Səməd Seyidov: Məni 3 saat dindirdilər

Print Friendly, PDF & Email

”Bizə təsir edirdilər, deyirdilər ki, sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz”

“AŞPA-da yaradılan Müstəqil Araşdırma Qurumu 3 saat məni dindirib, onların suallarına cavab vermişəm”.

APA yazır ki, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Bizə təsir edirdilər, deyirdilər ki, “sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınız heç bir siyahıya salınmayacaq, heç bir sanksiya tətbiq olunmayacaq” və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi. Bax, bunların məqsədi elə burdan da məlumdur. Qərəzli niyyətləri vardı, yerinə yetirdilər”.

Mayın 16-da AŞPA Prosedur Qaydaları Komitəsinin dörd deputata qarşı sanksiyaların tətbiqi barədə məlumat yayıb.

Siyahıya Azərbaycanın AŞPA parlament nümayəndə heyətinin sədri Səməd Seyidov, AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, qurumun keçmiş prezidenti Pedro Aqramunt (İspaniya), Azərbaycan üzrə məruzəçi və seçki müşahidəçiləri Cezar Florin Preda (Rumınya) və Xordi Xukla (İspaniya) daxil ediliblər.
Həmin deputatlar heç bir mövzu, ölkə üzrə məruzəçi, AŞPA komitəsinin və ya sub-komitənin sədri və sədr müavini ola bilməzlər. Eyni zamanda, AŞPA-nın prezidenti vəzifəsinə namizədliklərini irə sürə bilməzlər:

Onlar Avropa Şurasını və onun komitələrini heç bir tərəf qarşısında təmsil edə bilməzlər. Bundan əlavə bu deputatların Nazirlər Komitəsinə sual vermək hüquqları əllərindən alınır.

Məhdudiyyətlər Pedro Agramunta 10 il, digər 3 nəfərə 2 il müddətində şamil olunacaq.