ManşetSiyasət

Kremllə Bakı müzakirə edir: sülhməramlılar gedir, ya qalır?..

Mixail Qaluzin: “Bütün məsələləri Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk”

Moskva hazırda Qarabağdakı sülhməramlıların taleyini Azərbaycanla fəal şəkildə müzakirə etdiyini bildirir.

Bunu dekabrın 30-da “RİA Novosti” agentliyinə Rusiya xarici işlər nazirliyinin müavini Mixail Qaluzin deyib.

O bildirib ki, 9 noyabr 2020-ci il tarixli sənədə əsasən, Rusiya sülhməramlıları 2025-ci ilə qədər regionda qalacaq.

“Biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv atmosferdə baş verir”, – deyə Qaluzin əlavə edib.

Dekabrın 28-də ilin yekunu ilə bağlı keçirdiyi brifinqdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sülhməramlıların gələcək fəaliyyətindən danışmışdı.

Ceyhun Bayramov 2020-ci ilin üçtərəfli bəyanatını xatırladaraq demişdi ki, bu, liderlər səviyyəsində razılaşdırılıb: “Sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub”.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər arasında indiyə qədər sülh sazişi imzalanmayıb.

Bənzər yazılar

Back to top button