Cəmiyyət

Azərbaycanın su ehtiyatları daha 15 faiz azala bilər (RƏSMİ)

Son illər bütün dünyada baş verən qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanda da su ehtiyatlarının azalması prosesi yaşanır. Bu fakt sudan daha səmərəli istifadə məsələsini gündəmdə saxlayır. Su qıtlığından fəsadların yaranmaması üçün tədbirlərin görülməsi vacibdir.

Su ilə bağlı Azərbaycanda olan problemlər və onların həlli yolları ilə bağlı Lent.az -ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov cavablandırıb.

O bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə kifayət qədər azdır və Cənubi Qafqazın su ehtiyatlarının cəmi 15 faizini təşkil edir. Onun sözlərinə görə, 2018-ci ildə ölkənin su ehtiyatları mənbələrindən 12,8 milyard kub su götürülüb: “Götürülən suyun 28 fazi itki kimi qeydə alınıb. Əksər rayonlarda kanalların torpaq məcralı olması, daxili suvarma kanallarındakı problemlər su itkisinə yol açır. Qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanın su ehtiyatları yaxın 20 ildə 15 faizə qədər azalıb. Araşdırmalara görə, 2040-cı ilə kimi daha 15 faiz azalması ehtimalı var. Bu vəziyyət isə bizi qabaqlayıcı tədbirlər görməyə çağırır.

Beynəlxalq praktikada ağıllı su idarəçiliyi tətbiq olunur. Suyun təbii mənbələrdən götürülməsindən başlamış, ətraf mühitə qaytarılmasına kimi bütün prosesin qeydiyyatının aparılması təmin olunmalıdır. İtkilərin azaldılması üçün istehlak olunan suyun miqdarından asılı olaraq, səmərəli istifadəni təşviq edən fərqli tariflərin təşkil edilməsi kimi addımlar atıla bilər. Gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təhcizatı qurğularında, məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatı sahələrində müasir texnologiyalardan istifadə olunmalıdır. Bu yanaşmanı içməli suya da aid etməliyik”.

Nazirlik rəsmisi bildirib ki, böyük məsafələrdən Bakı şəhərinə və rayon mərkəzlərinə çatdırılan, yüksək texnologiya vasitəsilə təmizlənən suyun istehsalatda, yaşıllıqların suvarılmasında və avtomobillərin yuyulmasında istifadəsi yolverilməzdir. Onun sözlərinə görə, bu cür faktlar kifayət qədərdir: “İnsanlar dərk etməlidir ki, su ölkəmizə hansı vəsaitlər hesabına başa gəlir. Su itkilərinin azaldılması sudan istifadə edən bütün qurumların prioritet istiqaməti olmalıdır. Suya qənaət olunmalı, təmizlənmiş tullantı sullarından təkrar istifadə olunmalıdır. Su ilə bağlı Azərbaycanın Milli Strateji sənədinin hazırlanmasını vacib hesab edirdik. Ona görə beynəlxalq təcrübədən də istifadə olunmaqla Azərbaycanın Milli Strategiyası hazırlanıb. Bu sənədin əlaqədar qurumlarla razılaşdırma prosesi yekunlaşdırılıb və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacağı gözlənilir. Bu sənəd bizim su ilə bağlı 20-25 ilə olan perspektivlərimzi müəyyən edəcək”.

Bənzər yazılar

Back to top button