GündəmManşetSiyasət

Regional əməkdaşlıqlarda Türkiyə yenidən ön plana çıxacaq (MÜSAHİBƏ)

Türkiyənin tanınmış beynəlxalq münasibətlər şərhçisi ”İndependent Türkçe” qəzetinin baş redaktoru Nevzat Çiçek-in Turan Xəbər Agentliyinə müsahibəsini təqdim edirik:

– Keçən il noyabrın əvvəlində bəzi Qərb ölkələrinin kəşfiyyat qurumları 2022-ci ilin yanvar-fevral aylarında Rusiyanın Ukraynaya hücum edəcəyinə dair məlumatlar yaymışdı. Sizcə, Türkiyə bunu ciddi qəbul edərək lazımi hazırlıqları görmüşdümü?

– Qərb kəşfiyyatının bu məlumatı ciddi idi, Rusiyanın hücuma hazırlaşırdı. Türkiyənin bunu ciddi qəbul edib-etmədiyinə gəlincə: məncə, Türkiyə bu çərçivədəki diplomatik müzakirələri getdikcə artırırdı. Xatırlayırsınızsa, Rusiya ilə Ukrayna arasında problemlər başlayanda Türkiyə vasitəçi rolunu oynamışdı. Türkiyə ilə Rusiyanın istər Suriyada istərsə də Liviyada bəzi vaxtlarda razılıq əldə edə bilməmələrinə baxmayaraq, xüsusilə, Krım məsələsində Ankaranın mövqeyi qəti idi. Ona görə Rusiya hücum edən kimi Ukraynanın ərazi bütövlüyü prinsipinə uyğun şəkildə mövqeiyini nümayiş etdirdi. Türkiyə bu proseslərə hazır idi. Müharibəyə hazır olub-olmamağa gəlincə: buna da hazırlıq vardı ancaa bu ssenarinin reallaşması pərdə arxasında davamedən müzakirələrə bağlı idi. Türkiyə Qara dənizdə ABŞ ilə Rusiya arasındakı mübarizəni uzun müddətdən bəri yaxından izləyir , Türkiyədə Montrö sazişinin bəzi vaxtlarda gündəmə gəlməsini bu çərçivədə şərh etmək lazımdır. 15 iyul 2016-dakı hərbi çevriliş cəhdindən sonra Türkiyənin təkcə Qara dənizlə bağlı deyil, bölgəylə bağlı bütün siyasətində ciddi dəyişikliklər olduğunu gördük və bu dəyişikliklər öz bəhrəsini ciddi şəkildə verməyə başlayıb.

– Fevralın 22-də Rusya 2014-cü ildən bəri öz məzarəti altında saxladığı Donetsk və Lugansk Xalq Respublikalarını tanıdı, fevralın 24 isə Ukraynaya hücum etdi. Başda ABŞ olmaqla, Qərb ölkələri buna çox sərt reaksiya göstərdi. Türkiyə isə təmkinli davrandı. Bunu necə şərh edərdiniz: dövlət başçısı Erdoğanın “Nə Rusiyadan nə də Ukraynadan vaz keçərəm” siyasəti həyata keçirilir yoxsa qapının müəyyən qədər açıq olmasını ABŞ istəyir?

– Qərbin sanksiyaları və Türkiyənin təmkinli davranması məsələsi yeni bir hadisə deyil. Krımın işğalından sonra Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq etməyə başlayanda da Türkiyə müəyyən qədər fərqli mövqe nümayiş etdirmişdi. İranın nüvə silahının dair qərar qəbul ediləndə də Türkiyə öz fərqli mövqeyini göstərmişdi. Bunun səbəbini Qərb ölkələrinin səmimiyyətində axtarmaq lazımdır. Çünki Türkiyə tarazlıq siyasətini inkişaf etdirməyə çalışır və bunu edərkən özünün şəxsi mənafeyini ön plana çıxarır. Ona görə Türkiyə təmkinli hərəkət etmək məcburiyyətindədir. Bəli, Türkiyə NATO-nun üzvü olan bir ölkə kimi hərəkət edir, digər tərəfdən isə sanksiyalar məsələsində böyük ölçüdə, öz mövqeyini həyata keçirmək istəyir. Ancaq istər ABŞ, istər AB, istərsə Rusiya və Ukraynanın bu siyasətdən çox narahat olmadıqlarını görürük. Proses uzun sürsə, Türkiyə ilə bu ölkələrin mövqelərində kəskin fərqlər ortaya çıxıb yolların ayrılması mümkündürmü? Onu görmək üçün səbrli olmaq lazımdır. Əslində Türkiyə bunun fərqindədir: nə qədər sanksiya tətbiq edilsə də Rusiyanın satdığı neftin pulları İsveçrə banklarına köçürülür. Sanksiyaların əsas məqsədinin Putini və onun qurduğu sistemi hədəfə aldığını görürük. Əslində Türkiyə də yaxın keçmişdə (məsələn, ABŞ-dakı Halkbank istintaqı və məhkəməsində) belə bir durumla üzbəüz qalmışdı, təmkinli davranmasının səbəblərindən biri də bu cür prosesləri yaxşı bilməsidir. Ancaq vəziyyət kəskinləşərək Türkiyədən tələblər daha da qətiləşərsə, Türkiyənin bu mövqeyinə yenidən baxa biləcəyini düşünürəm.

