Dünya

Lotu Quliyə qarşı olan “oğru”nun iki günlük doğum günü tədbiri – Badrini təbrik etməyə kimlər gəlib?

Rusiyada yaşayan gürcü əsilli “oğru” Badri Koquaşvili (Badri Kutaisski) Moskvada doğum gününü qeyd edib.

Qaynarinfo xəbər verir ki, 58 yaşlı “oğru”nun doğum günü tədbiri “Tbilisi” restoranında baş tutub. Tədbir iki gün davam etsə də, bir çox “oğru”lar Badri Kutaisini təbrik etməyə gələ bilməyib. Bunun səbəbi Ukrayna hadisələri və Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsidir (kriminal iyerarxiyada yüksək statusa malik olmaq).

Məlumata görə, Koquaşvilinin doğum günü tədbirində şəxsən iştirak edənlər arasında azərbaycanlı kriminalitet Ulfət Tağıyev (Rufo Gəncinski) də olub. Digər “oğru”lar isə tədbirə nümayəndələrini göndəriblər.

Badri Koquaşvili hazırda Rusiyada 1 nömrəli “oğru” hesab edilir. Kriminal dairələrdə hesab edirlər ki, Badrinin önə çıxması başqa bir gürcü əsilli “oğru” – Zaxari Kalaşovun (Şakro Molodoy) həbsdə olması ilə əlaqədardır.

Koquaşvili ilə Kalaşovun münasibətləri o qədər də pis deyil. Mərhum azərbaycanlı “oğru” Nadir Səlifovla (Lotu Quli) Quram Çixladze arasındakı münaqişədə Badri Koquaşvili ikincinin yanında olub. Çixladzenin Şakro Molodoya yaxın olduğu deyilir. Ümumiyyətlə, Səlifov-Çixladze qarşıdurması əslində Lotu Quli ilə Şakro Molodoy arasında gedən rəqabətin təzahürü kimi dəyərləndirilir.

Badri Koquaşvilinin doğum günü tədbirinə qatılan Rufo Gəncinskiyə gəlincə, o, mərhum azərbaycanlı “oğru” Rövşən Canıyevə (Rövşən Lənkəranski) yaxın şəxs olub. Lənkəranski qətlə yetiriləndə Rufo Gəncinski həbsdə idi. O, 2013-cü ildə qəsdən adam öldürmə və qanunsuz silah saxlama ittihamı ilə həbs edilərək 8 il “iş” alıb.

Rufo Gəncinski həbs ediləndə “oğru” statusu daşıyıb. Lakin “Matrosski Tişina” təcridxanasında Miron Qorqidze (Mirko Kutaisski) tərəfindən “oğru” kimi qəbul ediməyib.

Buna rəğmən, Rufo Gəncinskini “oğru” kimi qəbul edənlər də var. Hər halda onun Badri Koquaşvilinin doğum günündə gürcü əsilli “oğru”nun yanında oturması Rufonun kriminal mühitdə kifayət qədər nüfuz sahibi olmasını deməyə əsas verir.

İddialara görə, Rufo Gəncinski ilə Nadir Səlifovun qardaşı, “oğru” Namiq Bakinski arasında münasibətlər qarşıdurma səviyyəsindədir. Bakinski Rufonu “oğru” hesab etmir və onunla yaxınlıq edənlərə bu barədə xəbərdarlıq edib. Bu xəbərdarlığa məhəl qoymayanların cəzalandırıldığı bildirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button