İqtisadiyyat

Kəmaləddin Qafarovun bəd xassəli biznesi – “Azəri Med“ Milli Onkologiya Mərkəzindən milyonlar qazanır…

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi dərman, sarğı ləvazimatlarının və materiallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

MillətinSəsi.info dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azəri-Med” QSC-dir. Qalib şirkətə 25 590 min manat ödəniləcək.

Onu da bildirək ki, bir necə il öncə də (16 avqust 2019-cu ildə) Milli Onkologiya Mərkəzi (MOM) “Azəri Med” ilə xərçəng xəstələrinin müalicəsi və müayinəsi üçün dərman, sarğı ləvazimatları və materialları və digər materialların alınması üçün müqavilə bağlayıb.

Elektron Satınalmaların Vahid Reyestrinə əsasən, “Azəri Med” MMC-nin 2019-cu ilin 9 avqust tarixli tender təklifinin dəyəri 13 milyon 350 min manat (7 853 min dollar) təşkil edib.

Həmçinin, 2019-cu ilin fevral ayında MOM bu şirkətlə 10.2 milyon manat (6 milyon dollar) məbləğində dərman, sarğı və digər materialların alınması üzrə müqavilə bağlayıb.

2018-ci il ərzində isə MOM və “Azəri Med” MMC bu malların alınması üçün cəmi 25 milyon 699,8 min manatlıq dörd müqavilə imzalayıb.

Milli Onkologiya Mərkəzi, “Azəri Med” şirkətini “etibarlı və güclü tərəfdaş” hesab etdiyi üçün sifarişlərini bu şirkətə verir. “Azəri Med” şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur. Bu şirkət məşhur “Zəfəran” apteklər şəbəkəsinə də nəzarət edir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Azeri Med” QSC-nin 2 iyul 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 000 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

Famil Rəhimli haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da təbiidir. Çünki o, şirkətin qanuni təmsilçisi olsa da, sahibi deyil. “Azeri Med” QSC-nin sahibi deputat Kəmaləddin Qafarovdur.

“Azeri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olduğunu təsdiq edən başqa fakt da var. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır.

6 noyabr 2020-ci ildə şirkətin reyestr sənədlərinə dəyişiklik edilib. Görünür, həmin vaxt ünvan da dəyişdirilib.

Dəyişikliyin 2020-ci ildə edilməsi təsadüfi deyil. Bu dəyişikliyə qədər növbədənkənar parlament seçkiləri keçirilib və Kəmaləddin Qafarov deputat mandatı qazanıb. Deputat olduqdan sonra onun sahibi olduğu şirkətlər, o cümlədən “Azeri Med” QSC diqqət mərkəzinə gəlib. QSC-nin 2020-ci ildə qalib gəldiyi tenderlərlə bağlı araşdırma yazılarında şirkətin Kəmaləddin Qafarova məxsus olması həm də yuxarıda qeyd etdiyimiz hüquqi ünvanla əsaslandırılıb. Bu da deputatı şirkətin hüquqi ünvanını dəyişməyə məcbur edə bilər. Çünki qanunvericilikdə deputatın biznes fəaliyyətilə məşğul olması yasaqdır.

Mediada yayılan məlumatlara görə, “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC və “Naturalist” şirkətləri də Kəmaləddin Qafarovun idarəçiliyindədir.

Bənzər yazılar

Back to top button