– Son illərdə Türkiyə ilə Ukrayna arasındakı münasibətlərin inkişafında 2019-cu ilin martında-keçmiş prezident Petro Porpşenkonun dönəmində-Ukraynaya satılmağa başlanılan İHA-ların mühüm əhəmiyyəti var. Rusiya buna qarşı çıxmır və ya çıxa bilmir. Sizcə, silah satışları Türkiyənin bölgədəki rolunun güclənməsində nə dərəcədə rolu olacaq?

– 15 iyul çevriliş cəhdindən sonra Türkiyə öz müdafiə sənayesini gücləndirdi, İHA və SİHA-ların istehsalı terror təşkilatına qarşı mübarizədə Türkiyəyə böyük üstünlük qazandırdı. Türkiyənin Ukraynaya silah satmasına Rusiyanın niyə etiraz etməməsinə dair sualın cavabını Suriyada axtarmaq lazımdır. Türkiyə PYD/YPG-ni terror təşkilatları kimi gördüyü halda Rusiya buna daha mülayim yanaşır və iki ölkə də bununla bağlı problem yaratmır. Ukrayna İHA-ların satılması isə silah ticarətidir və Rusiyanın buna etiraz etməsi halında Türkiyənin də əlində xeyli kontr-arqumentin olduğunu unutmamaq lazımdır. Avropa mətbuatı İHA-ların rolunu çox böyüdür. Burada iki məqsəd ola bilər: Türkiyə ilə Rusiyanın münasibətlərini gərginləşdirməyə çalışırlar. İkincisi isə Avropa özü silah-sursat baxımından Ukrayna lazımi köməyi edə bilmədiyinə İHA və SİHA-ların bu savaşdakı rolunu alqışlayırlar. İHA və SİHA-ların Türkiyə müdafiə sənayesinin güclənməsində oynadığı roldan əlavə Rusiya-Ukrayna müharibəsindəki təsir gücü bundan sonrakı proseslərdə Türkiyənin gücünü artıracağını gözləmək lazımdır. Bunun sayəsində Türkiyənin ənənəvi xarici siyasətindəki `Ya dostsan ya da düşmən` prinsipi yavaş-yavaş arxa plana keçməkdədir. İndi region-region ya düşmənçilik ya da dostluq siyasətləri vardı: Türkiyə ilə Rusiya Suriyada və ya Liviyada bir-birinə zidd siyasətlər yürüdə bilərlər ancaq məsələn, Ukrayna məsələsində Türkiyə öz müstəqil siyasətini yürüdür və Rusiya buna kəskin etiraz etmir. Çünki Rusiya ilə münasibətlərində də qapını müəyyən qədər açıq saxlayan Türkiyə, eyni zamanda, Rusiyanın ayaq üstündə qalmasına öz töhfəsini verir. Proseslərin bu şəkildə analiz edilməsinin lüzumuna inanıram.

– Siz dünyanı olduğu kimi, xüsusilə, Orta Şərq, Körfəz və Şimali Afrika ölkələrindəki prosesləəri yaxından və yerində izləyərək və birinci mənbələrdən məlumatlar alaraq analizlər aparan şərhçisiniz. Türkiyənin Ukrayna siyasəti adını çəkdiyimiz bölgələrlə bağlı bundan sonrakı siyasətində nə dərəcədə müəyyənləşdirici rola malik ola bilər?

