AnalitikaGündəmManşetÖnə çıxanlarSiyasət

MTRŞ-ın İTV-yə siyasi müdaxiləsi

11 may 2018-ci il tarixdə rəsmi dövlət informasiya agentliyi Azərtac İTV-yə isnad edərək, İctimai Televiziya və Radio Yayım Şirkətinin baş direktoru Cəmil Quliyevin səlahiyyətlrinə xitam verildiyini, boşalan yerə Balakişi Qasımovun yeni baş direktor təyin edildiyini, Cəmil Quliyevin isə ölkə Prezidentinə təşəkkür edərək, bu günədək ona göstərdiyi etimaddan dolayı məmnuniyyətini ifadə etdiyini yaydı.
Təbii ki, bu xəbər dərhal ictimai yayımın hüquqi vəziyyətini, onun cəmiyyətdəki yerinə görə mövcud olan prosedurları gündəmə gətirdi. Çünki, bu ifadə edilən yanaşma birbaşa İctimai Teleradio yayımı haqqında Qanunun 20.3.1 maddəsinin və 21.1-ci maddəsinin tələbini, habelə əsasnaməsini kobud şəkildə pozmaqdır. Qanunvericiliyə görə baş direktor təyin edilməməli, müsabiqə əsasənda iddialı namizədlər arasından İctimai Teleradio Yayım Şurası üzvləri tərəfindən seçilməli idi.

Bu norma hələ 2004-cü ildə bu Qanun formalaşarkən və AZTV-2 kanalı İTV-yə çevrilərkən müəyyən edilmişdi. O dönəmdə İctimai yayımın formalaşması və idarə edilməsinə dair tələblər Avropa Şurasının rəhbər sənədləri işığında formalaşmağa çalışılmışdı. təsadüfi deyil ki, 2001-2004-cü illər bu qanunvericilik formalaşarkən ciddi ictimai debatlar, müzakirələr olmuş, vətəndaş cəmiyyəti təmsilçiləri içşi qruplarında yer almış, hətta 2004-cü il yanvarın 9-da Milli Məclisin Avropa Hüquq normalarına zidd qəbul etdiyi “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalamadan, 2004-cü il martın 3-də öz etirazları ilə birlikdə veto edərək Milli Məclisə geri qaytarmışdı.

Bundan sonra, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə əsaslanaraq, Milli Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin veto edib qaytardığı “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununu 2004-cü il martın 4-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri, Mədəniyyət məsələləri və Elm və təhsil məsələləri daimi komissiyalarının rəyinə göndərmiş, Azərbaycan Respublikası Milli Məclisinin adı çəkilən daimi komissiyaları 2004-cü il martın 15-də keçirdikləri birgə iclasda bu məsələyə baxaraq, qərara almışlar ki, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Milli Məclisə “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunununa dair Azərbaycan Respublikası Prezidentinin etirazı qəbul edilsin. Bundan sonra yenidən qanun üzərində işlənmiş və bu zaman Avropada ictimai yayımı tənzimləyən bütün sənədlər, o cümlədən:

Avropa Şurasının “Milli yayımın rolu və idarəsi” 748 (1975) saylı Tövsiyəsi;

“İctimai Teleradio yayımının gələcəyi”nə dair Avropa Nazirlər Konfransının Qətnaməsi; (Praqa) 4-8.12.1994

Avropa Şurası Nazirlər Komitəsinin “Kütləvi informasiya vasitələrində plüralizmin stimullaşdırılması” R(99) 1 saylı Tövsiyəsi;

Avropa Şurası Nazirlər Komitəsinin”İctimai yayım xidmətinin müstəqilliyinin təminatı” R(96) 10 saylı Qətnaməsi – ciddi araşdırılmış, yeni qanunvericilik mümkün qədər bu normalara uyğunlaşdırılmağa çalışılmışdı. Xüsusilə R(96) 10 saylı Qətnamə geniş formada İctimai Yayım xidmətinin müstəqilliyini əhatə etdiyindən, bu sənəddə 22 müxtəlif prinsipial məsələ öz əksini tapıb. Bunların hər biri İctimai Yayım xidmətinin müstəqilliyinin təmini üçün zəruri olan prinsiplərdir. Bütün bu proseduraların gerçəkləşməsinin bir önəmli səbəbi də 2001-ci ildə ölkə Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklərdən biri də dövlət yayımının ictimailəşməsi ilə bağlı olan öhdəlik idi. Bu gün İctimai yayımın idarəetməsindəki yaranan problemlər əslində yaxın tariximizdə baş verən bu hadisələrin unudulması və demokratik idarəetmə ənənəsindən uzaqlaşma ilə birbaşa əlaqəlidir.

