 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyev tərəfindən 37 əfv sərəncamı imzalanmışdır və 5 minə qədər şəxs cəzadan azad edilmişdir. Ötən il də əfv sərəncamı imzalanmışdır və böyük sayda şəxslər əfv olunmuşdu».

Onun fikrincə, bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının olmaması ötən ilin noyabrın 5-də Amnistiya aktının qəbul olunması ilə bağlı ola bilər. «Amnistiya aktı 4 ay ərzində icra olunub və yalnız martın 5-də onun icrası başa çatdı. Bu Amnistiya aktı 17 minə yaxın şəxslərə şamil olunub».

Komissiya üzvü qeyd edib ki, hüquq müdafiəçilər tərəfindən müxtəlif siyahılar tərtib olunur və bir çox hüquq müdafiəçiləri ölkə başçısına ayrı-ayrı şəxslərin əfv olunması ilə bağlı müraciət edir. «Hər zaman da bu məsələlərə diqqətlə yanaşılır. Ötən illərdə də həmin hüquq müdafiəçilər tərəfindən irəli sürülən şəxslər cəzadan azad edildi».

Amma, Nuriyevin sözlərinə görə, Əfv komissiyası üçün siyasi məhbus anlayışı yoxdur. «Əfv komissiyası hər kəsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanaşmalıdır və fərq qoyulmamalıdır. Əfv komissiyası hər zaman məsələyə obyektiv yanaşır və humanizm, mərhəmət, insan hüquq və azadlıqlarına hörmət prinsiplərini əsas götürərək cənab Prezidentə bu və ya digər müraciətlə bağlı öz rəyini təqdim edir. Cənab Prezident tərəfindən də bu şəxslərin azad edib-edilməməsi ilə bağlı qərar qəbul edir».

O, bildirib ki, hüquq müdafiəçilər, deputarlar, ombudsman tərəfindən müəyyən müraciətlər var. «Bu müraciətlər öyrənilir, emal edilir və Əfv komissiyasının iclasları başlayan kimi onlar baxılacaq. Qərar isə cənab Prezidentin səlahiyyətinə aid olan məsələdir».

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da bildirib ki, 2020-ci ildə hökümət siyasi partiyalarla və vətəndaş cəmiyyəti ilə dialoq prosesini başlayanda siyasi məhbus probleminin birdəfəlik həlli gündəmə gəlmişdi. «Dialoq prosesində iştirak edən REAL partiyası və vətəndaş cəmiyyətinin nümayəndələri bildirmişdi ki, bu məsələ birdəfəlik həll olunmalıdır və insanların siyasi baxışlarına görə təqib olunması, həbs olunması birdəfəlik aradan qaldırılmalıdır. Hökümət bildirmişdi ki, bu məsələnin üzərində proses gedir və çox güman ki, məsələ həll olunacaq».

Lakin, hüquq müdafiəçinin sözlərinə görə, bu məsələdə irəliləyiş olmadı. «Bu problemin həlli dalana dirəndi. Ötən il verilən Amnistiya aktı ilə çox az sayda siyasi məhbus azad olundu. Amnistiya aktı verildiyinə görə də Yeni ildə və Novruz bayramında əfv sərəncamı imzalanmadı».

O, hesab edir ki, siyasi məhbuslar məsələsi Azərbaycan üzərində Damokl qılıncı kimi asılır və beynəlxalq təşkilatların yaydıqları hesabatlarda Azərbaycan siyasi azadlıqların indeksinə görə həmişə qara siyahılara düşür. «Bu da arzuolunmaz bir haldır. Ölkənin imici, beynəlxalq əlaqələr, lobbiçilik baxımından bu pisdir. Hətta bu kontekstdən çıxış edərək Azərbaycan əleyhinə bəzən qərəz payı olan, bəzən haqlı olaraq hesabatlar yayılır.(Turan)

Bənzər yazılar

Back to top button