Bizim seçimCəmiyyət

İstedadlı şagirdlər hara yoxa çıxır?

Azərbaycanda beynəlxalq intellektual olimpiadaların və respublika olimpiadalarının qalibləri və mükafatçıları ali məktəblərə daxil olarkən xüsusi hüquqlara malik deyillər. Ölkənin Təhsil Nazirliyi bilik yarışlarında fərqlənən istedadlı şagirdlərin həvəsləndirilməsi üzrə xarici təcrübəni mənimsəyərək, bu vəziyyəti dəyişdirməyi qərara alıb.

İdarə qanuna abituriyentlərin ölkənin ali təhsil müəssisələrinə qəbulunun yeni formatını nəzərdə tutan dəyişikliklər təklifi hazırlayıb. Söhbət beynəlxalq olimpiada qaliblərinin ali məktəblərə istənilən ixtisas üzrə, respublika fənn olimpiadalarının qaliblərinin isə qalib gəldikləri fənlərə uyğun ixtisaslara müsabiqədənkənar qəbulu mexanizminin tətbiqindən gedir.

Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, təkliflər paketi razılaşdırılması üçün müvafiq qurumlara göndərilib, onlar həmçinin Milli Məclisə təqdim ediləcək.

“Bu gün beynəlxalq intellektual yarışların mükafatçıları qəbul imtahanı olmadan profilli ixtisaslara qəbul edilə bilərlər. Yeni qaydalar beynəxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadalarının qaliblərinin isə fərqləndikləri predmetlərə uyğun ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbuluna yol verir”, deyə Bayramov izah edib.

Bundan başqa, ölkədə istedadlı şagirdlər üçün liseylərin sayını artırmaq planlaşdırılır.

Olimpiada, digər müsabiqə və turnirlərin qaliblərinin ali məktəblərə imtiyazlı qəbulu Qərbdə geniş yayılmış təcrübədir. Rusiyada hətta ali məktəblər istedadlı məktəblilərin cəlb edilməsində rəqabət aparır, təşviqedici tədbirlərdən: qrantlardan, adlı təqaüdlərdən və s. istifadə edir. Həm də şagirdlər özləri müxtəlif fənn və mövzular üzrə olimpiadalarda iştirak etməkdə maraqlıdırlar. Müxtəlif intellektual yarışlarda və müsabiqələrdə zəfər ilk növbədə yuxarı sinif şagirdlərinin vahid dövlət imtahanının nəticələri olmadan ali məktəbə daxil olmasına imkan verir. Olimpiada qalibləri və mükafatçıları ali məktəblərə vaxtından əvvəl, ümumi müsabiqə üzrə iki əsas qəbul mərhələsi başlamazdan əvvəl qəbul edilir.

Azərbaycanda şagirdlər arasında belə bir həvəs müşahidə olunmur. Birincisi, ona görə ki, onların məktəbdə aldıqları biliklər heç rayon səviyyəsində olimpiadaların tələblərinə belə çatmır. İkincisi, bu yarışlarda zəfər qazanmaq ali məktəblərə daxil olarkən hansısa imtiyazlara zəmanət vermir. Buna görə şagirdlər olimpiadaya hazırlaşmaqdansa, repetitorlarla məşğələlərə daha çox vaxt ayırır. Digər tərəfdən, ABŞ, Avropa ali məktəbləri gənc istedadların “ovuna çıxırsa” və onları təhsil almaq üçün dəvət edirsə, Azərbaycan universitetinə daxil olmaq nəyə lazımdır?

MDU-nun rektoru Viktor Sadovniçiy qeyd edir ki, olimpiada iştirakçılarının təxminən 30%-i universitetə daxil olur. Ali məktəb vahid dövlət imtahanı, əlavə qəbul imtahanı üçün onlara 100 bal verir və ya birbaşa müsabiqədənkənar qəbul edir.

Olimpiada qalibləri ən çox MDU-nu, AİM-ni, MFTİ-ni, MMFİ-ni, MDBMİ-ni seçirlər. Bu, abituriyentlərin ən çox üstünlük verdiyi ali məktəblərdir. Bəzi rektorlar hətta olimpiada qaliblərini ümumi əmrlə deyil, vaxtından əvvəl qəbul etməyi təklif ediblər ki, ali məktəb istedadlı tələbənin məhz ona gələcəyini əvvəlcədən bilsin. (Turan.az)

Bənzər yazılar

Back to top button