HadisəManşet

“Ziyad Səmədzadə MTN-lə birləşib həyatımı alt-üst elədi”

Vaxtilə zavodu, fabriki olan İbrahim Zeynalov indi qaloşla gəzir

“Heç nəyim qalmadı, övladlarım, yoldaşım öldü, vaqonda yaşayıram”.

Bu sözləri Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru, vaxtilə zavodu, sexləri və başqa iri obyektləri olan İbrahim Zeynalov deyir.

O, aprelin 5-də məhkəməyə nimdaş geyimdə, cırıq qaloşla gəlib. Deyir ki, müflis olub, bu vəziyyətə düşməsinin səbəbkarı deputat Ziyad Səmədzadə və Milli Təhlükəsizlik Nazirliyinin vəzifəliləridir.

İbrahim Zeynalov keçmiş MTN generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş daha üç nəfərin – İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsində zərərçəkmiş qismində ifadə verib.

“Hakim MTN-çilərin əməllərinin ictimaiyyətə yayılmasını istəmir, ona görə…”

Sabiq MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baxılır. Elbəy Allahverdiyev bu məhkəmə prosesində jurnalistlərin iştirakına qadağa qoyub.

Əvvəl bir sıra media orqanlarına göndərdiyi cavab məktubunda pandemiyanı əsas gətirirdi. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargah qapalı məkanlarda belə say məhdudiyyətini aradan qaldırandan sonra da hakim əvvəlki kimi jurnalistləri açıq məhkəmə prosesinə buraxmır.

Zərərçəkmişlər buna görə hakimi ittiham edirlər. Onlar məhkəmədə də bildiriblər ki, Elbəy Allahverdiyev keçmiş MTN-çilərin tərəfindədir və onların əməllərinin ictimaiyyətə yayılmaması üçün qanunu pozaraq, açıq məhkəmə prosesində medianın iştirakını qadağan edib.

Qadağaya baxmayaraq, Meydan TV məhkəmə prosesində baş verənlər haqda məlumatları əldə edir.

“Ziyad Səmədzadə biznesimin yarısını istədi, vermədim, başıma oyun açdı”

Budəfəki məhkəmə prosesində zərərçəkmiş qismində İbrahim Zeynalov ifadə verib. Səhhətində ciddi problemlər olan İbrahim Zeynalov sərbəst yeriyə bilmir, məhkəmənin pilləkənlərini başqalarının köməyilə qalxıb.

O, ifadəsində başına gələnlərə görə uzun illərdir deputat olan Ziyad Səmədzadəni ittiham edib. İbrahim Zeynalov bildirib ki, ona qarşı MTN-də törədilən cinayətin sifarişçisi Ziyad Səmədzadə olub.

Deputatla uzun illər dost olduqlarını xatırlayan zərərçəkmişin sözlərinə görə, Ziyad Səmədzadə onun biznesi və sahib olduğu əmlaklardan xəbərdar idi.

Onun sözlərinə görə, deputat biznesinin yarısına şərik olmaq istəyəndə “yox” cavabı verib.

İbrahim Zeynalov iddia edir ki, rədd cavabına görə deputat özünə yaxın adamlara onun həbsini sifariş verərək, MTN vasitəsilə onu cəzalandırıb.

“Ziyad Səmədzadə harada nəyim var, bilirdi. Bilirdi ki, zavod, fabrik, sexlərim, mülklərim var. Ağlıma gətirməzdim ki, bu adam nə vaxtsa mənə qarşı belə bir hərəkət eləyər. İllərlə onun cibxərcliyini vermişdim, səfərlərinə pul xərcləmişdim, qızına torpaq sahəsi hədiyyə eləmişdim, üstəlik, orada ev üçün tikinti materiallarını da verdim. Materialların bir hissəsini Almaniyadan gətizdirmişdim. Günlərin birində məndən biznesimə şərik olmağı istədi. Dedi ki, biznesin 49 faizini onun, ya da qızının adına sənədləşdirim. İmtina elədim, dedim ki, bu biznesi uşaqlarıma görə qurmuşam. Ziyad Səmədzadə xəbərdarlıq elədi ki, baxarsan, başına nə gətirəcəm. Bu söhbətdən az sonra onun sifarişilə MTN məni tutdu”.

“10 milyon istədi…”

Necə həbs olunduğu haqda danışan İbrahim Zeynalov bildirib ki, işə getməyə hazırlaşanda evin qapısı döyülüb. Özlərini MTN əməkdaşı kimi təqdim edən bir neçə nəfər onu nazirliyə – Yasin Məmmədovun kabinetinə aparıblar.