Ayrıca,son 14 ildə prktikada buna formal da olsa əməl edilmiş, istər 2005-ci ilin aprel ayında, istərsə də 2009 və 2013-cü illərin aprel aylarında hər 4 ildən bir bu proseduraya sadiq qalaraq, baş direktor namizədləri arasından biri İctimai Teleradio Yayım Şurası tərəfindən baş direktorluğa seçilmişdir.

Sonuncu dəfə 2017-ci ilin aprel ayında Cəmil Quliyevin ilk 4 illik müddəti başa çatdıqda yenidən Milli Teleradio Şurası İctimai Yayımın Baş Direktorluğuna müsabiqə elan etmiş, 5 namizədin arasından İctimai Teleradio Yayım Şurası Cəmil Quliyevi 2-ci dəfə bu posta seçmişdi.

Cəmil Quliyevin 4 ildən tez bu postu tərk etməsi hüquqi qaydaları dəyişmir. Yenə də hüquqi prosedura dəyişmədən tətbiq edilməlidir. Amma nədənsə səbəbi tam aydın olmasa da, Cəmil Quliyevin göndərilməsi və yerinə yeni təyinatın elan edilməsi bir neçə dəqiqə içərisində baş verdi. Qanunlara baxmağı da artıq hesab edərək, boşalan yerə müsabiqə keçirilmədən, cənab Qasımovun təyinatı reallaşdı.

Burda ilk ağla gələn hökumətin media siyasəti ilə məşğul olanların hansı səbəbdənsə bu olayı provokasiya etmələri və yeni təyin olunan şəxsin bu postda hüquqi baxımdan oturmasını şübhəli vəziyyətə salmasıdır. Çünki, 14 ildir tətbiq edilən, 4 dəfə təkrarlanan bir proseduranın “bilinməməsini” yaxud “yaddan çıxarılmasını” düşünmək çox da inandırıcı versiya kimi görünmür.

Sonradan baş verənlər göstərdi ki, əslində proseduranın nə olduğu bilinir və yenidən Milli Teleradio Şurası 3 gün sonra bu posta müsabiqə elan etdi. Bu zaman yenidən bilərəkdən, yaxud bilməyərəkdən bir daha qanunvericiliyin tələbləri kənara atıldı və elan edildi ki, guya media günahkardır, yanlış məlumatı media yayıb, əslində Balakişi Qasımov baş direktor təyin edilməyib, müvəqqəti icraçı kimi təyin edilib. Bunun daha böyük qanun pozuntusu olduğu nədənsə unuduldu. Çünki, İctimai Teleradionun Yayım Şurası müsabiqəsiz, kənardan yeni birini göydəndüşmə İTV-nin başına gətirə bilməz. Baş direktorun seçilmə prosedurası aydın şəkildə müəyyən edilib və ancaq iddialı namizədlərin müsabiqədə iştirak etməsindən və bütün kriteriyalara uyğun gəlməsindən sonra mümkündür. Balakişi Qasımov müsabiqə elan olunmadan iddialı ola bilməz və müsabiqə elan edildikdən sonra yanlış onun özü sənədlərini Müsabiqə Komissiyasına təqdim edə bilər. 14 mayda elan olunan və 15-30 may tarixləri arasında nəzərdə tutulan müsabiqəyə bundan 4 gün öncə, 11 mayda Balakişi Qasımovun sənəd tədim etməsi çox gülünc görünür və aşkar surətdə qanunvericiliyin tələbinin pozulmasıdır. İctimai yayımın baş direktorunun hər hansı səbəbdən yeri boşaldıqda, bu posta onun müavini və ya Direktorlar Şurasının hər hansı bir üzvü müvəqqəti olaraq davam etməli idi. 2005-ci ildə tərtib edilən və indi gizlədilən İctimai Yayımın Əsasnaməsində bu müddəa açıq göstərilib. Maraqlıdır ki, İnformasiya əldə etmək haqqında qanunun 29-cu və 30-cu maddələrinin birbaşa tələbi olmasına baxmayaraq, İctimai Teleradio Yayım Şirkətinin Əsasnaməsi və Nizamnaməsi onun rəsmi internet səhifəsində yerləşdirilməyib və ictimaiyyət bu səbəbdən qanunvericiliyin tələblərinin necə olduğunu və necə pozulduğunu tam görə bilmir.

