Dünya

Ukraynada xalq müharibəsi gedir – Vadim Tryuxan

Ukrayna prezidenti Volodimir Zelenski müxalif Rusiya KİV-lərinin suallarını cavablandırıb (Moskva bu müsahibənin RF-də nəşr olunmaması barədə xəbərdarlıq edib). Zelenskinin nitqindəki bəndlərdən biri Putinə Rusiya ordusunun Ukraynaya hücum etməsindən əvvəlki vəziyyətə, yəni 24 fevral 2022-ci ilə qədərki vəziyyətə qayıtmaq təklifi olub.

Prezidentin ideyası Kiyevli politoloq, hazırda silahlı qarşıdurmanın iştirakçısı olan Vadim Tryuxan tərəfindən mənfi qiymətləndirilib. O, şəbəkədəki səhifəsində sual edir: Sakinləri ilə birlikdə məhv edilmiş Mariupolda status-kvonu necə bərpa etmək olar? Digər dağıdılmış şəhər və kəndlərdə necə? Raket və bombalardan həlak olan on minlərlə irqçilər necə? Başda fürer Putin olmaqla, Rusiya hərbi cinayətkarları üçün beynəlxalq cinayət məsuliyyəti harda qaldı? Biz bunu unutmalıyıqmı? Zənn etmirəm. İstənilən danışıqlardan sonra tam atəşkəs əldə olunur. İrqçilərə kimsə belə bir şərt qoyub? Hansı danışıqlardan söhbət gedir? Suallar heç də ritorik deyil. Və cavab gözləyir. Ukraynalıların buna haqqı var!

V.Tryuxan Turan-ın suallarını cavablandırıb.

– Prezident V.Zelenski Putinə 24 fevrala qədərki vəziyyətə qayıtmağı təklif edib. Amma Ukraynada müharibənin davam etdiyi bir aydan çox müddət ərzində dönməz hadisələr baş verib – günahsız əhalinin kütləvi ölümü, şəhərlərin dağıdılması kimi. Rusiya ilə müharibəyəqədərki münasibətlərə qayıtmağı necə təsəvvür edirsiniz?

– Düşünürəm ki, Zelenski belə bir şey təklif edərkən sülhyaratma üzrə sınaq addımı atmaq, Putinin reaksiyasını görmək, onu dünyaya göstərmək üçün güzəştə hazır olduğunu göstərmək istəyib. Amma Putin bütün Ukraynanı işğal etmək niyyətindədir, buna görə şəhərləri quru qüvvələri ilə ələ keçirə bilmədiyi üçün onları raketlərlə dağıdır. Əminəm ki, Putin Zelenskinin təklifini qəbul etməyəcək.

Rusiya ordusu Ukraynanın 2014-cü ildən etibarən işğal edilmiş bütün ərazilərindən tamamilə çıxmalıdır. Rusiya ilə humanitar sahədə danışıqlar aparıla bilər – əsirlərin mübadiləsi, qaçqınlar üçün dəhlizlərin açılması. Bu da baş verir.

– Ukraynada hansı siyasi qüvvələr Zelenskinin bu təklifinə qarşı çıxa bilər?

– Müharibə ilə əlaqədar bütün siyasi partiyalar ölkənin müdafiəsi ilə məşğuldur, prezidentin ətrafında cəmləşiblər. Hətta Rusiyayönlü “Həyat naminə” partiyası da parçalanıb, fəalların bir hissəsi öz siyasi qruplarını yaradır. Buna görə Zelenskinin ideyası ətrafında siyasi müzakirələr həm də ona görə qeyri-mümkündür ki, üç milyondan çox ukraynalı qaçqın düşüb, 10 milyon nəfər daxili köçkünə çevrilib. Ukraynada müharibə ordunun cəmiyyətlə qeyri-siyasi ittifaqını yaradıb, hakimiyyət bu siyasi qüvvənin iradəsini nəzərə almalıdır.

– RF-də fevralın 24-dən etibarən işğal edilmiş ərazilərdə bu torpaqların RF-yə birləşdirilməsi üçün referendum keçirilməsi mümkünlüyündən danışılır. Belə bir şey mümkündür?

– Ukraynanın bu bölgələrinin sakinləri silahsız şəkildə hər gün Rusiya tanklarının qarşısına çıxır, işğalçıların Ukraynadan çıxarılmasını tələb edirlər. Bu ərazilərin heç bir sakini “xilasediciləri” görməkdən şad deyil. Orada referendum keçirilə bilməz, ancaq separatçı regionlardan oraya sakinlər gətirib, orada şabaş, seçki parodiyası təşkil etməsələr. Amma bunu da bütün dünya görəcək ki, orada referendum keçirilmir, saxtakarlıq baş verir.

– Deyirdilər ki, bahar gəldikdə, ağaclar yarpaqlara büründükdə ukraynalılar İkinci Dünya Müharibəsi illərindəki babalar kimi partizan müharibəsinə başlayacaqlar.

– Partizan müharibəsi gedir. Kənd sakinləri, fermerlər, hətta Ukrayna qaraçıları işğalçıları öldürür, hərbi texnikanı özləri ilə aparırlar. Kiçik əməliyyatlar, bu dəstələrin diversiyaları Xüsusi Əməliyyatlar Mərkəzindən əlaqələndirilir. Berdyansk liman şəhərində Rusiya desant gəmisinin batırılması ilə nəticələnən məlum partlayış və RF-nin digər hərbi gəmilərinə zərər verilməsi də Xüsusi Əməliyyatlar Mərkəzindən idarə olunurdu. Bu barədə başqa heç nə deyə bilmərəm, çünki düşmən bütün nəşrləri izləyir və bizim istəmədiyimiz məlumatları əldə edə bilər.

– Putinin “Avropanın mərkəzində ikinci Əfqanıstan” yaratdığını demək olar?

– 400 mindən çox Ukraynalı miqrant işçi orklara qarşı savaşmaq üçün Avropadan vətənə qayıdıb. Total müharibə gedir. Son günlər Sumı istiqamətində böyük əhəmiyyətə malik Trostyanets şəhəri azad edilib. Bu, Kantemirov tank diviziyası tərəfindən ələ keçirilmiş strateji məntəqədir. Məşhur birlik talan edilib, Axtırkada yolun ələ keçirilməsi təhdidi aradan qaldırılıb. Rusiya ordusunun Belarus yaxınlığındakı Slavutiç şəhərindən çıxdığı bildirilir. Orada işğalçıların olmasının hərbi cəhətdən əhəmiyyəti yox idi, çünki Slavutiçin əhalisi açıq-aşkar Rusiyanın əleyhinədir, insanlar işğalçılara qarşı etirazla küçələrə çıxırdı. Xarkov vilayətində bir neçə kənd azad edilib, orada düşmənin 70-ə yaxın texnikası və minə yaxın canlı qüvvəsi məhv edilib. Ümumilikdə müharibə dövründə işğalçının 17 minə yaxın hərbiçisi öldürülüb, 50 mindən çox hərbiçi yaralanıb, deyə V.Tryuxan qeyd edib.

Bənzər yazılar

Back to top button