Siyasət

AİHM Qənimət Zahidin şikayəti üzrə qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martin 24-də Azadlıq qəzetinin redaktoru Qənimət Zahidin həbsxanada əlyazmalarının əlindən alınması və məhv edilməsi barədə iş üzrə qərarını elan edib. Bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib.

Onun sözlərinə görə, məhkəmə ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.

Hüquqşünas qeyd edib ki, “Zahidov (Qənimət Zahid) Azərbaycana qarşı” işi “Azadlıq” qəzetinin redaktorunun xuliqanlıqda ittiham olunaraq azadlıqdan məhrum edilərkən, həbsxanada yazdığı kitabın əlyazmasının götürülməsi və məhv edilməsi iddiası ilə bağlı idi. İş həmçinin, ərizəçinin ona dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı qaldırdığı məhkəmə çəkişmələrini də əhatə edirdi. “Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan Ərizəçi şikayət edirdi ki, onun kitab halında çap etdirmək niyyətində olduğu əlyazmasının götürülməsi və məhv edilməsi qanuni olmayıb. Ərizəçi həmçinin, 6-cı maddənin 1-ci bəndinə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanaraq, dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ədalətsiz olduğunu, xüsusən də məhkəmə iclaslarında şəxsən iştirakının təmin edilmədiyini, şahidlərin dəvət edilib, dindirilməsi barədə vəsatətlərinin təmin olunmadığını, məhkəmə qərarlarının adekvat olmadığını iddia edirdi.

Ərizəçi eləcə də ona münasibətdə Konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə sahib olmaq hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinin (mülkiyyət hüququ) pozulduğunu iddia etmişdi”.

Ağaliyev bildirib ki, AİHM ifadə azadlığı hüququnun pozulduğu qənaətinə gəlib.

AİHM həmçinin ərizəçinin dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ümumilikdə ədalətsiz olduğuna, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini pozduğuna qərar verib.

AİHM eyni zamanda Konvensiyanın 13-cü, 14-cü maddələrinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu iddialarını araşdırmağa ehtiyac görmədiyini ifadə edib.

Qərara əsasən, hökumət ərizəçiyə ümumilikdə 8500 avro təzminat ödəməlidir.

* Qənimət Zahid 2007-ci ilin noyabr ayında həbs olunub. O, xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2010-cu ilin martın 17-də əfv fərmanı ilə azadlığa buraxılıb. (Turan)

Bənzər yazılar

Back to top button