“Mən əvvəllər Yasin Məmmədovu tanımamışdım. İçəri girən kimi barmağı ilə 1 göstərib dedi ki, bu verilməsə, buradan çıxmayacaqsan. Soruşdum ki, 1 milyon? Dedi ki, yox, 10 milyon. Məni nazirliyə aparanlardan biri əlində kağız və pul tutub dedi ki, işçim Solmazı da gətiriblər. Guya Solmaz deyib ki, mənə 1650 manat pul verib. Əlindəki də həmin puldur. Sənəd düzəltmişdilər ki, guya həmin pul üstümdən tapılıb. Yasin Məmmədovla əlində pul və sənədi tutmuş işçisi Nazimin danışığından başa düşdüm ki, bu, Ziyad Səmədzadə və Eldar Mahmudovun birlikdə başıma açdıqları oyundur. Nazim məni o biri otağa apardı, səhərə qədər orada qaldım. Barəmdə cinayət işi başlandı, məni həbs qərarı almaq üçün Səbail Rayon Məhkəməsinə apardılar. Barəmdə istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçildi”, – zərərçəkmiş baş verənləri yada salıb.

Onun sözlərinə görə, bir gün sonra Yasin Məmmədov onu İstintaq Baş İdarəsinin rəisi Mövlam Şixəliyevin otağına aparıb. Orada Mövlam Şıxəliyev tərəfindən hədələndiyini deyən İbrahim Zeynalov bildirib ki, bir neçə gün sonra Yasin Məmmədov yenidən onu öz kabinetinə gətirdib. Ona deyib ki, 10 milyon dollar verərsə, çıxıb evinə gedə biləcək:

“Dedim ki, bu qədər pulu düzəldə bilmərəm, hələlik 2 milyon verim, qalanını da çıxandan sonra hissə-hissə verərəm. Yasin Məmmədov razılaşmadı…”

İbrahim Zeynalov deyir ki, bir müddət sonra oğluna məktub yazıb, əmlaklarını satıb, tələb olunan pulu düzəltməsini istəyib. Oğluna yazıb ki, artıq MTN-də qala bilmir. Oğlu da xəbər göndərib ki, əmlakları satışa çıxarıb, hətta evin biri artıq satılıb, yaxın vaxtlarda pulu düzəldəcək.

Zərərçəkmişin dediyinə görə, MTN-də onu həm də mühasibi Qüdrəti həbs eləməklə hədələyib, buna görə 50 min manat pul alıblar. Həmin pulu da Yasin Məmmədova verib.

“7 ay 17 gün MTN-də girov saxladılar”

MTN-də həbsdə olduğu müddətdə Yasin Məmmədovun onu bir neçə dəfə Mövlam Şıxəliyevin otağına apardığını yada salan İbrahim Zeynalov bildirib ki, bu görüşlərin birində general onunla deputat Ziyad Səmədzadə arasındakı münasibətlərlə maraqlanıb:

“Bu dəfə Mövlam Şixəliyev daha mülayim danışırdı. Ziyad Səmədzadə ilə aramızdakı münasibətləri dəqiqləşdirdi. 2009-cu ilin martında Novruz bayramı öncəsi mənə qardaşım Məzahim Zeynalovla görüş verdilər. Qardaşım dedi ki, “nəyimiz var, satıb səni buradan çıxaracağıq”. İyulda Yasin Məmmədov məni çağırıb dedi ki, oğlum artıq 8 milyon çatdırıb, ona görə məni yaxın günlərdə buraxacaqlar. Sonra Mövlam Şıxəliyev də dedi: “oğlun məsələni həll edib, yaxın günlərdə Eldar Mahmudovun qəbuluna düşüb məruzə edəcəm, buraxılacaqsan”. Bir də ev dustaqlığına çıxdığım gün Mövlam Şıxəliyevi gördüm”.

İbrahim Zeynalov əlavə edib ki, guya səhhətindəki ağır problemlərə görə ev dustaqlığına buraxılıb. Halbuki, həmin vaxt heç bir ciddi xəstəliyi olmayıb.

İbrahim Zeynalov haqqında cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, orada ona şərti cəza verilməsi haqda hökm çıxarılıb.

