İqtisadiyyatManşet

Mərkəzi Elmi Kitabxana işçisinin şirkətinə tender verib – ŞOK FAKTLAR

Mərkəzi Elmi Kitabxananın 2022-ci ilin may ayında ümumi məbləği 38.938 manat olan satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxana 2022-ci ilin may ayının 5-də “Dəftərxana və təsərüffat mallarının satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 29.410 manat, qalibi isə “POLİQRAF-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“POLİQRAF-2015” MMC 2014-cü ilin dekabr ayının 19-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Fizuli rayonu Fin Quraşdırma Evləri, qanuni təmsilçisi isə Aslanov Xəyyam Savalan oğludur. “POLİQRAF-2015” MMC-nin fəaliyyət profili, lisenziyaları barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Mərkəzi Elmi Kitabxana “Mətbəə məhsullarının satınalınması” lotu üzrə sifarişçi olduğu növbəti satınalmaya isə 2022-ci ilin may ayının 12-də yekun vurub. Bu satınalmanın məbləği 9.528 manat, qalibi isə “İlkin-KO” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1100180771) olub.

“İlkin-KO” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsi ev 225, qanuni təmsilçisi isə Aslanov Rafiq Savalan oğludur. “İlkin-KO” MMC-nin fəaliyyət profili, lisenziyaları barədə açıq internet resurslarında məlumat yoxdur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Mərkəzi Elmi Kitabxananın sifarişçi olduğu satınalmada qalib elan edilən “İlkin-KO” və “POLİQRAF-2015” MMC-lərin qanuni təmsilçilərini yaxın qohumluq əlaqələri birləşdirir. Belə ki, bu qanuni təmsilçilərin qardaş olduğu deyilir.

Əldə etdiyimiz məlumata görə Mərkəzi Elmi Kitabxananın sifarişçi olduğu satınalmada qalib elan edilən “İlkin-KO” MMC-nin qanuni təmsilçisi Rafiq Aslanov sifarişçi təşkilat olan Mərkəzi Elmi Kitabxanada mühəndis vəzifəsində çalışır. Bu isə “Dövlət Satınalmaları Haqqında” Qanununa ziddir. Belə ki, Qanunun 13.1-ci maddəsinə əsasən Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Qlobal.az məsələ ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrənib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubunda deyilir:

“Bildiririk ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.

Əlavə olaraq bildiririk ki, ayrı-ayrı müsabiqələrdə iştirak edən malgöndərənlərin (podratçıların) hüquqi ünvanlarının, təsisçilərinin eyni olması dövlət satınalmalarını tənzimləyən hər hansı normanın pozuntusu hesab edilmir. Eyni müsabiqədə iştirak edən malgöndərənlərin (podratçıların) hüquqi ünvanlarının, təsisçilərinin eyni olması sövdələşmə halı hesab edilə bilər.

Həmçinin bildiririk ki, müsabiqədə iştirak edən müəssisənin fəaliyyəti barədə internet resurslarında məlumat aşkar edilməməsi həmin iddiaçının müsabiqədən kənarlaşdırılmasına əsas vermir. Belə ki, iddiaçı tərəfindən satınalan təşkilata təqdim edilmiş sənədlərin tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş tələblərə uyğunluğu Qanunda nəzərdə tutulmuş qaydada tender komissiyası tərəfindən yoxlanılır.

Bundan başqa bildiririk ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən “Mətbəə məhsulları”nın satın alınması məqsədilə keçirilmiş kotirovka sorğusu proseduru Qanunun 13.2.1-ci və 11.2-ci maddəsinin tələblərinin pozulması ilə keçirildiyindən müsabiqənin nəticəsinin ləğv edilməsi barədə satınalan təşkilata 14.05.2022-ci il tarixli AİBNDX-11/11-5/2380p nömrəli məktub göndərilmişdir.”

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə görə satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olarsa bu maraqlar ziddiyəti təşkil edir.

Qanunun 11.2-ci maddəsi isə tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etməsini nəzərdə tutur.

Xatırladaq ki, Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyevdir.

O, 2020-ci ilin noyabr ayından Mərkəzi Elmi Kitabxanaya rəhbərlik edir.

Bənzər yazılar

Back to top button