Siyasət

AXCP sədrinin mühafizəçisinin apellyasiya şikayəti təmin edilməyib

Oktyabrın 19-da Bakı Apellyasiya Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Kənan (Basqal) Zeynalovun inzibati həbsə məhkum edilməsi barədə Suraxanı rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Kənan Zeynalovun özü məhkəmədə iştirak edib. O, həbsinin siyasi olduğnu bildirib.

Vəkil Fəxrəddin Mehdiyev Kənan Zeynalovun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibətin mühafizəçisi olduğunu, müharibə iştirakçısı olduğunu bildirərək, məhkəmədən həbs qəraraının dəyişdilməsini istəyib. Lakin hakim heyəti qərarı dəyişmədən saxlayıb.

Vəkil bildirib ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcək.

Oktyabrın 5-də Suraxanı rayon Məhkəməsi Kənan Zeynalovu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən (polisin qanuni tələbəinə tabe olmamaq) təqsirli bilərək, 25 sutka inzibati həbsə məhkum edib.

“Mübariz, əqidəli cəbhəçi (AXCP üzvü-red), 1-ci Qarabağ savaşı qazisi, vətən torpaqlarının müdafiəsi zamanı ağır xəsarətlər almış, mənim ictimai əsaslarla mühafizəçim Kənan Basqal şərlənərək həbs edilib. Kənan bəy polisə müqavimət adı ilə şərlənib və inzibati qaydada 25 sutka müddətinə həbs olunub. Demişdik axı, millətin övladlarının qanı, canı bahasına əldə olunmuş hərbi qələbəni xalqın vətənpərvər, seçilmiş övladlarına qarşı repressiya fürsətinə çevirməyin”, deyə AXCP sədri Əli Kərimli Facebook hesabında yazıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Bənzər yazılar

Back to top button