Zərərçəkmişin sözlərinə görə, həbsdən buraxılandan sonra bilib ki, 8 milyon televizor qutusunda Yasin Məmmədova çatdırılıb: “Məni 7 ay 17 gün girov saxladılar. Çıxandan sonra evdəkilər danışdılar ki, nəyimiz var, satıblar, əlavə də borc götürüblər. Pulları evimizdə rəhmətlik həyat yoldaşım Böyükxanım Zeynalova, 2015-ci ildə rəhmətə getmiş oğlum İlkin və 2016-cı ilin yanvarında rəhmətə getmiş qızım Səbinə, qardaşım Məzahim sayıb qutulara qablaşdırıblar. Bunlar mənim ailəmi də məhv elədilər. Mənim evimlə yanaşı, qızımın, oğlumun da evlərində axtarış aparıblar, qızıl-brilyant, pul axtarıblar. Divarları “laqonda” ilə kəsib, parketləri söküblər. Seyf axtarırlarmış. Qızım bu hadisədə həyəcan keçirib. Qorxudan xəstəlik tapdı, yatağa düşdü. Əvvəl oğlum, sonra qızım öldü. Həyat yoldaşım da övladlarımızın ölümünə dözmədi. Ziyad Səmədzadə MTN-lə birləşib həyatımı alt-üst elədi, heç nəyim qalmadı. İllərdir Neftçalada vaqonda yaşayıram…”

Keçmiş MTN zabiti məhkəmədə zərərçəkmişə hücum etdi

İbrahim Zeynalov məhkəmədə bütün bunları danışarkən vəziyyəti pisləşib, ona yardım göstəriləndən sonra nisbətən durumu yaxşılaşıb.

O, başına gələn faciəyə görə hazırda azadlıqda olan, təqsirləndirilən şəxslərdən Yasin Məmmədovu ittiham edib. Yasin Məmmədov ayağa qalxaraq, İbrahim Zeynalova hücum edib. Nəticədə məhkəmə zalında qalmaqal yaranıb. Digər zərərçəkmişlər İbrahim Zeynalovu müdafiə edərək, keçmiş MTN zabitinin qarşısını kəsiblər.

“Hakimə yaraşmayan hərəkətlər edirsiniz”

Hakim Elbəy Allahverdiyev təqsirləndirilən Yasin Məmmədova xəbərdarlıq etməklə kifayətlənib.

Zərərçəkmişlərdən Hüseyn Səfərov hakimi bu cür davranışına – keçmiş MTN-çilərə tərəfkeşlik etdiyinə görə qınayıb.

“Bunlara bu cürəti verən sizsiniz. Onların tərəfini tutub, məhkəməni birtərəfli aparırsınız, hakimə yaraşmayan hərəkətlər edirsiniz. Yasin Məmmədov bu gün həbsdə olmalıdır, lakin onu azadlıqda saxlayırsız. O da zərərçəkənlərə gözünüzün qarşısında hücum edir, hədələyir”, – Hüseyn Səfərov deyib.
Hakim isə bu iradına görə zərərçəkmişin məhkəmə zalından çıxarılmasına göstəriş verib.

General: “Bu, xüsusi tapşırıq idi, həmin adamın adını çəksəm…”

Zərərçəkmiş İbrahim Zeynalovun dediklərinə təqsirləndirilən general münasibət bildirib. O, bu işin xüsusi tapşırıq əsasında həyata keçirildiyini etiraf etsə də, konkret ad çəkmək istəməyib.

“Bu məsələ xüsusi tapşırıqla bizə həvalə olunmuşdu. Ona görə iş xüsusi nəzarətdə idi. İndi həmin adamın adını çəkə bilmirəm. Çünki çəksəm, mətbuatda çıxacaq. Amma vaxt gələr, açıb deyərəm”, – Mövlam Şıxəliyev bildirib.

O vurğulayıb ki, bu iş prokurorluğun da xüsusi nəzarətində idi.

Yasin Məmmədov isə ünvanına səslənən ittihamları qəbul etməyib, bu işi qanuna uyğun apardığını deyib.

Məhkəmə prosesi aprelin 12-də davam edəcək.

“Məni bu işə bağlamaq vicdansızlıqdır”

Ziyad Səmədzadə də ünvanına səslənən ittihamları rədd edib.

“Məhkəmədə bu iddiaları səsləndirən şəxslər hamısı vicdansız insanlardır. İbrahim Zeynalov Buzovnada 30 il öncə sovxozun direktoru olub. Məndən xahiş etmişdilər ki, ona dəstək olum. Amma olmadım. Bunlar hamısı qurma işlərdir. Məni bu işə bağlamaq vicdansızlıqdır. Onu da deyim ki, mənim Eldar Mahmudovla da heç bir əlaqəm olmayıb, ancaq atası Əhməd Mahmudovla münasibətim olub”, – deputat “Unikal”a açıqlamasında belə deyib.

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.

Bənzər yazılar

Back to top button