Hadisə

Bakıda 442 mənzili 4 saniyədə kim aldı?

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxardığı Yasamal yaşayış kompleksində 442 mənzil 4 saniyəyə satılıb.

Mənzillərin şəffaf satılması ilə bağlı şübhələr yaranır. Mənzil seçimi elektron qaydada həyata keçirilir. Fiziki olaraq 4 saniyə ərzində seçim etmək mümkünsüz hesab olunur.

İddialara görə, bəzi şəxslər mənzil seçimi üçün ayrıca olaraq ödəniş müqabilində İT mütəxəssis tuturlar. “Haker”in haqqı 6-7 min manat arası dəyişir. Maklerlərin “sosial evlər”i biznesə çevirməsi də iddialar sırasındadır. Belə ki, xüsusi yollarla evləri udaraq 10-15 min bahasına satırlar.

Məsələ ilə bağlı İT mütəxəsisi Osman Gündüz “Yeni Sabah”a açıqlamasında deyib ki, haker hücumu ehtimalının çox aşağıdır. Çünki həmin sistemdə yüksək təhlükəsizlik tədbirləri görülür.

“Bundan başqa sayt dövlətin portalında, data mərkəzində yerləşdirilir. Yəni burada haker hücumu yaxud nəsə manipulyasiya yolu ilə nəticləri dəyişmək ehtimalını çox aşağı hesab edirəm.

Burada ikinci bir məqam da var. MİDA saytda CAPTCHA (Completely Automated Public Turing test to tell Computers and Humans Apart) sistemi qoyub, orada gərək simvolları daxil edəsiniz, bu sistem hətta ikiqat qoyulub. Bu süni müdaxilələrin qarşısını almaq üçün qoyulmuş sistemdir, amma bu sistemi aşan proqram təminatları yazılır. Bunu isə xaker hücumu hesab etmək olmaz. Burada hər hansı qanun pozuntusu yoxdur.

Burada dövlətin müəyyən etdiyi qaydalara zidd heç nə yoxdur. Kimsə proqram təminatından istifadə edib o simvolları doldurursa, buna qarşı aidiyyatı dövlət qurumları əlavə mexanizmlər müəyyən etməli idi ki, bu cür proqram təminatlarından istifadənin qarşısını ala bilsin.

Bununla bağlı biz onlara təkliflər vermişik. Yeri gəlmişkən, qeyd edim ki, onlayn satışla bağlı mövcud qaydalar korrupsiyanın qarşısını almaq üçün əla metoddur. Amma indi məlum ki, bu da neqativ hallardan hali deyil, yenə də hər hansı texnologiyadan istifadə edib nəticələrə nail olmaq mümkündür. Hansı ki, bu da qaydalara zidd olmur. Müşahidələr məhz bunu göstərir.

Hesab edirəm ki, MİDA bunu təkmilləşdirməlidir, daha müasir texnologiyalardan istifadə etməlidir. Gərək dövlət qurumu bunu daim təkmilləşdirsin. Mən onlara dəfələrlə təklif etmişdim ki, satış prosesinin canlı yayımını təşkil edək. Təəssüf edirəm ki, bu olmadı.

Bəzi təhlükəsizlik məsələlərinə görə canlı yayım təkliflərimiz alınmadı. Əgər canlı yayım olsaydı, bu qədər narazılıq olmazdı. Eyni zamanda biz təklif vermişik ki, alternativ metodlar da olsun. Çünki texnologiya ayrı-seçkilik yaradır, kiminsə texnoloji biliyi, bacarığı yoxdursa, bu problem yaradır. Buna görə başqa bir alternativ də olmalıdır, lakin hələlik bununla bağlı da bir qərar yoxdur”.

Osman Gündüz hesab edir ki, alternativ lotoreya, random proqramlarla mümkündür: “Bu zaman insan amilləri iştirak edir. Amma insan amili olanda da müəyyən risklər yaranır. İstənilən halda, alternativ yollar olmalı, eyni zamanda, texnoloji metod da təkmilləşdirilməlidir”.

Mənzillərin əvvəlcədən satılması haqda iddialara gəldikdə mütəxəsis bu haqda konkret faktların olmadığını bildiri: “Orada bir neçə dövlət qurumu var, onlar qabaqcadan ekranları görürlər, yəni ekranda satışa nə qədər mənzil çıxarılıbsa, bunu görürlər. Əgər ciddi fakt olarsa, bu məsələ müzakirə edilə bilər. Hər halda orada müşahidəçilər var və bu iddia reallığa uyğun olmaya bilər”

Bənzər yazılar

Back to top button