Dünya

Pentaqon: Ukrayna Rusiyaya qarşı müharibəni uda bilər

Ukrayna Rusiyaya qarşı müharibəni “birmənalı olaraq” uda bilər, bu barədə çərşənbə günü Pentaqonun nümayəndəsi bildirib. “Əlbəttə, onlar qalib gələ bilər, – deyə Pentaqon nümayəndəsi Con Kirbi bildirib. – Dəlili hər gün şahidi olduğumuz nəticələrdədir… onlar birmənalı olaraq qalib gələ bilərlər”, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.

Kirbi xatırladıb ki, Putin məqsədlərindən heç birinə nail ola bilməyib. “O, Kiyevi ələ keçirə bilməyib, hökuməti devirə bilməyib, Mariupol indiyədək ələ keçirilməyib, o, Kiyev və Çerniqovdan qoşunlarını çıxarmaq məcburiyyətində qalıb. Xarkov və Nikolayev də ələ keçirilməyib”, deyə Kirbi bildirib.

“Ukraynalılar ölkələri uğrunda igidliklə döyüşürlər və onlar Putinin strateji məqsədlərini pozublar. Odur ki, şübhəsiz, onlar qalib gələ bilər”, deyə o qeyd edib.

ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə “ukraynalı tərəfdaşlarının konkret tələbatlarını qiymətləndirmək üçün sıx əməkdaşlığı davam etdirirlər ki, bu yardım onların ən prioritet tələbatlarına cavab versin”.

Xüsusən, ABŞ artıq Ukraynaya 100 ədəd zərbəçi Switchblade dronu verib. Ukrayna hərbiçiləri ABŞ-da bu pilotsuz uçuş aparatlarından istifadə ilə bağlı təlim keçiblər, deyə Kirbi qeyd edib.

Öz növbəsində, müdafiə naziri Lloyd Ostin dünən təsdiq edib ki, Switchblade 300 milyon dollar məbləğində yardım paketi çərçivəsində Ukraynaya göndərilir.

Bənzər yazılar

Back to top button