AnalitikaGündəmİqtisadiyyatManşet

Rusiya Azərbaycanın neft infrastrukturunu hədəfə alıb: Hər an təxribat təhlükəsi var (ŞƏRH)

Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Mixail Delyaginin Azərbaycanın ünvanına təhdidləri adi boşboğazlıq kimi qəbul olunmamlıdır. Ona görə ki:

1. Rusiya hansısa siyasətçinin özbaşına belə bəyanatlar verə biləcəyi ölkə deyil;
2. Onun söylədiyi açıq təhdiddir və Azərbaycanın enerji infrastrukturunu hədəfə alan xəbərdarlıqdır;
3. Bu tipli bəyanat Rusiyadan ilk dəfə səsləndirilmir. Ondan əvvəl oxşar təhdidləri bədnam Vladimir Solovyovun verilişlərinin daimi “müştərisi” olan politoloq Sergey Mixeev də səsləndirib;
4. S. Mixeev Rusiyada Xəzər üzrə əsas mütəxəssislərdən biri sayılır;
5. Hal-hazırda sanksiyalar səbəbindən enerji məsələləri Rusiya üçün prioritet mövzulardandır;
6. Novorossiysk terminalında guya baş vermiş qəza səbəbindən Qazaxıstan neftinin yüklənməsinin həcmi gündə 1 mln barrel azaldılıb. Rusiya onun təmirinin 2 ayadək çəkəcəyini bildirir;
7. Yaranmış şəraitdə Astana neftin bir hissəsinin tankerlərlə Bakıya daşınaraq Bakı-Tiflis-Ceyhan kəmərinə vurulmasına çalışır.
8. Avropa Birliyi Rusiya qazından və neftindən asılılığı aradan qaldırmağın yolları barədə düşünür ki, bu məsələdə da Qazxıstan və Azərbaycan alternativlərdən biri kimi nəzərdən keçirilir.

Beləliklə, yaranmış şəraitdə Rusiya üçün bütün mümkün alternativlərin sıradan çıxarılması əhəmiyyətli vəzifəyə çevrilir. Bölgə ətrafında gedən geosiyasi gəlişmələrdə enerji faktorunun nə dərəcədə əhəmiyyətli olduğunu dəfələrlə vurğulamışdıq. O cümlədən də onların daşınması üçün Azərbaycanın sərəncamında olan kəmərlərin.

Novorossiysk terminalında “qəza” səbəbindən Qazaxıstanın vəd olunan 2 ay ərzində ixrac edə bilməyəcəyi neftin qiyməti (bugünkü qiymətlərlə) 6 mlrd dollardan yuxarı olacaq. Rusiya Qazaxıstanı onun boru kəmərlərindən istifadəyə məcbur etməyə çalışır ki, bu halda da brent markalı qazax nefti Rusiyanın ondan xeyli ucuz ural markalı nefti ilə qarışdırılmalıdır.

Azərbaycanın enerji infrastrukturunun ünvanına təhdid də ölkəmizi qazax neftinin Xəzər üzərindən keçməklə BTC vasitəsilə ixracından çəkindirmək məqsədi güdür.

Azərbaycanın neft-qaz infrastrukturuna qarşı təxribatlar əvvəllər də olub artıq, amma təəssüf ki, onların hamısı hava şəraiti səbəbindən baş vermiş qəzalar kimi təqdim olunub.

Odur ki, indiki mərhələdə xüsusilə də Xəzərdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir, amma çox təəssüf ki, burda da imkanlar məhduddur. Daimi izləyənlər yaxşı bilirlər ki, Tərtər qətliamı ilə yanaşı müntəzəm toxunduğum mövzulardan biri də Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin dağıdılmasıdır.

Hər iki cinayəti törədən eyni xəyanətkar çətədir və bu gün onların törətdiyi cinayətin nəticələri ölkəni çətin duruma sala bilər. Azərbaycanın HDQ olduqca zəif vəziyyətə salınıb, amma hələlik düşmən DSX-nin Sahil-mühafizə xidmətini dağıtmağa macal tapmayıb. Buna biz də ifşalarımızla imkan vermədik.

Odur ki, səsləndirilən hədələr səbəbindən Azərbaycanın istər quruda, istərsə də Xəzərdə enerji infrastrukturunun təhlükəsizliyinin təmin olunması üçün əlahiddə tədbirlər görülməlidir. Həmin tədbirlər xüsuslə dənizdə dalğa olduğu günlərdə xüsusilə gücləndirilməlidir. İstər qurudan, istər dənizdən, istərsə də havadan.

Çünki Azərbaycanın enerji infrastrukturuna ciddi təhdidlər ola bilər ki, onların da qarşısı adekvat addımlarla alınmalıdır.

Ərəstun Oruclu, politoloq

Bənzər yazılar

Back to top button