Siyasət

YAP üzvü Cəmil Həsənliyə görə partiyadan istefa verdiyini bəyan etdi

Yeni Azərbaycan Partiyası Səbayel rayon təşkilatının üzvü Elvar Mirzəoğlu partiyadan istefa verdiyini bildirib.

O, Feysbuk hesabında yazıb ki, bu addımı Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının şəxsi həyatına müdaxiləyə etiraz olaraq atıb.

O həmçinin bununla bağlı Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

O, müraciətində bildirir ki, son vaxtlar Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan, Azərbaycan ictimaiyyətində kifayət qədər nüfuz qazanan insanların şəxsi həyatına ciddi müdaxilələr baş verir.

Onun fikrincə, bu şəxslərin özlərinin və ya yetkinlik yaşına çatmış ailə üzvlərinin qeyri-qanuni, gizli intim videolarının çəkilərək ictimaiyyətə təqdim olunduğu halda baş verənlərlə bağlı dövlət orqanları tərəfindən heç bir əməli təsir tədbirləri görülmür: “Bu, məndə ciddi narahatlıq yaradır, hətta bu kimi hərəkətlərin yayılmasında dövlət orqanlarının bu və ya digər formada iştirakını istisna etmirəm və bu kimi qanunazidd əməllər məndə əsaslı şübhələr yaradır”.

Mirzəoğlu hesab edir ki, ölkədə baş verən bu kimi qeyri-etik, cəmiyyəti sarsıdan qanunsuz əməllər İlham Əliyevin rəhbərlik etdiyi partiyadan istefa verməsinə əsas yaradır.

E.Mirzəoğlu deyir ki, əxlaqsızlığın tüğyan etdiyi ölkədə xüsusilə, üzvü olduğu partiyanın bu kimi nanəcib əməllərə susqunluğu, ciddi reaksiya verməməsi çox narahatlıq yaradır: “Hətta deyərdim ki, övladlarımdan, yaxınlarımdan çox narahatam. Çünki, görünür, ölkədə şəxsi həyat sirri dövlət tərəfindən qorunmur əksinə, ictimailəşir”.

“İndiyə qədər baş verənlərin ən yaramaz, alçaq və namussuz forması Milli Şuranın sədri, dünya şöhrətli alim, Azərbaycanın mənəvi sərvəti, professor Cəmil Həsənlinin ailəsinə qarşı edilən tərbiyəsizlikdir”, – o yazır.

“Üzvü olduğum Yeni Azərbaycan Partiyasından istefa verirəm və Milli Şuranın sədri, professor Cəmil Həsənlidən xahiş edirəm ki, məni Milli Şuraya üzv qəbul etsin”, – Elvar Mirzəoğlu yazıb. (Turan)

Bənzər yazılar

Back to top button