GündəmHadisəManşet

“Pul verməyən əsgərlər ac-susuz, problemlərlə düşmənlə üz-üzə dayanır” – Jurnalist od püskürdü

Hərbi xidmətdə olan jurnalist Fərid İsmayılov orduda baş verən özbaşınalıqları, korrupsiya və rüşvət hallarından yazıb.

AzToday.az xəbər verir ki, jurnalist 9 aylıq hərbi xidməti zamanı əsgər Tapdıq Babaşovun öldürüldüyünü iddia edib.

Fərid İsmayılovun yazdıqlarını təqdim edirik:

“Mən əminəm ki, bu rejim mənə xidmət etdiyi hərbi hissədə öldürülən əsgər Tapdıq Babaşovun taleyini yaşada bilər. Lakin mən bunları qeyd etməyə məcburam, özüm üçün yox, digər bu problemlərlə qarşılaşan hərbi qulluqçular üçün.

9 aydır ki, hərbi xidmətdəyəm. Xidmət etdiyim hərbi hissə Silahlı Qüvvələrin Hərbi Nizamnaməsi ilə yox, meşə qanunları ilə idarə olunur. Bu hərbi hissə rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətsizliyi ucbatında bir ömür mənimlə davam edəcək problemlər də yarandı, sağlamlığıma ciddi ziyan dəydi. Və hələ də dəyməkdədir. Qarşılaşdığım problemlə bağlı nə vaxt yazıramsa, xidmət etdiyim bölmənin komandiri, münasibətim olan zabit heyəti danlanılır. Əminəm ki, növbəti dəfə də belə olacaq, amma buna da məcburam.

Xidmət etdiyim hərbi hissə bir generator, içməli su, qida problemini aylardır həll edə bilmir. Hərbi hissə rəhbərliyi rahat kreslolarda, əsgər isə zülm içində yaşayır. Başları rüşvət, korrupsiyaya qarışıb. Pul almadıqları əsgərlər postlarda, pul verməyən əsgərlər ac-susuz, problemlərlə düşmənlə üz-üzə dayanır. 3 gün bundan öncə kartof oğrusunu hərbi polis özü tutur, amma posta 1 kq kartofu hərbi hissə rəhbərliyi günlərlə göndərmir. Təsəvvür edin ki, çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir ki, xəstəlik yaranmasın. Hərbi hissə rəhbərliyi də gəlib utanmaz-utanmaz əsgərə ağıl öyrədir. Odun göndərmir, amma əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır. Bölməmim komandiri yuxarı komandanlığa problemləri, onların həll yollarını çatdırır, fayda isə yoxdur! Hərbi hissə rəhbərliyi yerdəyişmə aylarında puldan yığır, genəlir, Azərbaycan Ordusu qəzeti də düşməni tənqid edir. Ölün yerə girin!

Bütün əsəb-sinir sistemim pozulub, sağlamlığımda yaranmış hər hansı problemə görə heç kimə müraciət etmirəm, etmirəm ki, əsəblərim daha da pozulacaq. Bu problemləri bilən başqa kimsə yoxdurmu? Var, kifayət qədər.
Məzuniyyətdə olduğum müddətdə mənimlə əlaqə saxlayan Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi Prokurorluq, Müdafiə Nazirliyinin əməkdaşlarına onlarla problemi qeyd etdim, 1 ay müddətində heç biri də həllini tapmadı. Kimə müraciət edək, Cənab Prezident?! DTX siyasi fəalların arxasınca düşdüyünə gəlsin xidmət etdiyim hərbi hissəni araşdırsın. Araşdırmır, niyə? Çünki bu çirkaba xirtdəyə qədər onlar da bulaşıb, boğulurlar, vicdan isə tərpənmir!

Cənab Prezident özünüz deyirsiniz ki, Azərbaycanın güclü ordusu var. Bəli, var, kifayət qədər güclü ordudur, amma bu ordunun əsgəri ilə maraqlanmırsınız, bir dəfə hansısa posta gedib əsgərlə kontaktda olmamısınız. Siz ötən ilin avqustunda Qarabağa səfər edirdiniz deyə 2000-ə yaxın şəxsi heyət susuz qaldı, içməli su gətirilmədi ki, yoldan Prezident keçəcək. Siz əsgərə 13 manat aylıq müavinətin verildiyi orduya güclü ordu deyirsiniz! Cənab Prezident, bu qədər problemdə günahkar siz deyilsiniz, 30 ilin müəllimi, maaş azlığından dərsdən sonra sürücülük edən atam Əlihüseyn İmran oğludur!”.

Bənzər yazılar

Back to top button