ManşetSiyasət

Alqış Həsənoğlu ona yenidən göstərilən etimadı niyə doğrultmadı?

Baş redaktora verilən 5-6 aylıq vədə dolsa da, o, "Yeni Azərbaycan"ı “bir nömrəli” qəzetə çevirə bilmədi!

Təxminən bir neçə ay bundan öncə ölkə mediasında yenidən “Yeni Azərbaycan” qəzetinə baş redaktor təyin edilən Alqış Musayevin (Həsənoğlunun) 13 il işsiz qalmasının acığını redaksiyadakı jurnalistlərdən çıxmasından, gələn kimi qəzetə gətirdiyi defektoloq-loqopedin rəhbərliyi ilə həmkarlarımıza qarşı haqsızlıq edildiyindən bəhs edən xəbərlər yayılmışdı. Nə yazıq ki, qanunsuz olaraq jurnalistləri işsiz qoymağa hədəflənən proses – jurnalistlərin pandemiyanın da yaratdığı çətin dövrdə səbəbsiz yerə işdən çıxarılması ilə iqtidarın siyasətini təbliğ edən qələm adamlarının hakimiyyətdən narazı salınmasına hesablanmış təxribat olması şəksizdir. Eyni zamanda, işsiz qalan keçmiş əməkdaşların bəziləri ölkəni tərk etmiş, artıq neçə aylardır ki, işsiz qalan tanınmış qələm sahibləri isə maddi sıxıntı ilə üzləşmişlər.

Qəzet kollektivinin başdan-ayağa dəyişdirilməsi planı çərçivəsində kollektivdə təmsil olunan peşəkar jurnalistləri qanunsuz şəkildə işdən çıxmağa məcbur edən qəzetin yeni rəhbərliyi onların yerinə gətirdiyi qeyri-peşəkar, heç bir səriştəsi olmayanlarla guya daha yaxşı qəzet çıxarmaq istəyib. Hətta yeni təyin olunan zaman “Şərq” qəzetinə açıqlamasında A.Həsənoğlu YAP rəhbərliyinin ikinci dəfə ona göstərdiyi etimadı doğruldaraq, “Yeni Azərbaycan” qəzetində böyük dəyişiklik edəcəyini, qəzetin populyarlığını (???) qaytarmaq, hətta “böyük işlər” görmək yönündə arzularını gerçəkləşdirəcəyini, “Yeni Azərbaycan”ı 5–6 ay ərzində Azərbaycanda “bir nömrəli” qəzetə çevirəcəyinə söz vermişdi.

Artıq Alqış Həsənoğlunun söz verdiyi vədə gəlib çatsa da, hətta 1 ay ötsə də hakim partiyanın rəsmi orqanı olan “Yeni Azərbaycan”ın ölkənin “bir nömərli” qəzetə çevrilməsini görmək ölkə ictimaiyyətinə qismət olmadı. Əvəzində son 6 ay ərzində gördüyümüz hüquqları dövlətin Ana Yasasının, Əmək Məcəlləsinin müvafiq maddələri ilə qorunan Azərbaycan vətəndaşlarına, o cümlədən sağlamlığı məhdud olan qəzet əməkdaşlarına qarşı qəzet redaksiyasında ciddi qanun pozuntuları ilə müşayiət olunan işdənçıxarma əməliyyatları, qəzetin səhifələrində heç də “bir nömrəli” qəzetə yaraşmayan ciddi siyasi, orfoqrafik və texniki səhvlər, partiyanın rəsmi orqanını müxalifətin ruporuna, “sarı mətbuat”a, “bulvar qəzeti”nə çevrimək cəhdləri oldu. Üstəlik, qəzetin tirajının, satışının əyani rəqəmləri göstərir ki, A.Həsənoğlu nə qədər çalışsa da, “Yeni Azərbaycan”ın əvvəlki nüfuzunu qaytara (???), qəzeti “ictimai rəyə təsir edən”, habelə “ictimai rəyi formalaşdıran” “alternativsiz tribuna”ya çevirə, “böyük işlər” görə bilməyib.

Görəsən, verilən vədə dolsa da, A.Həsənoğlunun “Yeni Azərbaycan”ı “bir nömrəli” qəzetə çevirmək arzusunu ürəyində qoyan nə oldu? Baş redaktor 6 ay keçməsinə baxmayaraq, YAP İdarə Heyəti tərəfindən ona göstərilən etimadı niyə doğrulda bilmədi? Bəlkə buna səbəb peşəkarların əvəzinə həm ixtisası, həm də yönümü “Yeni Azərbaycan”a uyğun gəlməyən, heç bir siyasi savadı olmayanları qəzetə cəlb etməsi, heç bir təcrübəsi, səriştəsi, etikası və savadı olmaya-olmaya öz bacısı oğlunu, digər qohum və tanışlarını redaksiyada hakimi-mütləq etməsidir? (Bu məqamda bu yaxınlarda Azərbaycan Prezidentinin səsləndirdiyi “qohumluq və tanışılıq nöqteyi-nəzərindən işə götürməmək” barədə xəbərdarlığını Alğış Həsənoğlunun diqqətinə də çatdırmaq yerinə düşər). Bu sualları partiya qəzetini rəngli çıxarmaqla bir nömrəli qəzetə çevirməyin mümkün olmadığını dərk etməyən, bir yazıda iki dəfə Ulu öndərin adında yanlışlığa göz yuman, 5-6 cümlələlik statusda ölkəmizin adını səhv yazan, fəza ilə, fazanın fərqini, orbitin nə olduğunu aydınlaşdıra bilməyən “Yeni Azərbaycan”ın baş redaktoruna ünvanlayırıq. Bu sualların və səhvlərin sayını artırmaq da olar. Amma onların cavabını da bizə yox, ona etimad göstərənlərə verməli olduğunu xatırladırıq. Heç olmasa, ötən ilin sentyabrında onun yenidən qəzetin rəhbərliyinə qayıtmasına “bəh-bəh”lə alqış tutan qələm dostlarımızın media orqanlarının oxucularını bu 5-6 ayda hansı hoqqalardan çıxdığı barədə yeni açıqlamalarla sevindirsin…

 

Bənzər yazılar

Back to top button