Dünya

Pentaqon: Rusiyanın təcavüzü başlayandan Ukraynaya 1370-dən çox raket atılıb

“Ukraynaya raket zərbələrinin əksəriyyəti Rusiya və ya Belarusun hava məkanından endirilir”, – bazar ertəsi Pentaqonun adının çəkilməsini istəməyən yüksək vəzifəli nümayəndəsi bildirib, Turan-ın Vaşinqton müxbiri xəbər verir.

Mənbə qeyd edib ki, Ukrayna hava məkanına daxil olan Rusiya təyyarələri orada çox qalmır.

“Qeyd edək ki, ukraynalılar özlərində olan hava hücumundan müdafiə sistemlərindən səmərəli istifadə edə biliblər və buna görə də biz onları mümkün qədər gücləndirməyə çalışacağıq”, – o deyib və əlavə edib ki, Pentaqon Rusiyadan Ukrayna ərazisinə 1370-dən çox raketin atıldığını qeydə alıb.

Yerüstü əməliyyata gəlincə, mühüm dəyişiklik müşahidə edilmir. Belə ki, Kiyev ətrafında Rusiya qoşunları şəhərə hücum etmək üçün heç bir səy göstərmir. Onlar şəhəri uzaq mənzilli artilleriyadan atəşə tutmağa davam edirlər. Rusiya qoşunları Kiyevdən 20-50 kilometr aralıda dayanır.

Çerniqov və Xarkovda da real dəyişikliklər yoxdur. Rusların Çerniqov boyunca hərəkəti şəhərdən 8-10 kilometr aralıda dayanıb. Ukrayna qoşunları əks-hücuma keçirlər.

Mariupolda vəziyyət ağır olaraq qalır, şəhər demək olar ki, mühasirəyə alınıb. Mariupol daxilində ukraynalıların çox çətin şəraitdə savaşması barədə məlumatlar var, -məmur deyib.

Bənzər yazılar

Back to top button