GündəmManşetSiyasət

Müdafiə naziri son vəziyyətlə bağlı tapşırıqlar verdi: Xidməti müşavirə keçirildi

Müdafiə naziri Zakir Həsənov martın 28-i Bakıda, Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Mod.gov.az xəbər verir ki, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin qatıldığı müşavirəyə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər video vasitəsilə qoşulublar. Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətin və Qarabağdakı əməliyyat şəraitinin geniş təhlil edildiyi müşavirədə nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə tapşırıqlar, real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi, döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib.

1988-ci ildə ermənilər Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Yuxarı Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub. Noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğal zonasında qalır.

Laçın şəhəri və rayonun 6 kəndi Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan zolağa düşür.

Azərbaycan Ordusunun bölmələri 2022-ci il martın 24-də Xocalı rayonunun Fərrux kəndini və ətraf yüksəkliklərdəki mövqeləri nəzarətə götürüb.

Bənzər yazılar

Back to top button