İctimai Teleradionun Yayım Şurasnın üzvlərindən bəziləri tam aydın olmasa da, cəmiyyətə belə bir informasiya verməyə çalışdılar ki, guya Cəmil Quliyevdən xahiş ediblər, o müvəqqəti olaraq baş direktorluğa davam etsin. Lakin bəlli olmadı ki, baş direktorluğa hazırda km davam edir, Balakişi Qasımov, yoxsa, Cəmil Quliyev?

Balakişi Qasımov kimi Cəmil Quliyevin də hazırda baş direktorluqda qalması hüquqi baxımdan mümkünsüzdür. Çünki, 11 may tarixində Yayım Şurası Cəmil Quliyevin istefasını müzakirə edərək, onun işinə xitam verib. Cəmil Quliyevin istefasından sonra, onun səlahiyyətlərinə Yayım Şurası xitam verdiyinə görə Cəmil Quliyev müvəqqəti də olsa Baş direktorluğu icra edə bilməz. Bunu Əmək Məcəlləsi qadağan edir. Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbi bundan ibarətdir ki, Qəmil Quliyevin müqaviləsinə xitam verildiyi gün, həmin qərarın surəti, əmək kitabçası və son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işinə xitam veriləndə ona təqdim edilməlidir. 11 Mayda onun fəaliyyətinə xitam verildiyinə görə (ən azından İTV-nin Yayım Şurası bunu etiraf edir) Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən Cəmil Quliyevlə hər hansı hüquqi bağ qalmayıb və onun işə davam etməsi artıq mümkün deyil. Çünki, Müsabiqəyə qərar verilməli, hüquqi prosedura işləməlidir. Baş direktor yanlişzseçki ilə namizədlər arasından seçilməlidir.

Son olaraq qeyd etmək zəruridir ki, həm Balakişi Qasımovun həm də Cəmil Quliyevin müvəqqəti də olsa baş direktorluqda olması hüquqi baxımdan qanun pozuntusudur və gələcəkdə bu məsələni hüquqi baxımdan mübahisələndirənlər üçün ciddi üstünlük yaradan arqumentdir.

Üzərində durulması zəruri məqamlardan biri də İctimai Yayımın Baş direktorluğuna müsabiqə məsələsinə Milli Teleradio Şurasının müdaxiləsidir. 5 oktyabr 2002-ci ildə qəbul edilən Milli Teleradio Şurasının Əsasnaməsinin 7.4-cü bəndi MTRŞ-a sadəcə “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq təşkilatlar qruplarında Yayım şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi işini təşkil etməyi həvalə edib. Lakin, baş direktorla bağlı MTRŞ-ın hər hansı səlahiyyəti yoxdur və bu müstəsna olaraq İctimai Yayımın Yayım Şurasının səlahiyyətindədir. Bu məsələyə MTRŞ-ın müdaxiləsi İctimai Yayıma dövlət qurumunun siyasi müdaxiləsi hesab edilməlidir. Çünki, MTRŞ-a baş direktor məsələsində hüquqi imkan verilməyib. Teleradio yayımı haqqında Qanunun 11.6-cı maddəsi yanlız İctimai yayımla bağlı konkret məsələlərin araşdırılması və həll edilməsi üçün ictimai yayımçının rəsmi müraciəti əsasında teleradio yayımı sahəsində müvafiq dövlət orqanına (MTRŞ-a) səlahiyyət verilə biləcəyini müəyyən edib və bunu da ictimai yayımın yaradıcılıq və redaksiya müstəqilliyini məhdudlaşdırmama şərtinə bağlayıb. Bildiyimiz kimi İctimai Yayım Şurasının MTRŞ-a hər hansı müraciəti olmayıb.

Ələsgər Məmmədli

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button