– Türkiyənin Orta-Şərq və Körfəz ölkələriylə bağlı siyasətini iki mərhələyə ayırmaz lazımdır: `Ərəb baharı`ndan əvvəlki və sonrakı dönəmlər. Birinci dönəmdə Türkiyənin Orta Şərq, Körfəz və Şimali Afrika ölkələriylə ciddi problemləri yox idi. Türkiyənin o vaxt `İhvani-müslim`i dəstəkləməsinin əsas səbəbi ondan başqa bir alternativin olmamasıydı, rejimlərə qarşı ondan başqa müxalifət yox idi. Ərəb ölkələrinin Suriyada Əsədi devirmə siyasətindən bir müddət sonra geri addım atılaraq, məsələn, Qərb Suriyanı Rusiya ilə bölüşməyə başladı, İran da Suriyanı Rusiya ilə bölüşməyə başladı. Buna görə Türkiyənin Orta Şərq və Körfəz siyasəti `Ərəb baharı`ndan əvvəlki dönəmə geri dönməyə başlayır. Bu çərçivədə BƏƏ imzalanan sazişlər prosesə müsbət mənada ciddi təsir göstərməyə başladı. Regionda həyata keçirilmək istəyən dizaynların Türkiyənin iştirakı olmadan mümkün ola bilməyəcəyini bu ölkələr də görməyə başladı. Ona görə müdafiə sənayesi, qarşılıqlı əməkdaşlıqlar və regional inteqrasiya məsələlərinin qaçınılmaz olduğu ortaya çıxdı. ABŞ prezidenti Baydenın Orta Şərq və Körfəz ölkələriylə bağlı izlədiyi siyasət onların çox da xoşuna gəlməyincə Türkiyə daha önəmli bir ölkə halına gəldi. Türkiyə uzun müddətdən bəri Afrika qitəsiylə yaxından maraqlanmadadır, xüsusilə, Somalidə çox ciddi miqdarda investisiyaları var. Körfəzə nəzarət məsələsində də Somali və Yəmənin durumu çox önəmlidir. Türkiyə Şimali Afrikada da həm dövlətlərin həm də xalqların gözündə mühüm mövqelər qazanmağa başladı. Ancaq bunun Afrikadakı ABŞ-Çin rəqabəti baxımından hansı nəticələri doğuracağını demək üçün hələ tez olduğunu düşünürəm. Türkiyə Şimali Afrikada savaşın yox, regional əməkdaşlıq çərçivəsində inkişafın tərəfdarıdır. Hərbi sənayenin inkişafıyla yanaşı, ticarət və iqtisadiyyat sahəsindəki əməkaşlıq məsələlərində Türkiyənin üstün olması fürsətləri daha da artıracaqdır.

– Türkiyə-Səudiyyə Ərəbistanı-BƏƏ xəttində Ankaranın radikal siyasət dəyişiklikləri bölgədəki mövcud vəziyyətə necə təsir göstərəcək?

– Bu, Türkiyənin siyasətindəki qədər Səudiyyə Ərəbistanı, BƏƏ, İsrailin də siyasətindəki dəyişikliklərdən xəbər verir. Bölgədəki ABŞ-Çin rəqabəti regional əməkdaşlıqların əhəmiyyətini yenidən göstərdi. ABŞ-a etimad etmirsinizsə, regional əməkdaşlığı gücləndirməyiniz qaçınılmaz olur. Bölgədəki güclü ölkələrin biri İran, o biri Türkiyədir. Şiə İran dövlətinə Körfəz ölkələrinin yanaşması qəti olub, hər hansı yaxınlaşmadan söhbət gedə bilməz. Türkiyənin 24 saat içində Katara öz hərbçilərini göndərərək ərəb dünyasının bütün təzyiqlərinə rəğmən oranı ayaq üstündə saxlaya bilməsi Ankaranın gücünü göstərdi. Eyni zamanda, Liviyada nümayiş etdirdiyi mövqe də Ankaranın gücünü nümayiş etdirdi. `İhvan` və `Hamas` məsələlərində də son illərdə Türkiyənin daha mülayim mövqe nümayiş etdirməsi Körfəz ölkələrinin münasibətlərə yenidən baxmasına səbəb oldu. Rusiya-Ukrayna savaşında enerjinin Avropaya nəql edilməsi məsələsində Türkiyənin vaz keçilməzliyinin səbəbi bir daha məlum oldu. NATO-nun ölməməsi məsələsi bu savaşda ABŞ tərəfindən Avropaya yenidən diqtə edildi və Avropa NATO-ya sarıldı. Ancaq enerji məsələsinə gələndə Türkiyə hələ də ən mühüm nöqtədədir: Misir, Katar, İran və eyni zamanda İsrail qazının Avropaya nəqlində Türkiyə çox qəti mövqe tutub. `Ərəb baharı`ndan sonra Körfəz ölkələri Türkiyənin regional siyasətindəki dəyişikliyi Misir və Şimali Afrika ölkələri düzgün analiz etdi və hər ölkə öz şərtlərini yenidən masaya qoydu. Mən bölgədəki inteqrasiya proseslərinin sürətlənəcəyini düşünürəm. Bu prosesdə Suriyanın yenidən Ərəb Liqasına qayıtma ehtimalı çox yüksəkdir. BƏƏ və İsraildən sonra böyük ehtimalla, Səudiyyə Ərəbistanı və Misirlə münasibətlərimiz də yaxşılaşacaq. Burada əsas məsələ Qərbin bu əməkdaşlıqlara necə baxacağı və silah bazarını itirməyi qəbul edib-etməyəcəyidir. Rusiyanın Ukraynaya hücumu Türkiyənin həm NATO-nun, həm Rusiyanın və həm də Körfəz ölkələrinin yanında önəmini çox artırdı. Ona görə Türkiyə ölkə daxilində demokratiyasını inkişaf etdirmə və iqtisadiyyatı gücləndirmə prosesini nə qədər tez bitirsə, yenidən örnək bir ölkə halına gələcək ki, bu da Körfəz ölkələrinə müsbət təsir göstərəcək. Qarabadan Suriyaya və Liviyaya qədər Türkiyənin nələr etdiyini və edə biləcəyini hamımız gördük. Bir iqtiadi böhran olmasa, Türkiyənin önünün açıq olduğunu düşünürəm.

Bənzər yazılar

Back to top button