AnalitikaBizim seçimİqtisadiyyatManşet

Qaz istehlakçıları SOCAR-ın xarici öhdəliklərinin girovuna çevriliblər

Azərbaycanın “Cənub” qaz dəhlizi (CQD) ilə bağlı artmaqda olan öhdəlikləri perspektivdə əhaliyə qaz verilməsi problemini kəskinləşdirə bilər. Belə ki, Gürcüstana və Türkiyəyə ixracın artması fonunda mavi yanacağın hasilat səviyyəsinin azalması sıravi abunəçilərə verilən qaza qənaət edilməsinə səbəb olub, iqtisadçı-ekspert Natiq Cəfərli Turan-a bildirib.

Onun sözlərinə görə, əgər artan öhdəliklər hasilatla uzlaşmayacaqsa, belə perspektiv mümkündür. Düzdür, hökumət “Şahdəniz” qaz-kondensat yatağının ikinci inkişaf mərhələsində ixrac öhdəliklərini artırmağa ümid edir, ancaq bunun mümkün olub-olmayacağını zaman göstərəcək. Hələlik yetərincə olmayan qaz həcmi daxili istehlak üçün nəzərdə tutulan qaza qənaət edilməsi ilə yoluna qoyulur.

Hazırda hasilat ixrac ilə uzlaşmır və bu da əhaliyə verilən qazın kəsilməsinə, o cümlədən qazın 15-20 ml/bar-dan aşağı təzyiqlə verilməsinə səbəb olur. Azərbaycanlıların öz evlərində istilik görməməsinin digər səbəbi çoxsaylı istilik təsərrüfatları və digər biznesdir ki, bura daha çox qaz verilir. Ancaq yenə də bu fakt artan öhdəliklər səbəbindən qənaət faktını kiçiltmir.

“Qıtlığın artmasının əsas səbəbi aydındır: hasilat azalır, artmaqda olan qaz və elektrik enerjisi ixracına (qaz-elektrik stansiyaları- red.) əlavə mavi yanacaq mənbələri lazım gəlir. Məntiqlə güman etmək olar ki, qənaət əhalinin hesabına başa gəlir”, – N.Cəfərli vurğulayıb. O deyib ki, daxili tələbatın artmasına, Gürcüstan (SOCAR-dan 1,866 mlrd. kubmetr və “Şahdəniz” çərçivəsində 813 mln. kubmetr) və Türkiyə (6,5 mlrd. kubmetr) qarşısında olan xarici öhdəliklərə görə SOCAR-ın əlavə yanacaq həcmi yoxdur.

Daxili bazarda qənaət rejimi qaz çatışmazlığı ilə əlaqələndirilib, Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban Turan-a bildirib. Onun sözlərinə görə, ilk dəfə problem 2016-cı ildə aktual olub- Gürcüstana bizim qazın ixracına başlanması ilə. 2017-ci ilin martında danışıqların yekunlarına əsasən 2028-ci ilədək qaz nəqlinə dair yeni müqavilənin imzalanması ilə Azərbaycan Gürcüstan bazarını qazla tam təmin etmək barədə öhdəlik götürüb.

“Oxucu sual edə bilər: bu, bizə lazımdırmı? O vaxt “Qazprom” Gürcüstanla danışıqlar aparırdı və onu öncə bəyan edilmiş 185 dollardan aşağı qiymətə 2 mlrd. kubmetr həcmində qaz ilə təmin edə bilərdi. Biz qonşu ölkənin bu bazarı uğrunda mübarizə aparmalı olduq. Çünki Gürcüstan bizim qaz üçün Avropaya pəncərədir”, – o qeyd edib. İ.Şabanın məlumatına görə, Azərbaycan Gürcüstan qazını əldən buraxardısa Rusiya tərəfinin növbəti addımı Belarusda olduğu kimi, Gürcüstanın magistral qaz kəmərinə nəzarət ola bilərdi. “Bizim qaz ixracı ölkəsinə belə perspektivlər lazım deyildi, Azərbaycan gələcək dividentlər naminə bu yükü öz üzərinə götürməli oldu”.

Gürcüstanın İqtisadi İnkişaf Nazirliyinin 2018-ci il üçün təsdiqlənmiş təbii qaz balansına görə, demək olar ki, bu həcmin hamısı – 2 mlrd. 680 mln. Azərbaycandan alınması nəzərdə tutulur ki, bu da 2017-ci ildə olduğundan 12,2% çoxdur. Ekspert əmindir ki, gələcəkdə asan olacaq. CQD-nin və “Şahdəniz”in ikinci mərhələsinin işə salınması ilə Gürcüstanın 700 mln. kubmetr çox tranzit qaz alacağı gözlənilir, SOCAR isə bu həcmi Azərbaycanın daxili bazarına yönəldə bilər. Ancaq “yönəltməyə də bilər”.

Hər halda Neft Araşdırmaları Mərkəzi rəhbərinin fikrincə, belə olarsa Azərbaycanın daxili bazarında qaz qıtlığına Gürcüstanın səbəb olması amili aradan qaldırılacaq. Bundan əlavə, Fransanın Total şirkəti ilə SOCAR arasında “Şahdəniz” yarağının işlənməsinə dair saziş çərçivəsində ildə 1,5 mln. kubmetr qaz Azərbaycanın daxili bazarına gedəcək.

Yatağın işlənməsinin birinci mərhələsində bir quyunun qazılması planlaşdırılır, ikinci mərhələdə ildə dörd milyard kubmetrədək qaz hasilatı planlaşdırılır.

Yeri gəlmişkən, bu ildə 30 milyard kubmetrə yaxın qaz hasilatı göslənilir. Ancaq bu, ümumi həcmdir: bizi maraqlandıran əmtəə qazının həcmi 18 mlrd. kubmetri ötüb, neft hasilatı zamanı lay təzyiqinin saxlanması üçün 10 mlrd. kubmetrdən istifadə olunur. Plana görə, beş ildən sonra əmtəə qazının həcmi 40 mlrd. kubmetr təşkil edəcək, ancaq nəticəni zaman göstərəcək. Hələlik daxili bazara 10 mlrd. kubmetrədək mavi yanacaq daxil olur və onun əsas hissəsini energetika, az hissəsini sənaye istehlak edir. Məlum olduğu kimi, əhalinin – 2 mln. qaz abunəçisinin payına 3 mlrd. kubmetrədək qaz düşür, bu həcm hamıya çatmır. “Qaz sahəsinin itkiləri” rəsmi olaraq 700 mln. kubmetr həcmində göstərilib.

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinə dair müqavilənin şərtlərinə əsasən hasil edilən səmt qazı Azərbaycana təmənnasız verilir. İqtisadçıların və mütəxəssislərin fikrincə, bu həcm demək olar ki, ölkə əhalisinin illik istehlakına bərabərdir və sadə vətəndaşlara güzəştli tariflərlə, hətta pulsuz verilə bilərdi.

Bənzər yazılar

Back to top button