Dünya

Rusiyanı tərk edən Çubays Moskvanın Xamovniki Məhkəməsinə çağırıldı

Moskvanın Xamovniki Məhkəməsi “Rosnano”nun keçmiş baş direktoru Anatoli Çubaysı 70 milyon rubl dəyərində əmlakın oğurlanması ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verməyə çağırıb.

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə iş üzrə təqsirləndirilən şəxslərdən birinin vəkili Vyaçeslav Makarov bildirib.

“İttiham aktı elan edildikdən sonra müştərilərimiz yenidən günahsız olduqlarını bəyan etdilər. Bundan sonra Anatoli Çubays aprelin 27-də zərərçəkmiş qismində ifadə vermək üçün məhkəməyə çağırılıb”, – mənbə bildirib.

O həmçinin bildirib ki, Çubays hazırda ölkədən kənardadır.

İş üzrə əsas təqsirləndirilən şəxs Çubaysın keçmiş biznes ortağı İlya Suçkovdur.

Bundan əvvəl Çubays dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Rusiya Federasiyası prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib. O, bu vəzifəyə 2020-ci ildə başlayıb. Mətbuat bundan sonra keçmiş xüsusi nümayəndənin Rusiyanı tərk etdiyini yazıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıq şəkildə bildirib ki, Kreml Çubaysın işdən çıxmasının əsl səbəblərini bilmir.

Bənzər yazılar

Back to top button