HadisəİqtisadiyyatManşetÖnə çıxanlarSiyasət

Kəmaləddin Heydərov Gömrük Komitəsinin sədrini döydürdü – İDDİA

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəzəbinə gəlib.

AzToday.az-a daxil olan məlumatlara görə, Dövlət Gömrük Komitəsi ətrafında baş verən son qalmaqallı proseslərin sonunda Səfər Mehdiyevlə Kəmaləddin Heydərovun yaxın ətrafı arasında gərgin anlar yaşanıb. Məlumatda iddia edilir ki, Heydərova yaxın olan generalların bir-neçəsinin Gömrük Komitəsindən uzaqlaşdırılması “fövqəlnazir”in yaxın ətrafını qəzəbləndirib.  Buna görə komitə sədri ilə haqq-hesab çəkilib. Məlumatlı mənbə iddia edir ki, sözügedən haqq-hesab zamanı tərəflər əlbəyaxa olublar. AzToday.az-a daxil olan məlumatda həmçinin iddia olunur ki, bundan dərhal sonra Səfər Mehdiyev baş verən hadisə ilə bağlı siyasi rəhbərliyi məlumalandırib.

Mənbənin sözlərinə görə, siyasi rəhbərlik Səfər Mehdiyevin şikayəti əsasında “fövqəlnazir” və onun yaxın ətrafı ilə bağlı ciddi tədbirlər planlaşdırır…

Qeyd edək ki, Səfər Mehdiyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Bu təyinatadək Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədrinin I müavini olub. Və fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın kadr hesab olunub. Lakin 6-7 ay əvvəl Səfər Mehdiyevlə Kəmaləddin Heydərov arasında münasibətləri geniş ictimaiyyətə bəlli olmayan səbəblərdən pisləşibmiş. Bu səbəbdən də birinci müavinin Gömrük Komitəsində bütün işlərdən tam təcrid edildiyi də məlumatlarda əksini tapmışdı. Səfər Mehdiyevin Gömrük Komitəsinə sədr təyin edilməsindən sonra vəziyyət Kəmaləddin Heydərovun əleyhinə dəyişməyə başlayır. Hazırda “fövqəlnazir”ə yaxın kadrlar bir-bir zərərsizləşdirilməkdədir. Belə ki, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl “dərman mafiyasına” qarşı keçirdikləri əməliyyatdan dərhal sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının əmisi oğlu Sadiq Abduyev vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Sonuncunun barəsində cinayət işi qaldırıldığı bildirilir.

Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə Kəmaləddin Heydərovun yaxın ətrafı arasında baş verən gərginliklə bağlı daha geniş məlumat verməyə çalışacağıq. Tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

Rövşən Hüseynov

AzToday.az

Bənzər yazılar

Back to top button